Haaqada “Mən sülhə səs verirəm” adlı rəsm sərgisi və musiqili proqram təşkil edilib
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Benelüks Azərbaycanlıları Konqresinin (BAK) nəzdində fəaliyyət göstərən “Körpə Fidanlar” uşaq musiqili teatr qrupu “Mən sülhə səs verirəm” adlı rəsm sərgisi və musiqili proqram təşkil edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov çıxış edərək, Vətənimizin dünyada sülhün və əmin-amanlığın tərəfdarı olduğunu söyləyib.
Azərbaycan səfirliyinin Niderlanddakı konsulu Səbinə Sadıqlı uşaqları bayram münasibətilə təbrik edib.
Tədbirdə çıxış edənlər, eləcə də “Körpə Fidanlar” uşaq musiqili teatr qrupunun rəhbəri S. Cəfərova sülh və əmin-amanlıq içində yaşamağın vacibliyini qeyd edərək, dünyanın bir çox yerlərində uşaqların müharibə şəraitdə yaşadığını və hətta həyatlarını itirdiyini xatırlayıblar.
Tədbirdə uşaqlar milli musiqimizdən, rəqslərimizdən ibarət konsert proqramı ilə çıxış ediblər. Uşaqlar müxtəlif dillərdə “Biz sülh istəyirik!” mesajı ilə beynəlxalq ictimaiyyətə müraciət ediblər.
Sərgidə nümayiş etdirilən dünyada sülhü və əmin-amanlığı təsvir edən rəsmlər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Kiçik rəssamlar sülh mövzusuna diqqətlə və həssas yanaşıblar. Hər bir rəsmdə təkrarolunmaz ideyalar ifadə edilib. Münsiflər heyətinin sədri bu ölkədə yaşayan rəssam Rasim Hüseynov müsabiqənin qalibinin 7 yaşlı Siena Godines - Həsənova olduğunu elan edib.
Müsabiqənin bütün iştirakçıları BAK-ın sədri Elsevər Məmmədov tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar.
Tədbirdə Hollanda Azərbaycan Türk Mədəniyyət Dərnəyinin nəzdində fəaliyyət göstərən “Xarıbülbül” məktəbinin müəllim və şagirdləri, Niderlandda yaşayan kiçik soydaşlarımız iştirak ediblər.
04.06.2024