Nağıllar, hekayələr

Təmənnalı yaxşılıq (əfsanə)

Artıq yazın xoş, ilıq nəfəsi duyulurdu. Əkinçi əkin işlərinə hazırlaşırdı.

Birdən gördü ki, bir quzğun caynağındakı hacıleyləyi sal bir daşa çırpdı. O, hacıleyləyin üstünə bir də şığımaq istədi. Ancaq qocanı görüb havada bir neçə dövrə vurdu, sonra uçub getdi.

Kişi tez hacıleyləyə yaxınlaşdı. Baxdı ki, quşun bir qanadı və bir ayağı sınıb. Quşu özü ilə evə gətirdi və onu müalicə etməklə məşğul oldu.

Hacıleylək sağaldı. Buna sevinən əkinçi hacıleyləyi buraxdı.

Aradan xeyli keçmişdi. Qoca əkinçi şuma toxum səpirdi.

Bir də gördü ki, hacıleylək uçub gəldi, ağzından yerə bir neçə toxum salıb getdi.

Əkinçi toxumları götürüb əkdi. Bu toxumdan iri qarpızlar əmələ gəldi. O, qarpızlardan birini kəsdi. Qıpqırmızı olan bu qarpız bal kimi şirin idi. O, padşaha bu qarpızlardan hədiyyə aparmaq istədi. Kişi tağdan 1-2 qarpız üzdü, saraya yollandı.

Şah qarpızların kəsilməsini əmr etdi. Qarpızı kəsəndə içindən süfrəyə qızıl töküldü. Hamını heyrət götürdü.

Şah bu sirrin səbəbini soruşdu. Qoca əkinçi hacıleylək əhvalatını danışdı.

Şah dedi:

– Sənə üç gün vaxt verirəm, necə olursa olsun, hacıleyləyi tutub mənə gətirməlisən.

Şahın qəzəbindən qorxan əkinçi çətinliklə hacıleyləyi tutdu, saraya gətirdi.

Şah hacıleyləyin əvvəl qanadının birini, sonra da ayağının birini sındırdı. Daha sonra quş üçün xüsusi yer ayırdı. Onu böyük qayğı ilə sağaltmağa başladı.
Sağalan quşu havaya uçurdu.

Bir müddət keçdi. Bir səhər hacıleylək qayıtdı və ağzında bir neçə toxum gətirdi.

Şahın əmri ilə bağçanı təmizlədilər, qızılgül kollarını çıxarıb əvəzində hacıleyləyin gətirdiyi toxumları əkdilər.

Bir neçə gündən sonra bağ başdan-başa qaratikan kollarına büründü.
Onu nə qədər kəsib atdılarsa da, kökünü kəsə bilmədilər.

Müdrik bir qocaya üz tutdular. O dedi:

-Mənim quşa etdiyim yaxşılıq təmənnasız yaxşılıq idi, sizinki isə təmənnalı yaxşılıqdır. Ona görə də quş hər kəsə öz payını çatdırıb.