Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sirkə ekskursiya təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı və “Circus Sea Breeze”in dəstəyi ilə həssas kateqoriyadan olan bir qrup uşağın Bakı Dövlət Sirkinə ekskursiyası təşkil edilib.
Ekskursiyaya Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrinin azyaşlı sakinləri cəlb olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, xüsusi qayğıya ehtiyacı olan 30-a yaxın uşağın iştirak etdiyi tədbirdə peşəkar akrobatlar, janqlyorlar, sehrbazlar, eləcə də ekvilibristlərin çıxışları uşaqların marağına və sevincinə səbəb olub.
Xoş təəssüratlarla yadda qalan səfərin məqsədi həssas kateqoriyadan olan şəxslərin sosial reabilitasiyasına dəstək olmaqla onların cəmiyyətə inteqrasiyasına töhfə verməkdir.
23.07.2024