Şeirlər

İsa İsmayılzadə. Gedim anamdan sorusum

— Sənin adın nədi, qızım?
— Selcan!..
— Ay can, ay can,
Gör nə yaxşı adın var.
Sel qanadlı,
Yel qanadlı...
— Bəs atanın adı nədi?
— Ata!..
— Adını soruşuram—
Sən Selcansan, onun adı
Onun da öz adı var.
— Dedim, adı atadı.
— Bəs nənənin adı nədi?
— Onun adı nənədi.
— Bəs qardaşının adı?
Velosipedi, «atı»
hara gəldi çapır hey.
Deyəcəksən qaqaşdı.
Bəs bacının adı nədi?
— Bacı...
— Bilmirsən, bilmirsən...
Görürsənmi, bu ağacı,
Bu çiçəyi, bu otu?—
hərəsinin öz adı var,
Öz adı.
— Gedim, anamdan soruşum,
Gedim, atamdan soruşum,
Qardaşımdan,
Bacımdan,
Gedim, hamıdan soruşum...

— Bu ağacın adı nədi,
Ay əmi?
— Çinardı, çinar.
Sənin kimi körpədi,
Əl vursan sınar.
— Bəs onun adı?
— Onun adını bilmirəm.
— Aha, sən də bilmirsən—
Olmadı, olmadı!
Bəs bu çiçəyin adı?
— Lap dilimin ucundadı,
Heyf, yadımdan çıxıb.
— Bəs bu maşının adı?
Bəs bu dəcəl quşun adı?
Bəs bu təkərin adı?
Bəs bu çəpərin adı?
— Nə çox sual verirsən,
Yox, olmadı, olmadı.
— Ay əmi, bəs deyirdin
Hərəsinin öz adı var,
Öz adı?
Aha, sən də bilmirsən—
Adlarını demirsən.
Gedim ağacdan soruşum,
Gedim, çiçəkdən soruşum,
Gedim, küləkdən soruşum,
Gedim, maşından soruşum,
Gedim, təkərdən soruşum,
Gedim, çəpərdən soruşum,
Desin adı nədi, nə—
Gəlib deyərəm sənə...