Xəbərlər

Uşaq yazıçısı Gülzar İbrahimovanın yeni kitabının təqdimatı keçirilib

Beynəlxalq Muğam Mərkəzində Norveçin Oslo şəhərindəki Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə tanınmış uşaq yazıçısı, şair M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimovanın "Trolların sirri" nağıl kitabının təqdimatı keçirilib.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sözügedən nağıl Skandinaviya xalqlarının nağıl qəhrəmanları trollara həsr edilib.

 

Tədbiri N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva açaraq "Trolların sirri” nağılının Gülzar İbrahimova ilə həftəsonu məktəbinin sıx əməkdaşlığı əsasında yarandığını bildirib.

 

“Trolların sirri" nağılının yaranmasından danışan G.İbrahimova nağılın bir il müddətinə ərsəyə gəldiyini bildirib.

 

Tədbirdə uşaq yazıçısı, “Ağıllı bala” nəşriyyatının rəhbəri Fatimə Alxas, tarix elmləri doktoru, professor Şahin Fazil, şairlərdən Gülayə Şınıxlı, Fəxrəddin Meydanlı, Zaur Ustac və başqaları “Trolların sirri” nağılı haqqında fikirlərini bildirərək, G.İbrahimovaya yaradıcılıq uğurları arzulayıblar.

 

Bədii hissədə musiqi nömrələri ifa olunub, rəqslər təqdim edilib.

 

Tədbirin sonunda Osloda N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri sözləri Gülzar İbrahimovaya, musiqisi Elşən Nicata məxsus "Ana dilim" və "Sağ ol, ey Vətən!" mahnılarını ifa ediblər.

 

Tədbirdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və çoxsaylı oxucuları, rus icmasının nümayəndələri, uşaqlar və valideynlər, kitabsevərlər iştirak ediblər.