Bu maraqlıdır!

Mətbuatda göyqurşağı

Uşaqlar xalqın, millətin sabahıdır. Bu məqsədlə ziyalılarımız uşaq mətbuatı yaratmaq üçün çox çalışırdılar. Onlar düşünürdülər ki, uşaq mətbuatını yaratmaqla uşaq ədəbiyyatının inkişafı da sürətlənəcək. Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Əliisgəndər Cəfərzadə, Məhəmmədhəsən Əfəndizadə kimi mətbuatın tərəqqisi üçün çalışanlar müəyyən vaxtlarda dəfələrlə hökumətə yeni uşaq jurnalı yaradılmasını təklif edirdilər. N.Nərimanov "Məktəb", S.M.Qənizadə isə dostu Həbib bəy Mahmudbəyovla birgə "Nübar" uşaq jurnallarının yaradılmasını təklif etdilər. Lakin çar senzurası təklifləri rədd etdi.


Göstərilən səylər 1905-ci il inqilabından sonra öz bəhrəsini verdi. Nəhayət, 1906-cı il 16 aprel tarixində "Dəbistan"; jurnalı yaradıldı. Bununla da Azərbaycanda uşaq mətbuatının əsası qoyuldu. Bu xəbər elm adamları üçün sanki bayram oldu. Böyük təntənə ilə qarşıladılar. Jurnalın redaktorları Əliisgəndər Cəfərzadə və Məhəmmədhəsən Əfəndizadə idi. Jurnal Bakıda H.Z.Tağıyevin "Kaspi"; mətbəəsində çap olunurdu.


"Dəbistan"; jurnalında uşaqların diqqətini cəlb etmək üçün bir sıra bölmələr yer alırdı:
1. Lətifə, əyləncə, tapmacalar;
2. Oyunlar
3. Milli və əcnəbi dillərdən tərcümə olunan hekayə və nağıllar;
4. Azərbaycan, fars, rus ədəbiyyatı.


Bölmələr uşaqların dünyagörüşünün artırılmasına, asudə vaxtlarının səmərəli istifadə olunmasına xidmət edirdi.
"Valideynə məxsus vərəqə"; də çap olunurdu. Burda ev tərbiyəsindən söz açılırdı. Vərəqə valideynlərə kömək məqsədi ilə yaradılmışdı.


Təəssüf ki, maddi sıxıntılar səbəbindən jurnal bağlandı. C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə jurnalın fəaliyyət göstərməsi üçün mətbuat vasitəsi ilə dəfələrlə xalqa müraciət etdilər. Lakin heç bir fayda olmadı. M.Ə.Sabir də "Qapandı" şeirini "Dəbistan"  jurnalının bağlanmasına həsr etmişdi.


"Dəbistan" jurnalı adını Azərbaycan mətbuatına qızıl hərflərlə yazdı. Ondan sonra fəaliyyət göstərəcək mətbuat orqanları üçün işıqlı yol açdı.


"Məktəb" jurnalı "Dəbistan"ın layiqli davamçılarındandır. "Məktəb" jurnalı (1911-1925) Qafur Rəşad Mirzəzadə, Əliisgəndər Cəfərzadə tərəfindən çap olunurdu. Jurnal cəhalət, savadsızlığın hökm sürdüyü dövrdə fəaliyyət göstərirdi. Məqsədi xalqın gələcəyi olan uşaqları maarifləndirmək idi. Çap olunduğu illərdə dərs vəsaitləri çətin tapıldığı üçün jurnal əsas vəsait rolunu da oynayırdı. Jurnalda "Atalar sözü", "Məsəllər", "Tapmacalar", "Lətifələr" və s. kimi maraqlı rubrikalar fəaliyyət göstərirdi. "Yazı dərsi" də əyləncəli rubrikalardan idi. Bu rubrikanın özəlliyi o idi ki, uşaqların inşa yazmaq qabiliyyətini inkişaf etdirirdi. Hətta uşaqları daha çox həvəsləndirmək üçün onların mükafatlandırılacağı və adlarının jurnalda yazılacağı da qeyd olunmuşdu.


Jurnal mövzu zənginliyi ilə seçilirdi. Lakin jurnalın daimi çap olunmasında bəzi problemlər yaranırdı. Bu səbəbdən nömrələrin gecikdirilməsi ilə əlaqədar elanlar dərc olunurdu. Ölkədə cərəyan edən siyasi problemlər, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı "Məktəb" jurnalının bağlanmasının səbəblərindəndir. Qafur Rəşad Mirzəzadə 1920-ci ilin fevral ayında jurnalı yenidən dərc etdirsə də, siyasi proseslər yenə də mane oldu.
Beləliklə, "Məktəb" jurnalının fəaliyyətinə birdəfəlik son qoyuldu.


"Qırmızı günəş", "Azərbaycan pioneri", "Göyərçin" kimi mətbu orqanları Sovet dövründə müəyyən çətinliklərlə çap olunsalar da, hər zaman qayələri, məqsədləri bir oldu. Gələcəyimizin daha da parlaq olması üçün uşaqların maariflənməsi başlıca şərt idi.


1991-ci ildə Azərbaycan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan etdi.


Bütün sahələrdə, eləcə də mətbuatda yeni dövr başlamış oldu. Müstəqillik dövründə işıq üzü görən "Bala dili", "Təbəssüm", "Günəş", "Göy qurşağı", "Nəvə", "Tumurcuq", "Sehirli dünya", "Qönçə" mətbu orqanları balaca dostlarının üzünü yenidən güldürdülər.


İstər uşaq mətbuatının əsasının qoyulduğu ilk gündən, istər Sovet dövründə, istərsə də Müstəqillik dövründə dərc olunan qəzet və jurnallarda uşaqlara Vətən sevgisi, vətənpərvərlik mövzusu təbliğ olunurdu. Uşaqların savadlılıq bacarıqlarını artırmağa, onların yazı qabiliyyətini, qrammatikanı düzgün mənimsəmələrinə xidmət edirdi. Çünki Azərbaycan ziyalıları, qələm adamları bilirdilər ki, bu gün uşaqların savadlı olması, maariflənməsi xalqımızın sabahlarının güvənli əllərdə olması deməkdir.


Aysel Mübarizqızı. BDU Jurnalistika fakültəsinin tələbəsi