Uşaq yaradıcılığı

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Cavidan Babazadə

AZƏRTAC beynəlxalq müsabiqələrin laureatı olmuş Azərbaycanın istedadlı gənc musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

 

Növbəti həmsöhbətimiz Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin şagirdi, vokalçı, beynəlxalq və respublika müsabiqələrinin iştirakçısı və laureatı Cavidan Babazadədir.

 

Gənc musiqiçinin 14 yaşı var. Onun anası çox gözəl oxuyurdu və balaca Cavidan ona vagirlik edirdi. Gənc vokalçının müəllimi opera müğənnisi, Azərbaycanın Əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərovdur.

 

Cavidan deyir: “Erkən yaşlarımdan İlham müəllimi tanıdım və ondan dərs almağa başladım. Əvvəlcə onun dərs dediyi 35 nömrəli musiqi məktəbində təhsil alırdım, daha sonra müəllimlə birlikdə bu məktəbə (12 nömrəli musiqi məktəbi - red.) keçdik”.

 

Cavidan artıq 7-8 yaşından müsabiqə və festivallarda iştirak etməyə başlayıb. Həmsöhbətimizin sözlərinə görə, onun üçün ən yaddaqalan hadisə Hendelin “Otton” operasından Ottonun “Dove sei” ariyasını ifa etdiyi “İstedadlar atəşi” beynəlxalq müsabiqəsi olub. Söhbətimizdə iştirak edən İlham Nəzərovun da qeyd etdiyi kimi, çıxış edən Cavidan obraza girərək, parlaq ifa ilə yanaşı, aktyor kimi də özünü göstərib.

 

Gənc vokalçı musiqi təhsilini ümumtəhsil məktəbindəki dərsləri ilə uğurla birləşdirərək, müsabiqələrə əsaslı şəkildə hazırlaşır. “Ev tapşırığımı məktəbdə edirəm, ona görə də kifayət qədər vaxtım var. Məktəbdən sonra isə müəllim ilə məşğul oluram”, – deyə Cavidan izah edir.

 

İstedadlı gəncin dediyinə görə, o, çıxışlardan öncə həyəcan keçirmir: müsabiqələrdəki atmosfer mehriban olur: iştirakçılar çox vaxt bir-biri ilə tanış olur və sonra ünsiyyət saxlayırlar. Vokalçı əlavə edir: “Qalib gələndə, qürur və sevinc hissi keçirirəm”.

 

Cavidan musiqinin onu xoşbəxt etdiyini və ən ciddi məşğuliyyəti olduğunu deyir. Gələcəkdə o, özünü peşəkar ifaçı kimi görür: məktəbdən sonra təhsilini Bakı Musiqi Akademiyasında davam etdirməyi planlaşdırır, həmçinin xaricdə - İtaliyada təhsil almaq istəyir. Vokalçı “La Skala”da çıxış etmək xəyalı ilə yaşayır.

 

Söhbət zamanı İlham Nəzərov şagirdi haqqında çox səmimi danışır: “Yanıma gələndə çox kiçik idi. Yeri gəlmişkən, indi onun qardaşı da mənim şagirdimdir. Cavidanın gözəl ailəsi var. Həmin vaxt mən ona qulaq asdım, çox gözəl oxudu. Müslüm Maqomayevin repertuarından bir əsər idi və çox xoşuma gəldi. O, gözəl oğlandır, qısa müddət ərzində rus, Azərbaycan, türk və ingilis dilində çoxlu sayda əsər ifa edib”.

 

Əməkdar artist şagirdinin davranış mədəniyyətini də qeyd edir, bunu gələcək musiqiçi üçün xüsusilə vacib hesab sayır.

 

“Cavidan mədəni, savadlı, zəhmətkeş oğlandır, böyüklərə hörmət edir. Bu, çox vacibdir. O, gələcəkdə təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də oxuyacaq və ölkəmizi təmsil edəcək. Biz savadlı, mədəni olmalıyıq və bu, təkcə vokalçılar üçün deyil, hər kəs üçün vacibdir!”

 

Müəllim Cavidanın yeniyetmə dövrü ilə əlaqədar səs qırılması keçirdiyini xatırladır. Lakin, buna baxmayaraq, yeniyetmə bir çox konsertlərdə, üstəlik müxtəlif orkestrlərlə ifa edib.

 

Müəllim deyir: “Şagirdinizdə səs qırılması baş verdikdə nə etməli? Onunla ünsiyyət qurmaq lazımdır, nə baş verdiyini izah etmək, ona dəstək olmaq lazımdır. Mən bunların hamısını özüm yaşamışam. Bunun ağırlığını bilirəm... Səsi dəyişən başqa uşaqları gördüyünə baxmayaraq, onda qorxu hissi qalır: “Birdən səs açılmaz? Ona görə də müəllim deməlidir: “Mənə güvən, səsin olacaq!” Biz sıfırdan işə başlayırıq. Deyirlər ki, səs qırılanda oxumaq olmaz, amma davam etmək lazımdır! Lakin bunu düzgün etməlisən”.

 

İlham Nəzərovun fikrincə, müsabiqələr gənc musiqiçilər üçün vacibdir.

 

“Uşaq başqalarını görür, müsabiqələr sayəsində inkişaf edir. Müsabiqə konsert deyil, orada mübarizə gedir. Mən şagirdlərimə deyirəm: “Sizin səhnəyə çıxıb sinifdə oxuduğunuzdan daha pis oxumağa haqqınız yoxdur. Çünki çox çalışdınız. Təkcə siz deyil, müəlliminiz də çalışıb”.

 

İlham müəllimin sözlərinə görə, onun üçün şagirdinin hansı yeri tutması deyil, necə ifa etməsi vacibdir.

 

Əməkdar artist vurğulayır: “Mən perfeksionistəm. Hətta hər kəs alqışlasa belə, şagirdin 100 faizlik çıxış etmədiyini görsəm, sevinmərəm. Hətta birinci yeri tutsa belə. Mənim üçün yerin fərqi yoxdur. Bəzən əksinə olur: görürəm ki, o, mükəmməl oxuyub, lakin hansısa səbəbdən yer tutmayıb. Çıxışlar zamanı biz hər şeyi lentə alırıq, daha sonra sinifdə səs yazısını birlikdə dinləyirik və ifanın əla olduğunu dərk edirik. Həmin an deyirəm: “Bizim üçün nəticə əsas deyil. Sabah səhnəyə çıxanda oxuyacaqsınız. Hansısa səbəbdən birinci yeri tutan insan isə sabah belə oxuya bilməyəcək”.

 

İlham müəllim hesab edir ki, Cavidan gələcəkdə həm sənətkar, həm də gözəl müəllim ola bilər. Ümumiyyətlə, Azərbaycanın bütün gənc vokalçılarının gələcəyinə gəlincə, müəllim çox nikbindir.

“Biz artıq tanınırıq, uşaqlarımız Avropada təhsil alır, “La Skala”da, Mariinski Teatrında, Bolşoy Teatrda ifa edirlər. Biz düz yoldayıq. Müəllimliyə münasibəti dəyişməklə, gənc nəslimiz üçün daha bir yaxşı iş görmüş olardıq. Biz xaricdən müəllimlər dəvət etməliyik, gərək uşaqlarımız xaricə, İtaliyaya getsinlər ki, orada onların ifasını dinləsinlər. Düşünürəm ki, gözəl gələcəyimiz var, uşaqlarımız çox istedadlıdır!”, - deyə İlham Nəzərov vurğulayır.