Xəbərlər

Xankəndi məktəbinin ilk şagirdləri təəssüratlarını bölüşüblər

Sentyabrın 23-də Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbi qapılarını şagirdlərin üzünə açıb.

 

Məktəbin şagird və müəllimləri təəssüratlarını AZƏRTAC-la bölüşüblər.

 

Birinci sinif şagirdi Hüseyn ilk dərs günündən yeni dostlar qazandığını deyib: “Dərslərimi yaxşı oxuyub böyüyəndə polis olacağam”.

 

 

Zəhra İbadzadə səkkizinci sinifdə oxuyur. Məktəbin ilk şagirdlərindən olduğu üçün sevincinin həddi-hüdudu yoxdur: “Məktəb kollektivinə uğurlar diləyirəm. Bizə belə şərait yaratdığına görə Ali Baş Komandan İlham Əliyev başda olmaqla ordumuza, qazilərimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Dərslərimizi yaxşı oxuyub ölkəmizə yararlı vətəndaş olacağıq”.

 

 

Birinci sinif şagirdi Ayan məktəbini bəyəndiyini deyib. Daha sonra “Müəllim” şeirini söyləyib.

 

 

İkinci sinif şagirdi Səməd böyüyəndə polis olmaq istəyir: “Məktəbi çox sevdim. Böyüyəndə Xankəndidə işləyib, xalqımızı qoruyacağam”.

 

Məlahət Məmmədova məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir: “Məktəbin ilk müəllimlərindən olduğum üçün qürur duyuram. Şagirdləri, məktəb heyətimizi təbrik edirəm”.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Nizami Gəncəvi adına Xankəndi şəhəri 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmiri nəzərdə tutulub.

 

Məktəbin əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında başlanılıb. Məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir. Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.