Mark Tven. Heklberri Finnin macəraları. XXXVIII fəsil
Həmin qələmləri, bir də mişarı düzəltmək cəhənnəm əzabı idi; Cimi isə, məhbusların etdiyi kimi, divarda yazacağı yazılar narahat edirdi. Ancaq yazını yazmaq lazım idi, çünki Tom deyirdi ki, bunsuz olmaz, bu vaxta kimi dövlət canisinin divarda yazı yazmadığı və öz gerbini cızmadığı məlum deyil.
- Heç olmazsa Ceyn Qreyi, - deyə o bildirmişdi, - ya Gilford Dedlini, ya da qoca Nortumberlendi götürün.
Yaxşı Hek, əgər bunun işi çoxdursa, bəs nə edək? Başqa cür etmək olarmı? Axı bunsuz keçinmək olmaz! Əvvəl-axır Cim yazi da yazmalı, gerb də cızmalıdır. Hamı belə edir.
Cim dedi:
- Siz nə danışırsınız, mister Tom! Mənim heç bir gerbim yoxdur, mənim bax, bu köhnə köynəkdən başqa heç bir şeyim yoxdur; özünüz bilirsiniz ki, onun da üstündə mən gündəlik düzəldəcəyəm.
- Sən heç bir şey başa düşmürsən, Cim; gerb tamamilə başqa şeydir.
- Bilirsən, - deyə mən dilləndim, - Cim doğru deyir ki, onun gerbi yoxdur, axı haradan olsun?
- Bu mənə də məlumdur, - deyə Tom cavab verdi. - Ancaq onun gerbi mütləq olacaqdır, özü də qaçmamışdan əvvəl olacaqdır, əgər qaçmaq lazım olarsa, qaydaqanunla, kişi kimi qaçmaq lazımdır.
Cim misdən, mən isə qalay qaşıqdan kərpic üzərində qələm itiləyib hazırlayan vaxt Tom Cim üçün gerb fikirləşirdi. Nəhayət, o dedi ki, yadına çoxlu gerb düşüb, hamısı da bir-birindən yaxşı, heç bilmir ki, hansını götürsün; amma bir münasibi var, onu götürmək olar.
- Cəngavər qalxanının üstündə bizim qızıl kəmərimiz olacaqdır; aşağıda sağ tərəfdə -çəpinə tünd-qırmızı rənglənmiş xaç və qurşaq, qurşağın üstündə isə uzanmış bir it şəkli olacaqdır, bu, təhlükə işarəsidir; itin pəncəsi altındakı diş-dişə zöncir isə quldarlıq deməkdir; yuxarı tərəfdə çapıq-çapıq olan yaşıl şevron nişan, mavi rəngli meydanda üç əyilmiş xətt, qalxanın ortasında isə ətraflı kələ-kötür olan gerb təsvir ediləcəkdir; yuxarıda sol tərəfdəki qara zolaq üzərində, çiynindən düyünçə asmış qaçqın qara zənci, aşağıda isə qalxanı saxlayan tünd-qırmızı rəngə boyanmış iki dirək, bu, səninlə mənə işarədir; bizim devizimiz:
"Maggiore fretta - minore atto" olacaqdır. Bunu mən kitabdan götürmüşəm, mənası:
"Asta gedən çox gedər" deməkdir.
- Çox qəribədir! - dedim. - Yerdə qalanları bəs nə deməkdir?
- Bizim bunun üstündə baş sındırmağa vaxtımız yoxdur, - deyə Tom cavab verdi, - biz gərək işlərimizi tez qurtarıb buradan əkilək.
- Heç olmazsa başa sal görək "qurşaq" nə deməkdir?
- Qurşaq... bilirsənmi... bunun nə olduğunu bilməyin o qədər də vacib deyil. Mən, lazım gəldikdə bunun necə edildiyini ona göstərərəm.
- Heç utanmırsanmı? - deyə onu məzəmmət etdim, - axı sən bunların hamısını deyə bilərsən. Yaxşı, bəs "sol tərəfdəki qara zolaq" nə deməkdir?
- Allah haqqı bilmirəm! Ancaq Cim bunsuz keçinə bilməz. Bütün əsilzadə adamlarda ondan var.
Tom həmişə belədir. Bir şeyi başa salmaq istəmədikdə, nə istəyirsən et, başa salmaz.
Lap bir həftə də zəhləsini aparsan deməz.
Gerb məsələsini həll etdikdən sonra, Tom başqa işlərin həllinə keçdi, çox kədərli bir yazı fikirləşməyə başladı; dedi ki, Cimin onsuz işi keçməz, çünki belə yazı hamıda olur. O çoxlu yazı fikirləşib hamısını kağıza yazdı, sonra da sıra ilə bizə oxumağa başladı.
1. Məhbusun ürəyi burada partlamışdır.
2. Bütün dünya və dostları tərəfindən unudulmuş olan bədbəxt məhbus burada son günlərini keçirirdi.
3. Yaralı bir qəlb burada parçalanmış, iztirablar çəkən bir ruh otuz yeddi il biradamlıq həbs otağında qaldıqdan sonra burada əbədi rahat olmuşdur.
4. Otuz yeddi il məşəqqətli həbsdən sonra, on dördüncü Lüdovikin qeyri-qanuni doğulmuş oğlu olan nəcib bir yad adam, ailədən və dostlardan uzaqda, burada həlak olmuşdur.
Bu yazıları bizə oxuyan zaman Tomun səsi titrəyirdi. O, Cim üçün hansı yazını seçəcəyini heç cürə yəqin edə bilmədi, çünki hamı bir-birindən yaxşı idi; nəhayət, qərara aldı ki, Cim bu yazıların hamısını divarda cızıb yazmalıdır. Cim dedi ki, mıx ilə tir üzərində bu qədər çərən-pərəni yazmaq üçün ona bir il vaxt lazımdır, bir də ki, axı o, heç hərfləri də yaza bilmir. Lakin Tom ona cavab verdi ki, o hərfləri özü yazar; beləliklə də Cimin işi lap asanlaşar, o ancaq hərflərin üstündən yazmalı olar. Tom bir qədər susduqdan sonra dedi:
- Yox, nə qədər götür-qoy edirəmsə də, tirlər yaramır; çünki həbsxanalarda tir divarlar olmur. Biz gərək yazıları daşda həkk edək. Nə olar, daş da taparıq.
Cim dedi ki, daş tirdən də pis olacaqdır, bu qədər yazını daşda həkk etməyə çox vaxt gedəcək, bəlkə də o, heç vaxt azad ola bilməyəcəkdir. Tom cavab verdi ki, bu işdə mən ona kömək edəcəyəm; sonra qələm işlərinin necə getdiyinə baxmaq üçün bizə yaxınlaşdı.
Bu çox darıxdırıcı, zəhlətökən iş idi, uzun vaxt tələb edirdi! Əllərimin də qabarı sağalmaq bilmirdi, işimiz də nə isə çox pis gedirdi, buna görə də Tom dedi:
- Mən bilirəm bu işləri necə sahmana salmaq lazımdır. Bizə onsuz da gerbi həkk etmək və dərdli yazıları yazmaq üçün daş lazım olacaqdır; necə deyərlər, bir əldə iki qarpız tutarıq. Taxta zavodunun yanında iri bir dəyirman daşı var, onu sürükləyib gətirər, istədiyimiz yazını onun üstündə həkk edərik, eyni zamanda qüvvlərə və mişarı da onda itiləyərik.
Bu, çox yaxşı bir fikir idi, dəyirman daşı isə yüngül olmasa da biz bu qərara gəldik ki, birtəhər işin öhdəsindən gələrik. Hələ gecə yan olmamış biz taxta zavoduna yollandıq, Cirə isə işləməyə qaldı. Biz dəyirman daşını oğurlayıb diyirlədə-diyirlədə evə tərəf gətirdik. Lap cəhənnəm əzabı idi. Necə edirdiksə, yenə də yana aşır, az qalırdı ki, bizi əzsin. Tom dedi ki, bunu diyirlədib evə gətirənə kimi ikimizdən birimizi mütləq əzəcəkdir. Yolun yarısına qədər diyirlətdikdən sonra lap əldən düşdük, bədənimiz yamyaş idi. Gördük ki; bir şey çıxmır, buna görə də Cimin dalınca getdik. Cini çarpayısını qaldırıb qıçındakı zənciri çıxararaq boynuna doladı, sonra biz lağımdan keçib əlavə tikiliyə tərəf yönəldik; Cim ilə mən dəyirman daşım çox asanlıqla diyirlətməyə başladıq. Tom isə əmr və göstəriş verirdi. Əmr verməyə usta idi, bu işdə heç bir oğlan ona çata bilməzdi! O, ümumiyyətlə, hər bir şeyin necə edildiyini yaxşı bilirdi. Açdığımız deşik böyük idisə də, dəyirman daşı oradan keçmədi; Cim toxa götürüb bir anın içində deşiyi genəltdi. Tom, dəyirman daşında mıx ilə həmin yazıları cızdı və Cimi işləməyə oturtdu; Cim dəmir yonan qələm əvəzinə mıx, çəkic əvəzinə dəmir bolt işlədirdi; biz dəmir boltu əlavə tikilidəki köhna şey-şüyün içindən tapmışdıq. Tom Cimə yazılan şam yanıb qurtarana kimi həkk etməyi, sonra isə dəyirman daşını döşəyin altında gizlədib onun üstündə yatmağı tapşırdı. Sonra biz zənciri çarpayının ayağına keçirtməkdə ona kömək etdik və qərara gəldik ki, gedib yataq. Birdən Tom nə isə xatırlayıb dedi:
- Cim, burada hörümçək varmı?
- Xeyr, ser, yoxdur, mister Tom.
- Eybi yoxdur, biz sənin üçün taparıq.
- Sən Allah, boşlayın, onlar mənim nəyimə lazımdır? Mən onlardan yaman qorxuram.
Mənim üçün zınqırovlu ilan ondan yaxşıdır.
Tom bir qədər fikrə getdi, sonra dedi:
- Yaxşı fikirdir! Mənə elə gəlir ki, əvvəllər də belə edirmişlər.
Əlbəttə, belə edirmişlər. Bu çox gözəl fikirdir! Bəs sən onu harada saxlayacaqsan?
- Kimi deyirsən, mister Tom?
- Zınqırovlu ilanı da!
- Allah, sən özün bəladan saxla, mister Tom! Əgər bura zınqırovlu ilan gəlsə, mən ya qaçacağam, ya da başımı bax bu divara vurub partladacağam!
- Nə danışırsan, Cim, ona alışarsan, sonra daha qorxmazsan da. Sən onu ələ öyrədərsən.
- "Ələ öyrədərsən!"
- Əlbəttə, burada nə çətin iş var ki! Hər bir heyvan istəyir ki, onu əzizləsinlər; onunla mehriban davranan adamı heç bir heyvan dişləmək və ya sancmaq fikrinə düşməz. Bütün kilablarda belə yazılmışdır. Mən səndən ancaq bir şey xahiş edirəm, iki və ya üç gün bu işlə məşğul ol. Sən onu elə ələ öyrədə bilərsən ki, tezliklə səni sevər, səninlə birlikdə yatar, bir dəqiqə də səndən ayrılmaz; sonra da boynuna sarılıb başını sənin ağzına salacaqdır.
- Ah, Allah xatirinə, belə danışmayın, mister Tom! Belə sözlərə qulaq as bilmirəm! O, başını mənimmi ağzına salacaqdır? Guya böyük yaxşılıq edəcəkdir! Mənə çox lazım imiş.
Xeyr, belə xabişi məndən gözləməsin. Bir də mən onunla birlikdə heç yatmaq fikrində də deyiləm.
- Cim axmaqlıq eləmə! Məhbusun gərək ələ öyrədilmiş bir heyvanı olsun; əgər bu vaxta qədər zınqırovlu ilan heç kəsdə olmamışdırsa, deməli, ilanı birinci olaraq ələ öyrətmək sənin üçün daha böyük şərəfdir, şöhrət tapmaq üçün bundan yaxşı bir üsul fikirləşmək çətindir.
- Yox, mister Tom, mən belə şöhrəti istəmirəm. İlan mənim çənəmi sancandan sonra şöhrət nəyimə gərəkdir! Xeyr, ser, mənə belə bir şöhrət lazım deyildir.
- Boşla görək, yəni bunu heç sınaya da bilməzsən? Sən bircə sına, bir şey çıxmazsa, alarsan gedər.
- Mən sınayana kimi ilan məni sancar, iş-işdən də keçər. Mister Tom, nə istəsəniz, mən yerinə yetirməyə razıyam; yox, əgər siz ələ öyrətmək üçün buraya zınqırovlu ilan gətirsəniz, burdan qaçacağam; sizə düzünü deyirəm!
- Eybi yoxdur, indi ki, belə tərslik edirsən, qoy sən deyən kimi olsun. Biz sənin üçün bir neçə su ilanı tapıb gətirərik, sən isə onların quyruğuna düymə bağlayarsan, guya bunlar zınqırovlu ilanlardır, güman edirəm ki, belə də olar.
- Mister Tom, bu yenə də dərd yarıdır, ancaq düzünü desəm, mənə heç bu da lazım deyildir. Mən həbsxanada oturmağın bu qədər əziyyətli bir iş olduğunu heç ağlıma da gəlməzdim!
- Bəs necə, bütün işləri qayda-qanunla gördükdə həmişə belə olur...
Burada siçovul varmı?
- Xeyr, ser, bir dənəsini də görməmişəm.
- Onda biz sənin üçün siçovul taparıq.
- Neynirəm, mister Tom? Mənə siçovul lazım deyil. Dünyada siçovullardan pis şey yoxdur, onlar adamı rahat oturmağa qoymur, bədəni üstündə gəzir, yatmaq istədikdə ayaqlarını dişləyir, daha nə bilim nələr edir! Yox, ser, əgər heyvansız keçirmək olmazsa, onda yaxşısı budur su ilanı verin, siçovulları isə istəmirəm, mənim nəyimə gərəkdir?
- Yox, Cim, siçovullarsız olmaz, siçovullar hamıda olur. Bir də ki, xahiş edirəm, tərslik etməyəsən! Məhbus siçovullarsız olmaz, belə şey heç yerdə görünməmişdir.
Məhbuslar siçovulları ələ alışdırır, tərbiyə edir, onlara müxtəlif fokuslar göstərməyi öyrədirlər; siçovullar da onlara isinişir, milçək kimi başlarına dolanırlar. Sən isə onları musiqi ilə özünə cəlb etməlisən. Sən bir musiqi alətində çalmağı öyrən!
- Mənim daraq ilə kağız, bir də mizqandan başqa heç bir musiqi alətim yoxdur; belə bilirəm ki, bunlar siçovullar üçün maraqlı olmaz.
- Nə üçün maraqlı olmur? Onlar üçün təfavürü yoxdur, hansı alətdən çalırsansa çal, ancaq musiqi olsun. Siçovullar üçün mizqan da yarayar. Bütün heyvanlar musiqini sevirlər, həbsxanada isə heç musiqisiz yaşaya da bilmirlər. Xüsusən qəmli musiqini çox xoşlayırlar; mizqanda isə yalnız qəmli musiqi çalmaq olar. Siçovullar bununla həmişə maraqlanır, başlarını çıxardıb sənin nə etdiyinə baxırlar. Bax belə, indi sənin işlərin öz qaydasındadır, hər şey yaxşı düzəlmişdir. Axşamlar, yatmazdan əvvəl çarpayıda oturub çal, səhərlər də çal, özü də "Səninlə əbədi ayrıldıq" mahnısını çal, bu siçovullara gərək hamısından çox xoş gələ. İki dəqiqə çaldıqdan sonar görəcəksən ki, bütün siçovullar, ilanlar, hörümçəklər və başqaları darıxaraq yuvalarından çıxıblar. Onlar hamısı sənin üstünə dırmaşmağa və oynamağa başlayacaq... Özün də görəcəksən ki, onlar necə xoşhallanırlar!
- Bəli, mister Tom, onlar xoşhallanacaqlar, bəs mənim halım necə olacaqdır? Mən bunda heç bir yaxşı şey görmürəm. Əgər lazımdırsa, çarəm nədir, gərək elə də edəm.
Siçovulları da əyləndirəcəyəm, ona görə əyləndirəcəyəm ki, məndən küsməyəsiz.
Tom bir qədər dayanıb, yadından bir şey çıxıb-çıxmadığı barədə fikirləşməyə başladı, sonra dedi:
- Hə, bir şeyi az qala yadımdan çıxarmışdım. De görək sən burda gül yetişdirə bilərsənmi?
- Bilmirəm, bəlkə də yetişdirə bilərdim, mister Tom, ancaq bura çox qaranlıqdır; bir də gül mənim nəyimə lazımdır ki, özünün də o qədər zəhməti var ki!
- Yox, sən bir sınaqdan keçir. Başqa məhbuslar əkib yetirirdilər.
- Çox uzun, çubuğa oxşayan ayı pəncəsi çiçəyi bitə bilər, mister Tom; ancaq onunla əlləşib vaxt itirməyə dəyərmi? Axı nə çiçəkdir ki!
- Son fikir eləmə. Biz sənin üçün lap kiçiyini taparıq, sən də onu o küncdə əkib becərərsən. Ona ayıpəncəsi çiçəyi yox, həbsxanada bitdiyi üçün "piççiola" de. Onu göz yaşlarınla sulayarsan.
- Mister Tom, mənim yanımda quyu suyu var.
- Sənə quyu suyu lazım deyil, sən gülü göz yaşında sulamalısan.
Bunu həmişə belə edirlər.
- Mister Tom, görərsiniz su ilə də çox yaxşı bitəcəkdir, lap göz yaşlarıynan sulayanlarınkından da yaxşı bitəcəkdir.
- İş onda deyil. Mütloq göz yaşı ilə sulanmalıdır.
- Belə olsa çiçək tamam solacaqdır, mister Tom, Allah haqqı solacaqdır, axı mən, demək olar ki, heç ağlamıram.
Bu sözə Tom özü də bilmirdi ki, nə cavab versin. O, fikirləşdi-fikirləşdi, axırda dedi ki, Cim bir qədər çalışmalı, soğanla və ya başqa şeylə gözlərini ovuşdurmalıdır. Sonra vəd etdi ki, səhər tezdən yavaşca zənci komalarına gedəcək və onun qəhvədanına soğan qoyacaqdır. Cim cavab verdi ki, "yaxşısı budur, öz qəhvəmə tənbəki tökərəm"; Cim, ümumiyyətlə, çox donquldanır, hər şeyə irad tuturdu, o nə ayıpəncəsi çiçəyi ilə məşğul olmaq, nə mizqanla siçovullar üçün musiqi çalmaq, nə ilanları, hörümçəkləri və başqa həşəratları özünə cəlb edib ələ öyrətmək istədi, ümumiyyətlə, heç bir iş görmək istəmədi; qələmlərin, yazıların, gündəliyin hazırlanması və başqa işlər buraya daxil deyildi. O deyirdi ki, məhbus olmaq məşəqqətli işdir, hər şeydən çətindir; bu vaxta kimi gordüyü işlərin ən çətinidir; məhbus hələ üstəlik hər şeyə cavab da verməlidir. Tom Cimin əlindən hirslənib dedi ki, şöhrət qazanmaq üçün belə bir imkan hələ heç bir məhbusa qismət olmamışdır, Cim isə buna qiymət vermir, odur ki, bütün cəhdlərimiz hədərə gedəcəkdir.
Bu sözlərdən sonra Cim Fikrini dəyişib peşman olduğunu bildirdi və dedi ki, o bir daha mübahisə etməyəcəkdir; bundan sonra biz Tomla yatmağa getdik.