Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XL fəsil

QARMAQARIŞIQLIQ VƏ XOŞBƏXTCƏSİNƏ XİLASOLMA


Səhər yeməyindən sonra kefimiz kök halda mənim qayığımı götürüb çayda balıq tutmağa getdik; özümuzlə yemək apardıq; vaxtımızı çox yaxşı keçirtdik, sala baxdıq, onun saz olduğuna tamamilə inandıqdan sonra çox gec, şam vaxtı evə qayıtdıq; baxıb gördük ki, hamı qorxu və həyəcan içərisində vurnuxur, heç kəsin ağlı bir şey kəsmir; bizə, axşam naharını qurtaran kimi yatmağa getməyi tapşırdılar, yeni məktub haqqında isə heç bir söz demədilər; bizim buna ehtiyacımız da yox idi, çünki məktubun məzmununu onlardan pis bilmirdik; pilləkənə qalxdıq, Salli xala arxasını bizə çevirdi; biz o dəqiqə özümüzü yemək şeyləri saxlanılan anbara verib şkafa yaxınlaşdıq, bir naharlıq yemək götürüb öz otağımıza apararaq yerimizə girdik, on ikinin yarısında isə yenə ayağa qalxdıq;
Tom, Salli xaladan oğurladığı paltarı geyib yeməyi aparmaq istərkən, birdən:

- Bəs yağ hanı? - deyə soruşdu.


Mən yağı qarğıdalı kökəsinin üstünə qoymuşdum, - deyə cavab verdim.


- Yəqin orada da qoymusan qalıb, burada yağ yoxdur.
- Yağsız da keçinərik, - deyə cavab verdim.
- Yağ olsa idi daha yaxşı olardı, - deyə Tom cavab verdi – anbara get yağı gətir. İldırımötürənlə aşağı düşüb qayıt. Mən isə Cimin paltarını samanla dolduraram, guya bu Cimin paltarını geymiş anasıdır, sən qayıdıb gələndə qoyun kimi mələrəm, sonra da birlikdə hamımız qaçarıq.


Tom çıxıb getdi, mən isə yemək şeyləri saxlanılan anbara düşdüm. Yumruq boyda yağ parçası mənim qoyduğum yerdə də dururdu; yağı kökə ilə birlikdə götürüb şamı söndürdüm, ehtiyatla pilləkənləri qalxmağa başladım. Xətərsiz yuxarıya gəlib çatdım, bir də gördüm ki, Salli xala əlində şam gəlir; mən tez yağı şlyapanın içinə soxdum, şlyapanı isə başıma keçırtdim; Salli xala bu vaxt məni görüb soruşdu:
- Sən anbarda idin?
- Bəli, xala.
- Orada nə edirdin?
- Heç nə.
- Necə yəni heç nə?
- Heç nə də, heç nə.
- Gecələr oraya getmək sənin ağlına haradan gəlib?
- Bilmirəm, xala.
- Bilmirəm? Tom, sən mənə bu cür cavab vermə, mən sənin orada nə etdiyini bilmək istəyirəm.
- Salli xala, mən orada heç nə etmirdim, Allah haqqı heç nə etmirdim!


Dedim ki, indi daha məndən əl çəkər, məni buraxar; axı başqa vaxtlar olsaydı bu cür edərdi, ancaq indi evimizdə qəribə hadisələr baş verdiyindən Salli xala hər bir azca şübhəli şeydən, hətta boş şeylərdən belə qorxuya düşürdü, buna görə o qətiyyətlə dedi:
- Bu saat qonaq otağına gedib məni orada gözlə! Sən nə isə deyəsən burnunu lazım olmayan yerlərə soxursan! Heç narahat olma, mən hər şeyi aydınlaşdıraram!


O getdi, mən isə qonaq otağının qapısını açıb içəri girdim. İçəri adamla dolu idi! On beş fermer var idi, hamısı da tüfəngli idi.


Halım yaman xarablaşdı; özümü stulun üstünə saldım, oturdum. Onlar da bütün otaq boyunca stullara oturmuşdular; bəziləri alçaqdan danışırdı, hamı sanki iynə üstündə oturmuşdu, özlərini sakit göstərmək istədiklərinə baxmayaraq, hamısının halı pis idi; bunu mən hiss edirdim, çünki onlar gah şlyapalarını çıxarır, gah geyir, gah da peysərlərini qaşıyır, bir yerdən o biri yerə keçir, düymələrini oynadırdılar. Mənim də halım özümdə deyildi, lakin buna baxmayaraq, şlyapamı başımdan çıxarmırdım.


Mən istəyirdim ki, Salli xala tezliklə gəlib mənimlə haqq-hesabı qurtarsın. Lap lazım bilirsə məni döysün də, sonra mən tez Tomun qaçıb həddindən artıq canfəşanlıq etdiyimizi ona deyim, onu başa salım ki, eşşəkarısı yuvasını yaman həyəcana gətirmişik!
Daha axmaqlıq etməyin mənası yoxdur, nə qədər ki, bu qoçaqlar bizi yaxalamamışlar, Cim ilə birlikdə qaçaq.


Nəhayət, Salli xala gəlib sorğu-suala başladı; ancaq mən bir suala da əməlli cavab verə bilmədim, ağlıma heç bir ağıllı şey gəlmirdi, çünki fikrim fermerlərdə idi, onlar bu saat quldurların üstünə getmək istəyirdilər, deyirdilər ki, gecə yarısına cəmisi bir neçə dəqiqə qalmışdır, bəziləri isə deyirdi ki, quldurun qoyun kimi mələməsini gözləmək lazımdır; Salli xala da bu yandan öz sualları ilə məndən əl çəkmirdi, mən isə qorxudan əsir, ayaq üstə güclə dayanırdım; otaq get-gedə qızışırdı, bu vaxt şlyapanın içindəki yağ da əriyib gicgahlarından boynumdan axmağa başladı; fermerlərdən biri "Elə indicə daxmaya gedib orada gizlənmək və onlar gələn kimi hamısını bir yerə tutmaq lazımdır" – dedikdə, az qaldı ki, yıxılanı; bu vaxt yağ alnımdan da axmağa başladı. Bunu görən Salli xala ağappaq ağarıb dedi:
- Allah, sən özün saxla! Bu uşağa nə oldu? Yəqin ki, beyni iltihab edib, bura baxın, axıb tökülür!


Hamı baxmaq üçün yaxına gəldi, Salli xala isə şlyapamı başımdan götürdü, bu vaxt yağ ilə çörək yerə düşdü, bunu görən Salli xala məni qucaqlayıb dedi:
- Başıma yaman oyun açmısan! Allaha çox şükür ki, belə oldu, mən buna çox şadam; axır vaxtlar bizimki heç gətirmir, görürsən elə bədbəxtlikdir ki, üz verir. Mən üzümdən axan yağı görəndə fikirləşdim ki, daha sənin ömrünə az qalıb, çünki bu lap beyinə oxşayırdı.. Ay evi tikilmiş, axı sən anbara nə üçün getdiyini mənə niyə demirdin?


Desəydin, mən bu qədər təlaş etməzdim! İndi isə get yat, səhərə kimi səni görməyim!


Mən bir saniyənin içində yuxarı qalxdım, o saat da ildırım ötürənlə aşağı enib qaranlıqda büdrəyə-büdrəyə daxmaya tərəf qaçdım. Çoxhəyəcanlı olduğumdan danışa da bilmirdim, lakin buna baxmayaraq, bir-iki kəlmə ilə Toma dedim ki, buradan tezliklə qaçmaq lazımdır, bir saniyə də olsun itirmək olmaz, ev adamla doludur, hamısı da əli tüfənglidir!

Tomun gözləri parıldadı, o dedi:
- Nə danışırsan? Ola bilməz! Bu lap qiyamətdir! Hə, Hek, əgər hər şeyi yenidən başlamalı olsaydıq; mən buraya ən azı iki yüz adam yığardım. Eh, bir qədər təxirə salmaq mümkün olsaydı.
- Tələs, - dedim, - tələs! Cim hardadır?
- Budur ey, yanındadır, əlini uzatsan ona çatar.


O, paltarını dəyişib, hər şey hazırdır. İndi isə gəlin buradan çıxaq və qoyun kimi mələyək.


Bu zaman biz ayaq səsləri eşitdik, fermerlər qapıya yaxınlaşdılar, sonra qıfılı yoxlamağa başladılar, onlardan biri isə dedi:
- Mən sizə dedim ki, hələ tezdir; onlar hələ gəlməyiblər, özünüz görürsünüz ki, qapı qıfıllıdır. Bilirsinizmi nə var, siz içəridə qaranlıqda oturun, mən qapını üzünüzə qıfıllayım; sonra isə onları pusub hamısını birdən gülləyə tutun; qalanlarınız isə burada olun; hərəniz bir tərəfə dağılışıb onların gəlib-gəlmədiklərinə fikir verin.


Bir neçə adam daxmaya girdi, ancaq qaranlıqda onlar bizi görmədilər, biz çarpayının altına girəndə az qala üstümüzə çıxıb, bizi tapdalayacaqdılar. Biz sağ-salamat, lakin tez və səs çıxarmadan lağıma girdik. Birinci Cim, onun arxasınca mən, mənim dalımca isə Tom girdi, Tom özü belə göstəriş vermişdi. İndi biz əlavə tikilidə idik və lap yaxınlıqda onların ayaq səslərini eşidirdik. Yavaşca qapıya yaxınlaşdıq, lakin Tom bizi dayandırıb qapının deşiyindən baxmağa başladı, ancaq çox qaranlıq olduğundan heç bir şey seçə bilmədi; pıçıltı ilə bizə dedi ki, dayanıb qulaq asacaqdır, addım səsləri uzaqlaşan kimi, dirsəyi ilə bizi itələyəcəkdir, onda Cim qoy birinci çıxsın, o özü isə lap axırda çıxacaqdır. Sonra o, qulağını deşiyə yaxınlaşdırıb dinləməyə başladı, ətrafda isə hey addım səsləri eşidilirdi, nəhayət, o bizi dirsəyilə itələdi; biz çıxıb əyilə-əyilə bir-birimizin ardınca hindilər kimi çəpərə tərəf getdik; çəpərə salamat gəlib çatdıq. Mən Cim ilə çəpəri aşdım, Tomun isə şalvarı çəpərə ilişdi, onların yaxınlaşdığını eşidən Tom dartındı, çəpərin taxtası cırıldayıb sındı; çəpərdən hoppanıb bizim dalımızca qaçanda kim isə Tomun dalınca qışqırdı:
- Kimdir? Cavab ver, yoxsa atəş açacağam.


Lakin biz cavab vermədik, qaçmaqla canımızı qurtarmağa çalışdıq. Onlar bizim dalımızca düşdülər; Gup! Gup! Gup! - Güllələr başımızın üstündə vıyıldamağa başladı.
Sonra onların qışqırıqlarını eşitdik:
- Onlar buradadır! Çaya tərəf qaçdılar! Onların ardınca, uşaqlar, itləri buraxın!


Bizim ardımızca gəldiklərini eşidirdik, çünki onların hamısı uzun-boğaz çəkmə geymişdi və qışqırırdı, biz isə ayaqyalın idik və qışqırmırdıq. Biz taxta zavoduna tərəf qaçdıq, onlar bizə çatmağa az qalmış yolumuzdan dönüb kolluğa girdik, onları öz yanımızdan irəliyə buraxdıq, sonra isə onların arxasınca qaçdıq. Əvvəlcə quldurları hürküdüb qaçırmamaq üçün bütün itləri zəncirdə saxlamışdılar, indi kim isə onları açıb buraxmışdı; bir də gördük ki, itlər ardımızca gəlir və elə hürürlər ki, elə bil milyon it birdən hürür. Ancaq itlər özümüzünkü idi; biz dayanıb itləri gözlədik, itlər bizi görüb tanıdılar və burada onlar üçün maraqlı bir şey olmadığından quyruqlarını bulaya-bulaya, hay-küy və ayaq səsləri gələn tərəfə qaçdılar; biz də onların dalınca düşüb taxta zavodunadək beləcə qaçdıq, sonra dönüb kolluqla mənim qayığımın bağlandığı yerə gəlib çıxdıq, hoppanıb qayığa minərək var qüvvəmizlə avar çəkib çayın ortasına tərəf üzməyə başladıq. Ancaq çalışırdıq ki, səs salmayaq. Sonra qayığı ehmalca döndərib salı gizlətdiyimiz adaya tərəf üzdük; bundan sonra biz hələ də itlərin hürüşdüyünü və sahil boyu o tərəf-bu tərəfə qaçdıqlarını eşidirdik; bir qədər uzaqlaşandan sonra səslər azaldı, sonra da tamam kəsildi. Salın üstünə çıxandan sonra mən dedim:
- Hə, Cim. İndi sən yenə də azadsan və bundan sonra heç vaxt qul olmayacaqsan!
- Hek, işlərimiz də çox yaxşı gətirdi. Yaxşı fikirləşib düzəltmiş, həyatı isə ondan da yaxşı keçirmişik, heç kəs bizim kimi belə yaxşı və fəndgir bir iş fikirləşib tapa bilməzdi!


Biz hamımız sevinirdik, hamımızdan çox isə Tom Soyyer sevinirdi, çünki onun əyağına güllə dəymişdi.
Cim ilə mən onun ayağına güllə dəydiyini bildikdə çox məyus olduq. Güllənin yeri Tomu bərk incidirdi, qan da ara vermədən axırdı; biz onu çadırın içində uzandırdıq, hersoqun köynəyini cırdıq, onun ayağını bağlamaq istədik, lakin o dedi:
- Cındırları bəri verin; bunu mən özüm də bacararam, özünüzü ələ salmısınız, nədir, yubanmayın, vaxtımız yoxdur. İndi ki, qaçış gözəl baş tutubdur, onda salı açın, avarlardan yapışın! Uşaqlar, qaçışı çox gözəl qurduq, lap qəşəng çıxdı. Avarlardan yapışın, avarlardan yapışın!


Lakin mən Cimlə məsləhətləşib fikirləşməyə başladıq. Bir dəqiqə fikirləşdikdən sonra mən dedim:
- Cim, de görək nə etməliyik?
Cim dedi:


- Qulaq asın, mənim fikrim belədir. Əgər bu mister Tom olsaydı və biz onu azad etsəydik, bizlərdən birimizi isə güllə ilə vursaydılar, məgər o: "Tez olun, məni xilas edin, yaralı üçün doktor çağırdı nədir?" - deyərdimi? Heç vaxt belə deməzdi. Bəs Cim necə, məgər o belə deyərmi? Yox, ser, doktor bura gəlib çıxmayınca yerimdən tərpənən deyiləm, lap qırx il də olsa oturub gözləyəcəyəm!


Mən Cimin təmiz ürəkli adam olduğunu bilirdim, ona görə də onun məhz belə deyəcəyini gözləyirdim; indi hər şey öz qaydasında idi, mən Toma dedim ki, doktor dalınca gedirəm. O bunu eşidib böyük mərəkə qopartdı, mənimlə Cim isə sozümüzün üstündə duraraq heç cür güzəştə getmədik. Tom istədi ki, iməkləyə-iməkləyə gedib salı açsın, lakin biz onu qoymadıq. Bclə olduqda, o bizimlə dalaşmağa başladı, amma bu da heç nəyə kömək etmədi.


O mənim qayığı açdığımı gördükdə isə dedi:
- Yaxşı, indi ki, getməyə bu qədər həvəsin var, onda şəhərə çatarkən nə etməli olduğunu sənə deyim. Qapını bağlayıb doktorun əllərini və ayaqlarını sarıyırsan, sonra gözlərini də satğı ilə bağlayarsan, qoy o ölü kimi susub duracağına and içsin, sonra onun
ozünə bir kisə qızıl verərsən, onu düz yolla yox, qaranlıqda nəzərə çarpmayan yerlərlə gətirərsən; çayla üzüb gələrkən də qayığı düzünə yox, kiçik adamların arası ilə dolanbac sürərsən; onun üst-başın: axtarmağı da yadından çıxarma, tabaşirini alarsan, bir də
yenidən şəhərə aparanda ona qaytararsan yoxsa o, bizim salı tapa bilmək üçün tabaşirlə işarələr çəkə bilər. Bu həmişə belə olur.


Mən hər şeyi onun dediyi kimi edəcəyimi söyləyib qayığa minərək getdim. Cimə isə dedim ki, doktoru görən kimi gedib meşədə gizlənsin, doktor buradan çıxıb gedincəyədək orada otursun.