Albert Aqarunov
Milliyyətcə yəhudi olan Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Səkkiz qardaşı və iki bacısı olan Albert ailəsinin sonbeşiyi idi. Albertin atası Aqarun neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. Anası Lio sovet hökuməti tərəfindən "Qəhrəman Ana" adına layiq görülmüşdür; bu titul çoxsaylı uşağı olan analara verilirdi.
Albert uşaq yaşlarından musiqi ilə maraqlanmış, musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdi.
1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycanın bütün yəhudi sakinləri həm zorakılıqdan, həm də hərbi xidmətdən yayınmaq üçün İsrailə, Avropaya və ya ABŞ-yə mühacirət etmək imkanına malik idilər. Ailəsinin digər üzvləri ölkədən xaricə köçsə də, Aqarunov Azərbaycanda qalmış və 1991-ci ildə cəbhə bölgəsinə könüllü getmişdir.
Müharibənin qızğın vaxtında könüllü olaraq cəbhəyə yollanan Aqarunov tank komandiri təyin edilir və Şuşa cəbhəsinə göndərilir. O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksək ixtisaslı tankçılara böyük ehtiyacı vardı. Albert və onun tank heyəti tezliklə bütün cəbhə xəttində şöhrət qazanır. Cəsur tankçı Xankəndi, Daşaltı və başqa istiqamətlərdə düşməni dəfələrlə pərən-pərən salır, onlarla düşməni və xeyli hərbi texnikanı məhv edir.
Ermənilər Laçına gedən yolu kəsməklə Şuşanı tam mühasirəyə almaq istəyirdi. Albert döyüş əmri alır və dərhal tankını həmin istiqamətə yönəldir. Erməni tankları ilə aradakı məsafə getdikcə daralırdı. Fürsəti əldən verməmək üçün o, tankın sürətini daha da artırır və sərrast atəşlə düşmənin öndə gələn tankını məhv edir. Döyüşdə neçə-neçə düşmən texnikasını sıradan çıxarır. Albert yenidən həmləyə keçməyə can atırdı. Şəhid olan piyada əsgərlərimizin üzərindən keçməmək üçün tankı saxlayıb onları yoldan kənara çəkərkən düşmən snayperinə tuş gəlir. Ölümündən sonra Albert Aqarunova Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verildi.