Əzizağa Qasımov
Görkəmli teatr və kino aktyoru, Əməkdar artist, uzun illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışmış Əzizağa (Ağababa) Qasım oğlu Qasımov 1928-ci il iyulun 5-də Bakı şəhərində anadan olub. Əsl adı Ağababa olsa da, oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb. 1936-cı ildə Bakı şəhəri 19 nömrəli məktəbin birinci sinfinə gedib. Yeddinci sinfi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləyib, həmçinin 4 saylı sənət məktəbində oxuyub. 1946-cı ildə Bakı Teatr məktəbinə daxil olub. Ancaq Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) açılması ilə əlaqədar olaraq 1948-ci ildə Teatr məktəbi bağlanıb. Əzizağa Qasımov Yüngül Sənaye Texnikumuna daxil olub və oranı 1951-ci ildə bitirib. Tələbə ola-ola Akademik Teatrın yardım heyətində çıxış edib, Xalq artisti, bəstəkar Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib.
Oxumağa böyük həvəs göstərən Əzizağa Qasımov Bakı Sənaye-Pedaqoji Texnikumunu bitirdikdən sonra sənədlərini Bakı Musiqi Məktəbinin vokal şöbəsinə verib. Müsabiqədən və imtahanlardan uğurla keçib. Buranı uğurla başa vuraraq 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) qəbul olunub. 1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) müəyyən fasilədən sonra yenidən fəaliyyətə başlayanda kollektivin bədii rəhbəri Şəmsi Bədəlbəyli truppaya gənc vokalistləri dəvət edib. İkinci kursda oxuyan Əzizağa Qasımov teatrın aktyor truppasına solist dəvət olunub və ömrünün sonuna kimi bu kollektivlə çalışıb. O, uzun illər bu teatrda həm mürəkkəb partiyaları oxuyub, həm də xarakterik rollar ifa edib.
Əzizağa Qasımov teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. “Azərbaycanfilm”in istehsalı olan “Ulduz” (Əliş), “Musiqi müəllimi” (Coğrafiya müəllimi), “Qaraca qız” (Bəy) ekran əsərlərində kiçik rollarda çıxış edib.
1982-ci ildə Əməkdar artisti fəxri adına layiq görülən sənətkar 1985-ci il fevralın 18-də Bakıda vəfat edib.
05.07.2024