Xəbərlər

Gələn həftə məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına başlanılacaq

İyulun 16-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına başlanılacaq.

 

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, iyulun 19-u uşaqların təhsil müəssisələrinə növbəyə yazılma prosesi regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası üzrə, iyulun 26-sı isə Bakı şəhəri üzrə başlayacaq: “Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra bu il sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. Mayın 16-dan etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər”.