Bu maraqlıdır!

Tədqiqat: Fillər bir-birini adı ilə çağıra bilirlər

Fillər bir-birini adı ilə çağıra bilirlər. Bunu alimlərin apardıqları son tədqiqatın nəticələri sübut edib.

 

AZƏRTAC “Nature Ecology and Evolution” nəşrinə istinadla xəbər verir ki, illər keçdikcə, fillərin davranışını öyrənən alimlər maraqlı bir hadisəni müşahidə ediblər. Bəzən bir fil başqalarına səs saldıqda, onların hamısı cavab verir. Ancaq eyni fil qrupuna bənzər çağırış etdikdə, bəzi hallarda onlardan birinin reaksiyası olur. Ola bilərmi ki, fillər bir-birinə adla müraciət edirlər? Keniyadakı Afrikanın vəhşi savanna fillərinin iştirak etdiyi yeni bir araşdırma bu fikri təsdiq edib.

 

Tədqiqatçılar Amboseli Milli Parkı və Samburu Milli Qoruğunda 100-dən çox filin səs tellərindən istifadə edərək, insanların danışdıqları zaman yaranan bənzər səsləri təhlil ediblər. Maşın öyrənmə modelindən istifadə edən alimlər konkret bir fili nəzərdə tutan ünvan kimi ada bənzər komponent müəyyən ediblər. Tədqiqatçılar daha sonra 17 filin onlara ünvanlanmış, eləcə də başqa bir filə ünvanlanmış eyni çağırışa necə cavab verəcəklərini yoxlamaq üçün audioyazı səsləndiriblər. Fillər onlara ünvanlanan çağırışlara daha güclü cavab veriblər. Onlar belə bir çağırışı eşidəndə, özlərini daha həvəslə aparmağa, səs mənbəyinə doğru getməyə və daha çox səs çıxarmağa başlayıblar.

 

“Nature Ecology & Evolution” jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifi, Kornell Universitetinin və Kolorado Dövlət Universitetinin ekoloqu Mikki Pardoya görə, tədqiqatın nəticələri fillərin bir-birinə ada bənzər çağırışla müraciət etdiyini göstərir. O əlavə edib: “Şübhəsiz ki, bir-birinə bu şəkildə müraciət etmək üçün fillər xüsusi səsləri müəyyən obyektlə əlaqələndirməyi öyrənməli və daha sonra onun diqqətini cəlb etmək məqsədilə bu səslərdən istifadə etməlidirlər ki, bu da mükəmməl öyrənmə qabiliyyəti və sosial münasibətləri başa düşməyi tələb edir”.