Azərbaycan dirijoru, professor, Azərbaycan SSR xalq artisti Kamal Canbaxış oğlu Abdullayev 1927-ci ildə Bakıda anadan olmuşdur. O, dövlət xadimi Canbaxış Abdullayevin oğlu, dirijor Rauf Abdullayevin və qoboyçu Azər Abdullayevin qardaşıdır.
Əslən Qubadlının Qarağac kəndindən olan K. Abdullayev 1945-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə bitirmişdir. 1948-ci ildə ali musiqi məktəbini- Azərbaycan Dövlət Konservatoriyasını müvəffəqiyyətlə başa vurur.
1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışan K.Abdullayev Q.Qarayevin "Yeddi gözəl" və S.Hacıbəyovun "Gülşən" baletlərində, C.Cahangirovun "Azad" operasında dirijor kimi məharətlə çıxış etmişdir.
1962-ci ildə Kamal Abdullayev Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Dövlət Musiqili Teatrına dəvət olunur. Keçmiş Sovet İttifaqında öz yaradıcı səviyyəsinə görə üçüncü yerdə olan bu teatrda 8 il baş dirijor vəzifəsində çalışır. 1991-ci ildə SSRİ-də ilk dəfə onun rəhbərliyi altında Moskva Konservatoriyasının Böyük zalında S.Prokofyevin "Yevgeni Onegin" tamaşasına musiqisi ifa olunmuş və 2 plastinkadan ibarət albom buraxılmışdır.
Türkiyədə də çalışan K.Abdullayev Ankara Opera və Balet Teatrında ilk dəfə P.Çaykovskinin "Qu gölü", L.Minkusun "Don Kixot" və s. baletlərin tamaşaya qoyulmasını həyata keçirmişdir.
Kamal Abdullayev 1997-ci il dekabrın 5-də Moskvada vəfat etmişdir.
02.07.2024