Mədəni irsimiz

Naxçıvan xalçaları

Qarabağ xalçaçılıq məktəbinə aid olan "Naxçıvan xalçaları", başlıca olaraq, Naxçıvanın bütün xalçaçılıq məntəqələrində və o cümlədən, Şahbuzda, Kolanıda, Şərurda, habelə Culfa və Ordubadda istehsal olunur. Naxçıvan şəhəri - Azərbaycanın qədim şəhərlərindən biridir. O, Araz çayı boyunca Azərbaycanın cənubunda və İran Azərbaycanının şimalında yerləşir. Hələ IX-X əsrlərdə bu şəhər öz xalça və zililəri ilə məşhur idi, X-XII əsrlərdə isə, o,artıq bədii metal qablar istehsalının mərkəzi idi. Naxçıvanın xalçaçılıq məntəqələrində toxunan "Naxçıvan xalçaları" müxtəlif naxışlı xalçalardır və onlar birlikdə "Naxçıvan xalçaları" adını almışlar.

 

"Naxçıvan xalçaları" bədii və texnoloji xüsusiyyətlərinə görə,onları iki qrupa bölmək olar.

 

Birinci qrupa müxtəlif dövrlərdə Naxçıvan ustaları tərəfindən yaradılan həndəsi naxışları olan xalçalar daxildir. Əsrlər boyunca onlar bədii nöqteyi-nəzərdən mükəmməlləşmiş, onların çalarları daha da gözəlləşmişdir. Onların təsviri çox orijinaldır. Orta sahə zərif zolaqlardan - mədaxildən ibarətdir ki, bu da orta əsrlərin kətan parçalarını xatırladır. Fərz etmək olar ki, bu xalçalar vaxtilə Naxçıvanda istehsal olunan parçaların naxışlarından iqtibas etmişdir. Qeyd edilməlidir ki, zolaq naxışları qədim zamanlardan Naxçıvan incəsənəti üçün səciyyəvidir. X əsrdə Naxçıvanda çox məşhur olan tesmalar istehsal olunurdu. Onun bədii quruluşunu zolaqlar təşkil edirdi.

 

"Naxçıvan xalçaları"nın ikinci qrupuna XVII-XVIII əsrlərdə toxunan böyük xalılar daxildir. Belə xalıların bir neçəsi İstanbulda "Türk və İslam əsərləri muzeyi"ndə saxlanılır. Bu xalçalar xalçaçılıq texnikasını çox yaxşı bilən peşəkar rəssamların eskizləri əsasında XIV-XVI əsrlərdə toxunmuşdur. Əsas istehsal mərkəzləri Naxçıvan, Bərdə, daha sonralar isə Şuşa şəhəri olmuşdur. Burada toxunulan zərif və qəşəng “Naxçıvan” xalçası Yaxın Şərq və Avropa ölkələrində qiymətləndirilirdi. Bu xalça texniki və bədii xüsusiyyətlərinə görə Qarabağ xalçaları ilə uyğun olduğu üçün həmin xalça növü tədqiqatçılar tərəfindən “Qarabağ qrupuna” daxil edilir. Naxçıvan xalça ustaları tərəfindən toxunulmuş bəzi xalçalar Təbriz çeşnəli hesab olunur. Qeyd etmək olar ki, Naxçıvan xalçalarının toxunuşunda iki məktəbin dəsti xətti var - Qarabağ və Təbriz. Görünür ki,Naxçıvan bu iki bölgənin mərkəzində yerləşdiyi üçün hər iki bölgənin burada toxunmuş xalça nümunələrinə güclü təsiri olmuşdur.

 

"Qarabağ xalçaları" biblioqrafiyası