Bu maraqlıdır!

At heykəlləri: Türk irsinin daş artefaktları

Zəngin və çoxşaxəli türk mədəniyyəti Avrasiyanın ən mühüm mədəni irslərindən birini təmsil edir. Buraya köçəri və oturaq xalqlar arasında min illər boyu formalaşmış müxtəlif heyrətamiz adət-ənənələr, incəsənət növləri və biliklər daxildir. Türklərin tarixi təbiətlə dərin bağlılığı olan və azadlıq istəyini əks etdirən əfsanələr, qəhrəmanlıq dastanları və böyük nailiyyətlərlə zəngindir. Möhtəşəm ornamentlərdən və musiqidən tutmuş bənzərsiz sənətkarlıq və memarlıq şedevrlərinə qədər türk mədəniyyətinin hər bir sahəsi onun zənginliyinin və əhəmiyyətinin sübutudur.

 

Bu mədəniyyət elementlərindən biri də At-Daşdır. “Daş atlar” kimi də tanınan bu artefaktlar Mərkəzi Asiyanın çöllərinə səpələnmiş qədim, nadir mədəniyyət və incəsənət abidələridir. Onlar Azərbaycan ərazisində də geniş yayılıb. Bu abidələrin yayılma sahəsi genişdir, onlara Azərbaycanın cənubundan başlayaraq şimal-qərb sərhədlərinə qədər böyük ərazidə rast gəlmək olar. Azərbaycan ərazisində atların daş heykəllərini Naxçıvanın, Qarabağın, Lənkəranın, Abşerona qədər olan Mil çölünün bir sıra kəndlərinin müsəlman qəbiristanlıqlarında görmək mümkündür.

 

At heykəlləri sal daş parçalarından yonulur, onlar ölçülərinə və detallarına görə fərqlənir. Bir çox heyvan heykəlləri isə böyük ölçülərə malikdir. Onlardan bəziləri postament üzərində dayanır. Bu heykəllərin bir hissəsi isə atın anatomiyasını ətraflı təsvir edən realistik üslubda yaradılıb, digərləri mühüm mədəni rəmzləri və naxışları vurğulayan stilizə edilmiş təsvirlərdir. Yazılardan əlavə, bu cür abidələrdə çox vaxt at sahibinin zirehləri, kamanlar, oxlar, qılınclar, qalxanlar və sairə mövcuddur. At şəkli olan bəzi qəbirüstü abidələrdə dəfn edilən şəxsin etnik mənşəyini göstərən tayfa tamqasının təsvirləri də olub.

 

Bu daş heykəllərin tarixi əsrlərin dərinliklərinə gedib çıxır. Qədim zamanlarda yüksək inkişaf etmiş atçılıq bacarığına malik köçəri tayfalar Avrasiyanın geniş ərazilərində hökmranlıq edirdilər. Atlar nəqliyyat vasitəsi və hərbi gücün mühüm elementi olmaqla yanaşı, həm də azadlığı, qüdrəti və təbiətlə əlaqəni simvolizə edən müqəddəs heyvanlar kimi həmin xalqların həyatında əsas rola malik idi.

 

İslamdan əvvəlki dövrlərdə də müxtəlif türk xalqlarının dini həyatında at kultu böyük rol oynayıb. Bakı yaxınlığındakı Qobustan tarixi qoruğunun qayaüstü rəsmləri arasında 10 min ildən çox yaşı olan at təsvirləri aşkar edilib. Digər örnək Gəmiqaya petroqlifləridir (e.ə. IV-I minilliklər, Naxçıvan). Azərbaycanın Cəlilabad rayonunda Xalkolit dövrünə aid yaşayış məskənində və Muğan düzündə aparılan qazıntılar zamanı tapılmış eramızdan əvvəl II minilliyə aid at qalıqları dünyanın ən qədim nümunələrindən hesab olunur. Bu kəşflər Azərbaycanın atların əhliləşdirildiyi ilk bölgələrdən biri olduğunu deməyə əsas verir.

 

Qədim insanların düşüncəsinə görə, ruh bir atda və ya iki atın çəkdiyi arabada axirət dünyasına səyahət edir. Azərbaycanın son tunc və erkən dəmir dövrlərinə aid dəfn abidələri (kurqanlar) arasında tədqiqatçı M.N.Poqrebova insanla birlikdə atın dəfn edilməsi ilə xarakterizə olunan kurqanlar qrupunu təsnif edib. Bu qrupa Gəncə yaxınlığında 11 kurqan, Göygöl yaxınlığında üç kurqan, Mingəçevirdə beş kurqan, Xankəndidə bir neçə kurqan, həmçinin Xocalıda bir kurqan daxildir. Demək olar ki, bütün kurqanlarda at qalıqları, zinət əşyaları və araba hissələri aşkar edilib ki, bu da onların dəfn mərasimlərində istifadə olunduğunu göstərir. Onu da qeyd edək ki, Mingəçevirdən at formasında keramik qab, Xınıslıdan qab (e.ə. I minillik), I Kültəpənin erkən tunc dövrünə aid təbəqəsindən iki gildən at heykəlcikləri, erkən tunc dövrünə aid I Maxta yaşayış məskənindən (Naxçıvan) 1 ədəd gildən at heykəlciyi aşkar edilib.

 

At obrazı ölülərin ruhu üçün bələdçi rolunu oynayıb və onu qurban vermək başqa aləmlə ünsiyyət yaratmaq yollarından biri sayıla bilərdi. Türk dünyasında çox uzun müddət geniş yayılmış at qurbanı ənənəsini də qeyd etmək lazımdır. Onlar erkən dövrdə öldürülüb qəbrə qoyulurdu. Bunu ərəb səyyahı İbn Fədlan qeyd edib. Onun özü də bu ayinin şahidi olub və qurban verilməsini belə adlandırıb: “Bunlar onun cənnətdə minəcəyi atlardır”. Alim N.İ.Rzayev qeyd edir ki, bu adət mal-qaranın bol olduğu dövrdə daha aktual olub. Lakin sonralar, xüsusən XV-XVI əsrlərdən başlayaraq çoxsaylı müharibələr və mal-qaranın sayının azalması səbəbindən diri atlar daş heykəllərlə əvəz olunmağa başladı.

 

Qeyd etmək lazımdır ki, ruhların daşıyıcısı kimi at obrazı orta əsrlər Azərbaycanının dini tikililərin günbəzlərinə və məzar daşlarına talisman kimi at quyruğu bağlamaq ənənəsində də özünü göstərib.

 

At maldarlıqla məşğul olan əhalinin də əsas nəqliyyat vasitəsi olub. Bu heyvan ov zamanı və döyüş meydanında da əvəzolunmaz idi. Belə ki, məsələn, qədim oğuz dastanı “Dədə Qorqud”da at igidin ən qiymətli sərvəti kimi tərənnüm edilir. Orta əsrlərə aid başqa bir dastan - “Koroğlu”da isə ən çətin vəziyyətlərdə sahibinə kömək edən Qıratın gözəl obrazı yaradılıb. Azərbaycan atalar sözləri və məsəllərində də atın adı tez-tez çəkilir: “At yerişindən, qəhrəman duruşundan tanınır”, “İgid odur atdan düşüb atlana” və sairə.

 

Daha bir maraqlı fakt ondan ibarətdir ki, məşhur inanca görə, atın kəlləsi sehrli xüsusiyyətlərə malikdir, at heykəlcikləri, həmçinin xəstəliklərdən, pis ruhlardan qorunmaq üçün amulet kimi istifadə olunurdu. Azərbaycanın qədim sakinləri arasında təsviri rəmzlərin funksionallığı onların şər güclərdən qorunmaq, xeyirxah qüvvələri cəlb etmək məqsədi ilə istifadəsində ifadə olunurdu. Köçərilər arasında at rəmzinin əhəmiyyətinin böyüdülməsi İslamı qəbul etdikdən sonra da davam edib. Bu qədim kult məzar daşlarının at şəklində geniş yayılmasına səbəb olub.

 

Daş fiqurlar xalq arasında “Oğuz qəbirləri” də adlanır və onların kifayət qədər qədim tarixi var. Azərbaycandakı daş heykəllər arasında kəmiyyət və təfsir orijinallığına görə at təsviri olan qədim abidələr aparıcı yer tutur. Əsasən, bu abidələr XIII əsrdən XIX əsrin əvvəllərinə qədər olan dövrə aiddir.

 

2012-ci ilin oktyabrında Tovuz rayonunun Aşağı Ayıblı kəndindən XII-XIII əsrlərə aid at və qoç daş heykəli Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası tərəfindən bu təşkilata hədiyyə edilib.

 

At-Daşın müasir dövrdə yeni texnoloji imkanlarla tədqiqatları davam edir, onların tarixi və mədəni əhəmiyyətinin yeni aspektləri üzə çıxarılır. Bu tədqiqatlar bizə qədim köçərilərin həyat və inanclarını, həmçinin onların sonrakı mədəniyyət və sivilizasiyalara təsirini daha yaxşı anlamağa kömək edir. Bu gün At-Daş mühüm tarix və mədəniyyət abidəsidir, dünyanın hər yerindən turistləri və tədqiqatçıları cəlb edir. Bu daş heykəllər ölkəmizin zəngin və rəngarəng tarixindən xəbər verməklə yanaşı, həm də insanın təbiətlə sıx vəhdətini, onun həyatının mühüm məqamlarını daş üzərində əbədiləşdirmək istəyini xatırladır. At-Daş öz gözəlliyi və əhəmiyyəti ilə bizi ruhlandıran və təəccübləndirməyə davam edən daş heykəllərdir. Onlar insan və təbiət, keçmiş və müasir dövr arasında əbədi əlaqənin rəmzidir. Bu abidələr əcdadlarımızın irsini əks etdirərək, həm də özümüz haqqında nə qədər çox bilik əldə edə biləcəyimizi xatırladır.