Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXXIII fəsil

Mən kiçik bir araba ilə şəhərə yollandım; gəlib yolun yarısına çatanda gördüm kim isə mənə tərəf gəlir; baxıb gördüm ki, doğnıdan da Tom Soyycrdir! Mən dayanıb onun yaxınlaşmasını gözlədim. O gəlib mənə çatdıqda: "Dayan" deyə qışqırdım. O dayandı, ağzını açıb eləcə də durdu, sonra elə bil ki, boğazı quruyubmuş kimi iki-üç dəfə udqundu və nəhayət dedi: 


- Mən sənə heç bir pislik eləməmişəm. Özün bilirsən. Bəs nə üçün o biri dünyadan gəlib qabağımı kəsdirmisən? Məndən nə İstəyirsən? 
- Mən o biri dünyadan gəlməmişəm, - deyə dilləndim, - mən heç də ölməmişəm. 
O mənim səsimi eşidib bir qədər özünə gəldi, lakin yenə də bir o qədər sakit ola bilməyib dedi: 
- Mənə əl dəymə, mən ki sənə heç bir şey eləməmişam. Əgər doğrudan da o biri dünyadan gəlmisənsə, onda hindli andı iç. 
- Hindli andı içirəm ki, mən o biri dünyadan gəlməmişəm, - deyə dilləndim. 
- Onda yaxşı... mən əlbəttəki... əgər belədirsə, onda sözüm yoxdur. Ancaq mən yenə heç bir şey başa düşmürəm, heç bir şey! Axı necə olub... Məgər səni öldürməmişdilər? 

- Məni öldürmək heç bir kəsin ağlına belə gəlməyib, bunların hamısını mən özüm düzəltmişəm. Əgər inanmırsansa, yaxın gəl, əlini mənə toxundur. 

 

O əlini mənə toxundurub sakitləşdi və məni görməyinə elə şad oldu ki, sevindiyindən bilmədi nə etsin. O, elə buradaca hər şeyi əvvəlindən axıracan öyrənmək istədi, çünki bu əsl macəra, həm də sirli bir macəra idi; bu onu yaman maraqlandırmışdı. Lakin mən dedim ki, hələ bunun vaxtı deyil, onun arabaçısına buyurdum ki, bir qədər dayanıb bizi gözləsin; sonra biz mənim arabamda bir qədər o yana getdik, mən necə oyuna düşdüyümü Toma nağıl etdim və ondan soruşdum ki, onun fikrincə, indi biz nə etməliyik. O dedi ki, bir dəqiqəliyə onu sakit buraxım, danışdırmayım. Tom xeyli fikirləşdikdən sonra birdənbirə dedi: 

 

- Hər şey öz qaydasındadır. Fikirləşib tapmışam. Mənim sandıqçamı götürüb öz arabana qoy və deginən ki, bu sənindir; arabanı geri döndərib yavaş-yavaş sür ki, evə tez çatmayasan, mən isə şəhərə dönüb bütün yolu təzədən gələrəm ki, səndən yarım saat sonra gəlim çıxım; amma bura bax, sən məni tanıdığını əvvəlcə qətiyyən büruzə verməzsən, bildin? 

- Yaxşı, - deyə mən cavab verdim, - ancaq bir dəqiqə dayan. Bir iş də var, bunu məndən başqa heç kim bilmir; mən burada bir zəncini oğurlayıb köləlikdən qurtarmaq fikrindəyəm, bu zəncinin adı isə Cimdir - qoca miss Uotsonun Cimi. 
Tom dedi: 
- Necə yəni Cim ki... Sonra o, susub fikrə getdi. Mən ona dedim: 
- Nə demək istədiyini bilirəm. Sən deyəcəksən ki, bu alçaqlıqdır, lap əclaflıqdır. Eybi yoxdur, qoy mən əclaf olum, ancaq onu oğurlayacağam, sən sus, məni ələ vermə. Razısanmı, yoxsa yox? Tomun gözləri parıldadı, o dedi: 

- Onu oğurlamaqda mən özüm sənə kömək elərəm! 

 

Məni elə bü ki, güllə ilə vurdular. Mən belə bir sözü ömrümdə ilk dəfə idi ki, eşidirdim və sizə deməliyəm ki, Tom Soyyer gözümdən düşdü, bundan sonra ona olan hörmətim qat-qat azaldı. Ancaq man heç cür inana bilmirdim ki, Tom Soyyer ola, özü də zənci uğurlaya! 

- Gör nə böyük yalan danışır, - dedim. 

- Zarafata qoymusan, nədir? 


- Qətiyyən yox. 
- Yaxşı, - dedim, - zarafat edirsən, ya yox - öz işindir, ancaq əgər qaçqın zənci haqqında söz düşsə, yadında saxla ki, onun barəsində heç bir şey bilmirsən, mən də heç bir şey bilmirəm. Sonra biz sandığı götürüb mənim arabama qoyduq. Tom bir tərəfə, mən də o biri tərəfə yollandım. Ancaq mən sevindiyimdən və başıma gələn müxtəlif fikirlərdən aramaram getməyi yaddan çıxartdım və evə vaxtından xeyli tez qayıdıb gəldim. Qoca artırmaya çıxıb dedi: 

 

- Bu lap təəccüblüdür! Kimin ağlına gələrdi ki, mənim madyanım buna qadirdir. Gərək vaxtı qeyd edəydik. Özü də qətiyyən tərləməyib! Qəribədir! İndi mən onu, məssəb haqqı, heç yüz dollara da vermərəm. Amma on beş dollara satmaq istəyirdim, elə bilirdim ki, bundan baha getməz. 

 

O daha bir söz demədi. Qoca çox təmiz qəlbli, həm də olduqca mehriban bir adam idi. Bu heç də təəccüblü deyildir, axı o, təkcə fermer deyil, həm də vaiz idi; plantasiyanın arxasında onun tirlərdən düzəldilmiş kiçik bir kilsəsi var idi (o bu kilsəni öz hesabına tikdirmişdi), kilsə də, məktəb də bir yerdə idi, özü də havayı vəz edirdi, bundan ötrü heç bir şey almırdı; düzünü desək, almağına dəyməzdi də. Cənubda bu cür fermer-vaizlər çoxdur və onların hamısı havayı vəz edirlər. 

 

Yarım saat, ya da buna yaxın vaxt keçəndən sonra Tom araba ilə barının yanına gəldi; Salli xala onu pəncərədən gördü; çünki barı cəmisi əlli addım o yanda idi; Salli xala dedi: 

 

- Bir baxın, yenə kim isə gəldi! Görəsən bu kimdir? Məncə özgə adamdır... Cimmi (uşaqlardan birinin adı belə idi), yüyür Lizaya de ki, stolun üstünə daha bir nimçə qoysun! 
Hamı başı lovlu qapıya tərəf qaçdı; bəs necə - axı özgə adam hər il gəlmir, gələndə isə elə mərəkəyə səbəb olur ki, gəl görəsən. Tom tir parçalarının üstü ilə barıdan aşaraq evə tərəf gəldi; araba yol ilə geriyə, şəhərə getdi, biz isə qapının ağzına doluşduq. Tomun əynində təzə kostyum var idi; onu dinləməyə hazır olan bu qədər adamı görmək Tom üçün hər şeydən qiymətli idi, ona bundan artıq bir şey lazmı deyildi. O belə hallarda fors etməyi çox sevirdi, özü də bunun ustası idi. O elə uşaqlardan deyildi ki, qoyun kimi həyətin ortasında ayaq döyəydi, yox, o, təkə kimi vüqarla və sakit addımlarla bizə san gəlirdi. Gəlib çatdıqda dəbdəbə ilə, tələsmədən şlyapasını elə çıxartdı ki, guya bu, içərisində kəpənəklər olan bir qutunun qapağı idi və o, kəpənəklərin uçacağından qorxurdu. Tom dedi: 

- Əgər səhv ctmirəmsə, mister Arçibald Nikols gərək ki, burada yaşayır? - Yox, oğlum, - deyə qoca kişi cavab verdi, - arabaçı, təəssüf ki, sizi aldadıb. Nikolsun malikanəsinə buradan azı üç mil yol qalır. İçəri keçin, içəri keçin! Tom boylanıb çiyni üstündən baxaraq: 

- Çox gecdir, - dedi, - o daha görünmür. 

- Bəli, oğlum, o artıq gedib, siz içəri girin, bizimlə nahar edin; sonar biz atları qoşarıq və sizi Nikols gilə apararıq. 

- Axı necə ola bilər ki, sizi bu qədər incidim. Yaxşısı budur, ayaqla gedərəm, mənim üçün üç mil heç bir şeydir. 

- Yox, biz sizi getməyə qoymarıq, heç belə qonaqpərəstlik olar, özü də cənubluların qonaqpərəstliyi! İçəri keçin, qurtardı getdi. 

- Buyurun, buyurun, - deyə Salli xala dilləndi, - bizim üçün heç bir çətinliyi yoxdur. Mütləq bizdə qalın. Yol çox uzundur, həm də tozludur, yox, biz sizi ayaqla getməyə qoymarıq! Mən sizi görən kimi dedim ki, sizin üçün süfrəyə nimçə qoysunlar. İçəri keçin və elə bilin ki, lap öz evinizdəsiniz. 

Tom onlara ən gözəl sözlərlə təşəkkür edib, nəhayət, razılaşıb içəriyə keçdi; evə daxil olan kimi bildirdi ki, Xiksvilldən, Oqayo ştatından gəlmişdir, adı da Vilyam Tomsondur. Bu sözlərdən sonra bir daha hamıya baş endirdi. 

Tom o ki var çərənçilik edir, ağlına gələni söyləyirdi, o, Xiksvill haqqında, oranın bütün sakinləri barədə danışırdı; mən isə yavaş-yavaş narahat olmağa başlayırdım; fikirləşirdim ki, görəsən bütün bunlar mənim bu vəziyyətdən çıxmağıma necə kömək edəcəkdir! Tom isə danışa-danışa, birdən durub Salli xalanın lap ağzından öpdü. Sonra isə yenə öz yerində əyləşib sözünə davam etdi. Salli xala oturduğu kreslodan sıçradı, ağzını əliylə silib dedi:
- Ay səni, azğın küçük! Tom özünü inciyən kimi göstərib dedi: 

 

- Xanım, siz məni təəccübləndirirsiniz! 

- Bir buna baxın, mən onu təəccübləndirirəm! Sən məni nə hesab edirsən? İndi bu saat durub... bir de görüm məni öpmək haradan ağlına gəldi? Tom təəccüb edərək dedi: 
- Heç yerdən ağlıma gəlməyib, ela belə öpmüşəm. Mən sizi özümdən incik salmaq istəmədim. Mən... mən elə düşünürdüm ki, bəlkə, sizing xoşunuza gələr. 
- Yox, bu nə isə gicin, sarsağın biridir! 
- Salli xala belə deyib, iyi əlinə götürdü, elə bil ki, özünü saxlaya bilməyib bu saat onu Tomun başına vuracaqdı. 

 

- Sən hardan düşündün ki, bu mənim xoşuma gələr? 
- Heç özüm də bilmirəm. Mənə... mənə hamı deyirdi ki, sizin xoşunuza gələr. 
- Hə, hamı deyirdi. Əgər deyiblərsə, onda onlar da sənin kimi gicbəsərdirlər. Mən ömrümdə belə həyasızlıq görməmişəm. Kim sənə deyib? 
- Hamı. Hamı belə deyirdi. Salli xala özünü güclə saxlayırdı; gözləri alışıb yanır, barmaqları əsirdi; -deyirdin ki, bu saat Tomun xirtdəyini üzəcək. 
- Axı bu "hamı" kimdir? Tez ol de görüm, onların adı nədir, deməsən, onu bil ki, dünyadakı gicbəsərlərdən biri əskik olacaq! Tom guya əhvalı pozulmuş kimi yerindən sıçrayıb şlyapasını əzişdirə-əzişdirə dedi: 
- Mən belə gözləmirdim... Mənə belə demişdilər.. Hamı belə deyirdi... Deyirdilər ki, onu öpərsən, o da çox şad olar. Hamı belə deyirdi, bəli, hamı! Məni bağışlayın, daha öpmərəm... Söz verirəm ki, daha öpmərəm! 
- Belə de. Siz daha öpməyəcəksiniz, hə? Bəlkə bir də təcrübədən keçirəsiniz? 
- Xanım, sizə and içirəm ki, özünüz xahiş etməyincə, bir daha size heç vaxt öpməyəcəyəm. 
- Özüm xahiş etməyincə? Yox, mən ömrümdə belə şey görməmişəm. İstəyir lap Mafusail1 qədər ömür sürün, yenə bunu görməzsiniz! Mənə belə sarsaq çox lazımmış!               

                                             1 

- Bilirsinizmi, - deyə Tom cavab verdi, - bu məni çox təəccübləndirir. Heç bir şey başa düşə bilmirəm. Mənə deyirdilər ki, bu sizin xoşunuza gələcəkdir, elə mən özüm də belə düşünürdüm. 
- O burada susub hamıya göz gəzdirdi, guya ki, özünə tərəfkeş axtarırdı, nəhayət, nəzərini qocada saxlayıb soruşdu: 
- Ser, məncə siz də belə düşünürdünüz ki, o məni fərəh və seyinclə öpəcəkdir, elə deyilmi? 
- Heç də yox, axı nə üçün.... Yox, mən elə düşünmürdüm. 

Tom yenə hamıya göz gəzdirib, bu dəfə mənə müraciətlə dedi: 
- Tom, bəs sən necə, sən düşünməyirdinmi ki, Salli xala məni qucaqlayacaq və deyəcək: "Sid Soyyer..." - Aman Allah! - deyə Salli xala Tomun sözünü qurtarmasına macal verməyib onun üstünə atıldı. - Utanmazın biri, it balası, məgər adama bu qədər başağrısı verərlərmi? 


- Salli xala onu qucaqlamaq istəyirdi ki, Tom onu saxlayıb dedi: 
- Yox, yox, əvvəlcə məndən xahiş edin. Salli xala vaxt itirməyib o dəqiqə xahiş etdi; onu qucaqlayıb o ki var öpdü, sonra onu ərinə tərəf itələdi. Kişi də Tomu qucaqlayıb öpdü, nəhayət, onlar bu işə bir balaca ara verdikdən sonra Salli xala dedi: 

- Aman Allah, bu doğrudan da gözlənilməz hədiyyədir! Biz səni qətiyyən gözləmirdik. Bircə Tomu gözləyirdik. Bacım daha bir adamın gələcəyini heç yazmayıb da. 

 

- Ona görə yazmayıb ki, Tomdan başqa bizim heç birimiz gəlmək fikrində deyildik, - deyə Tom ona cavab verdi, - ancaq mən çox xahiş etdim, o da ən axır dəqiqədə mənə də gəlməyə icazə verdi; biz isə Tomla birlikdə paroxodla gələrkən belə fikirləşdik ki, əgər buraya birinci gəlsə, mən isə yubanıb bir qədər sonra gəlsəm və özümü yad adam kimi göstərsəm, çox gözlənilməz bir hədiyyə olar. Ancaq biz bunu nahaq etmişik, Salli xala! Özgə adamları, Salli xala burada pis qəbul edirlər. 

 

- Bəli, Sid, belə dəcəlləri də pis qəbul edirlər. Səni gərək əməlli-başlı şillələyək də; belə acıqlandığım heç yadıma da gəlmir. Nə isə, nə edirsiniz edin, bütün kələklərinizə dözməyə razıyam, təki burada olasınız. Lap yekə bir tamaşa düzəldiblər. Sən məni öpəndə, düzün deyim ki, lap quruyub qalmışdım... 

 

Biz evlə mətbəx arasındakı enli keçiddə nahar etdik; stolun üstündəki şeylər azı on ailəyə çatardı, stola qoyulan ət, bərkimiş və dünəndən qalma, yaxud da bütün gecəni nəm zirzəmidə qalan və səhər cəmdək iyi verən, yalnız kaftar bir adamyeyənin aşıra biləcəyi ət deyildi. Xörəklərin hamısı isti-isti verilirdi. 

 

Saylas dayı bütün bu yeməklərin üstündə xeyli uzun bir dua oxudu; dua oxumağına da dəyərdi, ancaq bu dua heç kimin iştahasını pozmadı; axı dua çox cansıxıcı olanda adamın iştahası qaçır, mən bunu dəfələrlə görmüşəm. 

Nahardan sonra xeyli söhbət etdik, biz Tomla həmişə ehtiyatlı olurduq, ancaq bunun heç bir faydası olmadı, çünki onlar heç bir qaçqın zənci haqqında bircə dəfə də söz açmadılar, biz isə buna işarə etməyə belə qorxurduq. Lakin axşam yeməyi zamanı uşaqlardan biri dedi: 

- Ata, icazə verərsənmi, mən Tom və Sid ilə birlikdə tamaşaya baxmağa gedim? 


- Yox, olmaz, - deyə qoca cavab verdi. 
- Məncə, heç bir tamaşa olmayacaq; olsa da sizin üçün yaramaz. Qaçqın zənci mənimlə Bertona nağıl etdi ki, tamaşa olduqca biabırçıdır. Berton hamıya əvvəlcədən xəbər də vermək istəyirdi; indi bu həyasız fırıldaqçıları, yəqin ki, artıq şəhərdən qovublar. Hə, deməli belə imiş! Lakin mən özümü ələ alıb saxlaya bilmədim. Tomla mən bir otaqda və bir çarpayıda yatmalı idik; yol gəlib yorulduğumuzdan, axşam yeməyi qurtaran kimi hamıya "gecəniz xeyrə qalsın" - deyib yatmağa getdik; orada isə pəncərəyə çıxıb ildırım ötürənlə aşağıya düşərək şəhərə qaçdıq. İnanmırdım ki, əhvalatı bir adam krala və hersoqa xəbər verəcək. Odur ki, əgər mən gecikib nələr hazırlandığını onlara işarə etməyə macal tapmasam, onlar, yəqin ki, pis vəziyyətə düşəcəkdilər. 

 

Yolda Tom hamının, məni öldürülmüş zənn etdiyini, valideynimin yenə yox olduğunu və bu vaxtadək qayıtmadığını, Cim qaçarkən necə bir həyəcan qopduğunu nağıl etdi; mən isə Toma bizim fırıldaqçılar haqqında, "Zürafə" barədə, bizim sal üstündəki səyahətlərimizə dair macal tapdığım qədər danışdım; biz gedib şəhərin ortasına çatdıqda o qədər də tez deyildi, doqquzun yarısına yaxın olardı, baxıb gördük ki, böyük bir izdiham, məşəllərlə bizə tərəf gəlir, onlar qəzəblə qışqırır, bağırıb fəryad qoparır, tava döyəcləyir, şeypur çalırdılar; biz onlara yol vermək üçün sıçrayıb kənara çəkildik; baxıb gördüm ki, onlar kral ilə hersoqu uzun dirəyə bağlayıb gətirirlər, daha doğrusu, kral ilə hersoqu yalnız mən tanıdım, onlar tamam qatran və toyuq tükünə bulandıqlarından adamdan çox əsgər dəbilqələrinin üstündə olan yekə lələklərə oxşayırdılar. Mən onlara baxa bilmirdim, hətta bu zavallı fırıldaqçılara yazığım da gəldi; fikirləşdim ki, gərək bir daha heç vaxt onlar barəsində pis fikirdə olmayam. Adam onlara baxmağa belə qorxurdu. İnsanlar birbirlərinə qarşı çox amansız olurmuşlar. 

 

Gördük ki, gecikmişik, daha heç bir şeylə onlara kömək edə bilmərik. Dala qalmış adamlardan hadisəni soruşduq, onlar da bizə nağıl etdilər ki, şəhərdə hamı guya heç bir şey bilmirmiş kimi tamaşaya gəlir, yazıq kral səhnədə atılıb-düşməyə başlayıncaya qədər dinməzcə otururlar; bu vaxt kim isə işarə verir, tamaşaçılar yerlərindən qalxıb onu ruturlar. 

 

Biz evə qayıtdıq, ürəyim heç də əvvəlki kimi sakit və yüngül deyildi; əksinə, yaman pərt olmuşdum, özümü təqsirkar kimi hiss edirdim, hərçənd bilirdim ki, bu işdə bir günahım yoxdur. Bu həmişə belə olur, sənin təqsirkar olub-olmadığının əhəmiyyəti yoxdur, adamın vicdanı bununla hesablaşmır və səni mütləq təngə gətirir. Əgər mənim vicdan kimi zəhlətökən bir itim olsaydı, onu zəhərləyib öldürərdim. Vicdan daxili orqanların hamısından çox yer tutur, amma heç bir səmərəsi yoxdur. Tom Soyyer də bu fikirdədir.