Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXXVI fəsil

Həmin gecə hamı yatıb yuxuya gedən kimi, biz ildırım ötürən vasitəsile həyətə düşüb daxmaya girdik, qapını bağlayıb ağac çürütülərini yerə tökərək işə başladıq. Aşağı tir boyu özümüz üçün beş, ya altı fut uzunluqda bir yer təmizlədik. Tom dedi ki, bura elə lap Cimin çarpayısının yanıdır, lağımı da elə onun altından atacağıq, işimizi qurtarandan sonra burada deşik olduğunu heç kim bilməyəcəkdir, çünki Cimin yorğanı az qala yerə kimi sallanır, yalnız onu qaldırıb çarpayının altına baxsan, onda deşiyi görə biləcəksən.
Biz az qala gecə yarısınadək bıçaqla yeri qazıdıq, axırı lap it kimi yorulub əldən düşdük, əllərimiz qabar-qabar oldu, işimizin isə nəticəsi görünmürdü. Axırda mən Toma dedim:
- Tom Soyyer, bilirsənmi nə var, bu, otuz yeddi illik deyil, bəlkə, lap otuz səkkiz illik işdir.


Tom heç bir cavab vermədi, yalnız köksünü ötürdü, bir qədər keçəndən sonra isə qazımaqdan el çəkib dayandı. Gördüm ki, fikrə gedib; xeyli fikirləşdikdən sonra dedi:
- Çalışmağına dəyməz, Hek, onsuz da bir şey çıxmayacaq. Əgər biz dustaq olsaydıq, yenə dərd yarı idi, çünki dustaqların nə qədər istəyirsən vaxtı var, onların tələsən bir yeri yoxdur; həm də onlar gündə beşcə dəqiqə, gözətçilər dəyişilən vaxt qazıyırlar, belə ki,
əlləri də qabarlamır; belə olsaydı biz də illər boyu qazsyardiq, hər şey də lazım olduğu kimi düzgün olardı. İndi isə axmaqlıq eləməyək, gəl tələsək, artıq vaxtımız yoxdur. Əgər biz bir gecə də bu təhər qazısaq, əllərimizin qabarı gedincəyədək işi bir həftə dayandırmalı olacağıq, çünki bundan tez, bıçağı heç əlimizə də götürə bilmərik.
- Tom, onda bəs nə etməliyik?
- İndi sənə deyərəm nə etməliyik. Bəlkə bu heç düzgün də deyil, yaxşı da deyil, ədəb qaydalarının əksinədir, əgər bilsələr, bizi bundan ötrü ittiham da edərlər, bununla belə bizim başqa çarəmiz yoxdur, toxa ilə qazıyacağıq, ancaq belə təsəvvür edəcəyik ki, guya
bıçaqla qazımışıq:
- Bax, bu başqa məsələ! - dedim. Eh, Tom Soyyer, sənin başın əvvəl də yaxşı işləyirdi, indi isə əvvəlkindən də yaxşı işləyir. Toxa, qazımaq üçün çox yaxşıdır, bu üsul ədəb qaydalarının əksinədirsə, bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mənim ağlıma zəncini oğurlamaq, yaxud qarpız, yaxud bazaar günü məktəbindəki dərs kitabı oğurlamaq gəlirsə, qaydaya baxan deyiləm, nə yolla olursa olsun, təki iş yerinə yetirilsin.


Mənə nə lazımdır, zənci, yaxud qarpız, yaxud da dərs kitabı; əgər toxa ilə tez olursa, onunla qazıb zəncini, yaxud da qarpızı və ya dərs kitabını oğurlaram; sənin nüfuzlu şəxslərin isə qoy nə deyirlər desinlər, heç vecimə də deyil.
- Nə olar ki, - deyə Tom dilləndi, - belə işdə bir şey fikirləşib uydurmaq, toxanı isə işə salmaq olar, əgər belə olmasaydı, mən özüm də əleyhinə olardım, özümü qaydanı pozmağa qoymazdım; qayda üzrə nə etmək mümkünsə onu edərdim, nə mümkün deyilsə
etməzdim, əgər bir adam qayda üzrə necə etmək lazım olduğunu bilirsə, o ayırd etmədən, necə gəldi edə bilməz. Sənin kimi adam, təsəvvürünə heç bir şey gətirmədən toxa ilə qazıb Cimi dustaqlıqdan azad edə bilər, çünki sən heç bir şey anlamırsan; mən isə elə edə bilmərəm, çünki qanun-qaydaya lazımınca bələdəm. Bıçağı bəri ver!


Onun bıçağı var idi, buna baxmayaraq, öz bıçağımı da ona verdim. O, bıçağı yerə çırpıb dedi:
- Bıçağı bəri ver!


Mən əvvəlcə bilmədim ki, nə edim, sonra isə başa düşdüm. Köhnə şey-şüyü eşələyib bir külüng taparaq ona uzatdım, o, külüngü əlimdən qaparaq bir kəlmə də demədən qazımağa başladı.


O, yaman hoqqabaz idi. Onun hər bir işi qayda-qanun üzrə olmalı idi. İşi belə görüb mən də beli götürdüm, ikimiz birlikdə gah külüng, gah da bellə qazımağa başladıq, elə daş, kəsək idi ətrafa sıçrayırdı. Gərək ki, yarım saata qədər qazdıq. Artıq işləyə bilmədik,
bərk yorulmuşduq, dayananda gördük ki, böyük bir çala açmışıq. Mən yuxarıya, öz otağımıza qalxıb pəncərəyə yanaşdım, gördüm ki, Tom yaman əlləşir; ildırım ötürənlə yuxarıya dırmaşmaq istəyir, ancaq əlləri qabarlı olduğu üçün qalxa bilmir. Axırda o dedi:
-Heç bir şey çıxmır, heç cür dırmaşa bilmirəm. Səncə, necə edim?
Bəlkə bir şey fikirləşəsən?
- Hə, - dedim, - bir yol bilirəm, amma bu, məncə qaydanın əksinədir. Pilləkənlə çıx, amma belə təsəvvür et ki, guya ildırımötürənlə dırmaşmısan?


Tom belə də etdi.
Ertəsi günü Tom, Cim üçün qələm düzəltməkdən ötrü böyük evdən bir qalay qaşıq və bir mis şamdan, habelə altı dənə piy şamı oğurladı: mən isə zənci komalarının ətrafında dolaşıb fürsət düşən kimi üç dənə tənəkə nimçə çırpışdırdım. Tom dedi ki, bu azdır, mən isə cavab verdim ki, onsuz da bu nimçələri heç kim görməyəcəkdir, çünki Cim onları pəncərədən atanda nimçələr it damının yanındakı kolluğa düşəcəkdir, biz gedib onları götürər, yenidən Cimə verərik, qoy yenə üstlərində yazsın. Tom razı olub dedi:
- İndi şeyləri cimə necə çatdırmaq barədə düşünmək lazımdır.
- Qazıntı işini qurtaran kimi, şeyləri oraya daşıyarıq, - deyə cavab verdim.


Tom mənə həqarətlə baxıb dedi ki, doğulduğu gündən bəri belə bir axmaq fikir eşitməyib; sonra isə yenə düşünməyə başladı. Çox düşündükdən sonra, nəhayət, dedi ki, iki-üç üsul fikirləşibdir, ancaq bu üsullardan birini seçməyə hələlik lüzum yoxdur. Bunun üçün əvvəlcə Cimlə danışmaq lazımdır.


Həmin axşam, saat on birə işləyəndə ildırım ötürənlə aşağıya düşüb özümüzlə bir şam götürərək Cimin pəncərəsi yanında dayandıq; o xoruldayırdı, biz şamı onun pəncərəsindən içəri atdıq, amma o ayılmadı. Biz külüng və bellə yenə qazımağa başladıq, iki saat yarımdan sonra bütün iş görülüb qurtardı. Biz lağımla Cimin çarpayısı altına, oradan da daxmaya girdik, Cimin yanında dayanıb onu gözdən keçirdik. O, zahirən möhkəm və sağlam idi, sonra onu yavaşca oyatmağa başladıq. O bizi görüb elə sevindi ki, az qaldı ağlasın, bizə "mənim quzularım" və başqa mehriban sözlər dedi, sonra xahiş etdi ki, biz bu saat onun üçün haradan olursa olsun bir dəmirkəsən qələm tapıb gətirək, zənciri onun ayağından çıxaraq və bir dəqiqə belə itirmədən onunla birlikdə qaçaq. Lakin Tom
ona sübut etdi ki, qayda üzrə belə olmur: onun yanına, çarpayıya əyləşib bizim planlarımızdan və əgər xəbər tutarlarsa, bu planları bir göz qırpımında necə dəyişəcəyimizdən ona danışdı və əlavə etdi ki, heç bir şeydən qorxmasın, biz mütləq onu azad edəcəyik.
Cim razı olub dedi ki, qoy hər şey siz deyən kimi olsun. Biz onun yanında bir xeyli oturduq; əvvəlcə köhnə vaxtlar haqqında söhbət etdik, sonra isə Tom hər şey barədə onu sorğu-suala tutdu, Saylas əminin az qala hər gün buraya gəlib onunla birlikdə dua elədiyini, Salli xalanın isə tez-tez baş çəkərək onun necə yaşadığını, toxmu, acmı olduğunu öyrəndiyini bildikdə dedi:
- Hə, indi mən bilirəm ki, işləri necə qurmaq lazımdır. Biz sənə onların vasitəsilə bəzi para şeylər göndərərik.
Mən ona dedim:
- Bax, bunu əbəs deyirsən, mən ömrümdə belə axmaq bir iş görməmişəm!
Lakin Tom mənim dediklərimə heç əhəmiyyət də verməyib öz sözünə davam etdi.


Onun ağlına bir şey gələndə həmişə belə olur. O, Cimə dedi ki, biz ona Natın - ona yemək gətirən zəncinin vasitəsilə içində nərdivan olan piroq və başqa iri şeylər çatdıracaq, o isə ayıq olmalı, heç bir şeyə təəccüb etməməli və çalışmalıdır ki, Nat onun həmin şeyləri necə əldə etdiyini görməsin. Kiçik şeyləri isə biz Saylas əminin ciblərinə qoyacağıq, Cim onları xəlvətcə oradan çıxartmalıdır; bundan başqa, bu şeylərdən bəzilərini də Salli xalanın önlüyünün lentinə bağlayacaq, fürsət düşdükdə cibinə də qoyacağıq. Tom köynəyin üstündə gündəlik tutmağı və lazım olan başqa işləri də ona öyrətdi, bir sözlə, hər şeyi açıb ona başa saldı. Cim bütün bunların nə üçün lazım olduğunu heç cür anlaya bilmədi, lakin belə qət etdi ki, biz ağ adamlar olduğumuz üçün hər şeyi daha yaxşı bilirik; ümumiyyətlə, o çox razı qalıb dedi ki, hər şeyi Tomun buyurduğu kimi edəcəkdir.


Tomun çoxlu tütünü və qarğıdalı qıçasından trubkaları vardı, belə ki, biz vaxtımızı heç də pis keçirmədik; sonra yenə lağıma girifa yatmağa getdik, ancaq əllərimiz kəsikkəsik idi. Tom çox sevinir, deyirdi ki, hələ bu vaxtadək onun heç zaman belə maraqlı və beynini bu qədər işlədən bir oyunu olmamışdır; əgər o bacarsaydı, bütün ömrü boyu bu oyunu davam etdirər, sonra isə Cimi azad etməyi bizim uşaqlarımıza vəsiyyət edərdi, çünki Cim vaxt keçdikcə buna alışar və burada qalmaq ona getdikcə daha xoş görünər.


Tom dedi ki, bu işi səksən ilə qədər uzatmaq və rekord vurmaq olar. O vaxt oyunda iştirak edənlərin hamısı böyük şöhrət qazanar, biz də məşhurlaşarıq.


Səhər biz odun qalağının yanına gedib şamdanı balta ilə xırda hissələrə parçaladıq, Tom onları yığıb qaşıqla birlikdə cibinə qoydu. Sonra biz zənci komalarının yana getdik, mən zəncini söhbətə tutub başını qarışdırdım, Tom isə şamdan qırığından birini kasanın
içində Cim üçün qoyulmuş qarğıdalı kökəsinin içinə soxdu, sonra biz nə olacağını görmək üçün Natla Cimin yanına getdik. Nəticə çox gözəl oldu: "Cim kökənin bir parçasını dişləyəndə az qaldı ki, dişini sındırsın, bundan yaxşı nə ola bilərdi?". Tom Soyyerin özü
belə dedi. Cim beç hiss belə etdirmədi, dedi ki, bu yəqin, kiçik daş parçası, yaxud da başqa bir şeydir ki, çörəyin içinə düşüb, belə şeylər həmişə olur, lakin Cim bundan sonra hər bir şeyi birdən-birə dişləmir, əvvəlcə çəngəl götürüb üç-dörd yerdən ona batırırdı.


Biz qaranlıqda dayanmışıq, birdən Cimin çarpayısı altından iki it çıxdı, sonra dalbadal bir neçəsi çıxdı, beləliklə də, daxmaya on birə qədər it doldu, tərpənməyə yer yox idi.


Zənci Nat isə: "Əcinnələrdir!" - deyib bağırdı, itlərin arasında yerə sərilib inildəməyə başladı, sanki ölürdü. Tom Cimin kasasından bir parça ət götürərək qapını taybatay açıb həyətə atdı; itlər ətin dalınca tökülüşdülər, Tom da öz növbəsində çıxdı və həmin dəqiqə
qayıdaraq qapını bağladı, mən başa düşdüm ki, o, daxmaya açılan qapını da örtməyə macal tapıb. Sonra o, zəncini ələ almağa başladı, onu hey dilə tutdu, təsəlli verdi, gozünə bir şey görünüb-görünmədiyini soruşdu. Zənci ayağa qalxıb gözlərini döyərək dedi:

- Mister Sid, siz indi deyəcəksiniz ki, mən dəliyəm, amma öz gözlərimlə lap bir milyon it, yaxud şeytan, yaxud da daha bilmirəm nə görməmişəmsə, bax durduğum yerdəcə ölüm! Allah haqqı, görmüşəm!


Mister Sid, onların mənə necə toxunduqlarını da hiss edirdim, bəli, ser! Onlar mənim üstümdə də yeriyirdilər. Eh, qoy əlimə bundan sonar bir cin keçsin, heç olmazsa, tək bircə dəfə keçsin, özüm bilirəm ki, ona nə edərəm! Yaxşısı budur məni dinc buraxsınlar, bundan başqa daha heç bir şey istəmirəm.
Tom dedi:
- Yaxşı, mən nə fikirləşdiyimi sənə deyim. Nə üçün onlar buraya həmişə bu qaçqın zənci nahar edən vaxt qaçıb gəlirlər? Ona görə də, yemək istəyirlər, bildinmi? Sənin bir yolun var, o da onlar üçün cadulanmış bir piroq bişirməkdir.
- Aman Allah, mister Sid, mən belə piroqu necə bişirim? Mən bilmirəm onu necə bişirərlər. Belə piroq haqqında heç ömrümdə eşitməmişəm.
- Yaxşı, onda mən özüm bişirərəm.
- Mənim quzum, doğrudanmı bişirəcəksiniz? Bişirin, bundan ötrü mən sizə nə istəsəniz edərəm, lap ayaqlarınız altına düşərəm!
- Yaxşı, sənin xətrin üçün bişirərəm; sən axı bizə həmişə yaxşı münasibət bəsləmişsən, qaçqın zəncini bizə göstərmisən. Ancaq bura bax, ehtiyatlı ol ha! Biz gələn vaxt arxanı bizə çevirərsən, Allah eləməmiş, birdən kasaya nə qoyduğumuza baxasan ha!
Cim piroqları çıxaranda da baxma, azmı iş baş verə bilər, nə bilmək olar! Ən başlıcası isə odur ki, gərək cadulanmış şeylərə əl vurmayasan.
- Əl vurmayımmı? Allah köməyiniz olsun, mister Sid! Məni lap qızıla da tutsan, heç bir şeyə barmağımı belə toxundurmaram.