Cəvahir Tanrıverdi. Fortepiano
Gözəl bir musiqi tədbirə gələnləri valeh etmişdi. Hər kəs fortepianoda səslənən mahnının təsirində idi. Fortepiano da çox xoşbəxt idi. Lakin fortepianonun üzərində düzülmüş ağ-qara dillər bir-biri ilə mübahisə edirdilər. Onların hər biri musiqinin belə gözəl ifasında yalnız özünün əsas rolu olduğunu deyirdi. Hər bir dil özü ilə qürrələnirdi. Fortepiano onlara çox izah etmək istədi ki, onlar birlikdə yaradıblar bu gözəlliyi. Lakin heç biri bu fikri qəbul etmədi. Bu mübahisə çox uzandı. Beləliklə, onlar qərara gəldilər ki, hər biri bu pianonun taxtasından ayrılıb özü ayrıca mahnı ifa etsin. Fortepianonun tərkibindən ayrılan dillər hər biri fərqli səhnələrə üz tutdu. Bu gözəl mahnını tək ifa etməyə cəhd etdilər. Lakin nə qədər çalışdılarsa, alınmadı. Hər bir dil yalnız bir səsi ifa etdiyindən mahnını bütöv şəkildə səsləndirə bilmədilər. Heç kəs də onları dinləməyə cəhd etmədi. Salonda əyləşmiş dinləyicilər də durub oranı tərk etdilər. Bunu görən dillər çox məyus oldular. Hər biri səhvini başa düşdü. Anladı ki, onlar yalnız birlikdə gözəl musiqi ifa edə bilərlər. Beləliklə, öz yerlərinə qayıdıb bir-birilərindən üzr istədilər. Yenidən birlikdə səhnəyə çıxıb musiqilər ifa etdilər. Hər kəs onları təbrik edəndə onlar da bir-birilərini təbrik etdilər.
31.07.2024