Cəvahir Tanrıverdi. Kəpənək Və Xallı Böcək
Bir gün böcək gül üstündə
İki sarı qanad gördü.
Elə bildi, bu, qanad yox,
Gül üstündə sarı güldür.
Böcək düşündü ki, yəqin
Çiçəkdə də qanad olur.
İstədiyi vaxt dayanır,
İstəyəndə qanadlanır.
Kəpənək baxdı ki, böcək
Ondan çəkmir gözlərini.
Dedi : “Nə var, xallı böcək?
Dilə gətir sözlərini”.
Böcək dilləndi: “Bilmirdim
Güllərin danışdığını”.
“Mən gül deyil, Kəpənəyəm,
Bil kimlə danışdığını.
Qanadlarım al-əlvandır,
Güllərdən də gözələm mən.
Otlar, çəmənlər oylağım,
Çiçək-çiçək gəzərəm mən.
Heç kəs mənə çata bilməz,
Bu dünyanı bəzərəm mən.
Göydə süzən quşlardan da
Daha gözəl süzərəm mən”.
Çox lovğalandı kəpənək,
Çox təriflədi özünü.
Nəhayət ki, təriflərdən
Bitirə bildi sözünü.
Böcək dedi: “Mən səni kaş
Bir sadə çiçək biləydim.
Gözəlliyin sözlərinlə
Necə öldü, bir görəydin.
Kaş adi qara bir böcək,
Kaş lap eybəcər olaydın.
Kaş sadə xasiyyətinlə
Mənə bir həmdəm olaydın”.
Kəpənəyin lovğalığı
Böcəyin qəlbini qırdı.
Qanadlanıb xallı böcək
Kəpənəkdən uzaqlaşdı.
Kəpənək çox peşman oldu
Söylədiyi hər bir sözə.
Uçdu böcəyin dalınca,
İstəmədi könül üzə.
Böcəkdən üzr istədi,
Danışdılar, barışdılar.
Qanadlanıb göy çəməndə
Gül-çiçəyə qarışdılar.