Mark Tven. Heklberri Finnin macəraları. XLI fəsil
Mən doktoru yuxudan ayılarkən gördüm ki, bu qoca, zahiri görkəmdən xoşagələn və mülayim bir adamdır. Mən ona dedim ki, dünən qardaşımla birlikdə İspan adasında ov edirdik, orada bir sal tapıb onun üstündə gecələməyə qaldıq, gecə yarı qardaşım, görək ki, yuxulu-yuxulu tüfəngi bilməyib itələmiş, güllə açılıb onun ayağına dəymişdir; indi doktordan xahiş edirik ki, oraya gedib onun yarasına sarısın, amma bu barədə heç kimə bir söz deməsin, çünki biz elə bu axşam evə qayıtmaq istəyirik, qohumlarımız isə hələ heç bir şey bilmirlər.
- Bəs sizin qohumlarınız kimdir? - deyə doktor soruşdu.
- Felpslər, onlar şəhərdən kənarda yaşayırlar.
- Hə, belə de! - deyə qoca dilləndi. Sonra bir qədər susub yenidən soruşdu: - Necə dediniz, o necə yaralanmışdır?
- O nə isə bir yuxu görür, - deyə bildirdim, - güllə açılıb ona dəyir.
- Qəribə yuxudur, - deyə doktor cavab verdi.
O, fənəri yandırdı, lazım olan şeyləri çantasına yığdı, birlikdə yola çıxdıq. Ancaq doktor qayığımı gördükdə bəyənmədi, dedi ki, bu qayıq bir nəfər üçün yenə bəd deyil, iki nəfərə davam gətirə bilməz.
Mən ona dedim:
- Qorxmayın, ser, o bizim üçümüzə də yaxşı davam gətirdi.
- Necə yəni üçümüzə?
- Bəli də, mənimlə Sidə, bir də ki,... bir də ki, tüfəngə, mən bunu demək istəyirdim.
- Hə, belə de, - deyə qoca tərəddüd etsə də, ayağını qayığın kənarına qoyub onu yoxladı, sonra başını bulayıb dedi ki, çalışıb daha möhkəm və davamlı bir qayıq taparam. Lakin bütün digər qayıqlar zəncirlə bağlanmışdı, buna görə də o qayığına minib mənə dedi ki, qayıdıb gəlincəyədək onu burada gözləyim, yaxud özüm üçün başqa bir qayıq axtarıb tapım, yaxud da, əgər istəyirəmsə, evə gedib qohumları bu işdən xəbərdar edim. Mən dedim ki, yox, istəmirəm, sonra salı tapmağın yolunu onu başa saldım, o da çıxıb getdi.
Bu vaxt mənim ağlıma bir fikir gəldi. Öz-özümə dedim ki, görəsən o Tomu bu cür tez, iki daşın arasında sağalda bilərmi? Birdən ona bundan ötrü üç-dörd gün vaxt lazım oldu. Mən onda nə etməliyəm? Oturub gözləməliyəm ki, o, açsın sandığı, töksün pambığı? Yox, ser! Mən nə edəcəyimi bilirəm. Onu gözləyərəm, əgər o qayıdıb desə ki, bir dəfə də getməlidir, onda mən də onunla gedərəm, istəyir lap üz-üzə də olsun yenə də gedərəm; orada isə biz onu tutub əl-ayağını bağlayarıq, salın üstünə qoyub birlikdə çayla aşağıya üzərik; o daha Toma lazım olmadıqda isə, zəhmət haqqını verib sahilə çıxarıq.
Mən tirlərin üstünə çıxıb bir qədər yatdım; yuxudan ayıldıqda günəş artıq başımın üstündə, göydə idi. Yerimdən sıçrayıb tez doktorun evinə qaçdım, lakin onun evində mənə dedilər ki, doktor hələ gecə ikən xəstə yanına getmiş və bu vaxtadək qayıtmamışdır. Öz-özümə dedim ki, deməli, Tomun işi xarabdır, tez adaya üzüb getmək lazımdır. Doktorun evindən çıxıb tini burulan kimi Saylas əmi ilə toqquşdum, az qala başımla Saylas əminin qarnını əzəcəkdim!
- Tom, sənsənmi? Yaramaz uşaq, bu vaxta kimi haradaydın? - deyə soruşdu.
- Heç bir yerdə, - deyə cavab verdim, - Sidlə birlikdə qaçqın zəncini tutmağa getmişdik.
- Bəs bu vaxtadək harada itib qalmışsınız? - deyə o yenə soruşdu.
- Xalan yaman narahat olub!
- Əbəs yerə narahat olub, - dedim, - bizim başımıza beç bir iş gəlməyib. Biz adamların və itlərin dalınca qaçdıq, ancaq onlar bizi ötüb keçdilər, onları gözdən itirdik, sonra bizə elə göründü ki, guya onlar çayın o tayındadırlar, biz bir qayıq tapıb çayın o biri sahilinə üzdük, ancaq orada heç kəsi görməyib çayın axınına qarşı üzməyə başladıq.
Əvvəlcə çayın sahili boyunca üzürdük, sonra isə elə yorulmuşduq ki, yatmaq istədik; qayığı sahilə bağlayıb yatdıq, bir saat olar ki, yuxudan durmuşuq. Sid poçta getdi ki, görsün yenə məktub var, ya yox, mən isə ozümüz üçün yeməyə bir şey axtarıram, sonra biz evə qayıdacağıq.
Biz Saylas əmi ilə "Sidin ardınca" poçta getdik, lakin mən güman etdiyim kimi də oldu, Sid orada yox idi; qoca nə isə bir məktub aldı; sonra biz bir qədər də gözlədik. Lakin Sid gəlib çıxmadı. Belə olduqda qoca dedi ki, "gedək evə, Sid avara-avara gəzməkdən bezikdikdə, ya ayaqla, ya da qayıqla qayıdıb gələr, biz isə atla gedərik!" O məni burada qalıb Sidi gözləməyə qoymadı; dedi ki, qalmağın mənası yoxdur. Tez evə getmək lazımdır, qoy Salli xala görsün ki, başınıza bir iş gəlməyib.
Biz qayıdıb evə gəldikdə Salli xala məni görüb çox sevindi. O gah gülür, gah ağlayır, gah məni qucaqlayıb bağrına basır, gah da yavaşcadan vururdu; Salli xala Sidi də qayıtdıqda döyəcəyini vəd etdi.
Ev qonaqlarla dolu idi, fermerlərin hamısı öz arvadları ilə birlikdə bizdə nahar edirdilər, elə hay-küy var idi ki, ömrümdə beləsini görməmişdim. Qoca qarı Hoçkis hamıdan bədtər idi, susmaq bilmədən doğrayıb tökür, yaman çərənçilik edirdi.
- Felps bacı, - deyə qarı söyləyirdi, - mən daxmanı görən kimi bu qərara gəldim ki, sizin zənci dəlisovdur. Demrel bacıya dedim ki, gördünmü, Demrel bacı mən sənə nə demişdim? Axı o dəlisovdur, beləcə demişdim! Lap beləcə; siz hamınız eşitdiniz ki, nə dedim. - o dəlisovdur, bunu hər şeydən görmək olur. Elə bu dəyirman daşının özünü götürün, bunun özü sübutdur da. Heç ağlı başında olan adam da dəyirman daşında durub hər cür axmaq şeylər cızar? Axı nə üçün belə etsin? Burada filankəs öz ürəyini parçalamışdır, burada filankəs otuz yeddi il ömür çürütmüşdür, nə bilim, familiyasını da yadımdan çıxartmışam... neçənci Lüdovikin qeyri-qanuni doğulmuş oğlu və sairə, nə isə, hamısı cəfəngiyatdır! Dedim lap əməlli-başlı dəli olub! Lap əvvəldən belə deyirdim, sonra da belə demişəm, indi də deyirəm, həmişə də deyəcəyəm; bu zənci tamam dəlidir, xalis Navuxodonosordur1 deyirəm...
- Hoçkis bacı, bəs əsgi parçalarından düzəldilmiş nərdivanı demirsən? - deyə Demret qan onun sözünü yarımçıq kəsdi. - Siz Allah, bir deyin görüm, axı bu onun nəyinə gərək idi?
- Bu saat Otterbek bacıya elə bunu deyirdim, inanmırsınız, özündən soruşun. "Kəndir nərdivanın?" - deyə o məndən təəccüblə soruşdu.
Mən də dedim ki, "bəli, kəndir nərdivan, bir deyin görüm onun nəyinə gərəkmiş". Otterbek bacı isə hələ bir deyir de ki...
- Bəs axı bu dəyirman daşı oraya necə düşüb? Həmin lağımı bəs kim atıb? Kim...
- Mən də elə bunu deyirəm də, Penrod qardaş! Mən elə bu dəqiqə dedim... içində patka olan nimçəni mənə verin... lap indicə Denlep bacıya dedim, lap bu dəqiqəcə! "Görəsən onlar dəyirman daşını nə yolla oraya aparıblar? - deyə soruşdum, - həm də heç bir kömək olmadan, bir görün a, heç kim kömək etməyib! Əlbəttə, hə..." Siz nə danışırsınız, dedim, köməksiz də şey olar, dedim, bir kimsə kömək edib, bəlkə də bir nəfər yox, bu zənciyə lap iyirmisi kömək eleyib, dedim, mənə qalsa, dedim, mən buradakı zəncilərin hamısını, bircə nəfərinə kimi şallaqlayar, necə olsa, bunu kimin etdiyini öyrənərəm, - dedim; hələ bundan başqa...
- Siz iyirmi adam deyirsiniz! Bu işlərin öhdəsindən heç qırx adam da gələ bilməzdi. Siz bir baxın: bıçaqlardan mişar və hər cür başqa şeylər düzəldilmişdir, bu şeyləri düzəltmək isə nə qədər zəhmət tələb edir!
Belə bir mişarla çarpayının qıçını kəsmək üçün on adam da olsa, azı bir həftə əlləşməlidir. Bəs çarpayı üstündəki zəncini necə, gördünüzmü? Samandan düzəldilibdir. Hə, gördünüzmü ki... - Xaytauer qardaş, heç zəhmət çəkməyin! Mən indicə bunu Felps qardaşa dedim. Felps qardaş da məndən soruşdu ki; "Hoçkis bacı, bəs sizin fikriniznədir?"
- "Nə barədə deyirsən?" - dedim. "Çarpayının qıçı barədə deyirəm də, axı, onu necə mişarlayıblar?" - dedi. "Əlbəttə! Özü qopub düşməyəcək ki, dedim kim isə mişarlayıb da. Mənim fikrim budur, dedim, indi isə özünüz necə fikirləşirsiniz fikirləşin, mənim fikrim isə bax belədir, dedim, kim başqa cürə fikirləşirsə, qoy elə də fikirləşsin, dedim, bax belə, vəssalam". Denlep bacıya dedim ki: "Bax, belə deyirəm...".
- Yəqin ki, lap bir ev zənci yığışıbmış, Felps bacı, çünki bütün bu işləri görmək üçün ən azı bir ay oturub gecələr işləmək lazımdır. Elə bu köynəyi gotürün, başdan-ayağa kimi gizli Afrika yazıları ilə doludur, hamısı da, lap son işarəsinədək qanla yazılıbdır! Yəqin ki, orada böyük bir dəstə, həm də çoxdan bəri işləyirmiş! Bütün bu yazıları ayırd edib mənə oxusalar, inanın ki, lap iki dollarımdan keçərdim, sonra da bunları yazan zənciləri tapıb əməlli-başlı şallaqlayardım...
- Maplz qardaş, siz deyirsiniz ki, ona kömək etmişlər, eləmi? Bəs necə, əlbəttə, kömək etmişlər! Əgər bu vaxt bizim evdə yaşasaydınız, özünüz görərdiniz. Daha bizim nə qədər şeyimizi daşıyıb aparmışdılar, əllərinə keçən bər bir şeyi aparmışdılar! Həm də bilin ki, biz həmişə göz qoyurduq. Bu köynəyi elə zivədəncə aparmışdılar! Nərdivan qayırdıqları döşəkağını isə, heç özüm də bilmirəm ki, neçə dəfə çırpışdırmışdılar. Hələ un, şamlar, şamdanlar, qaşıqlar, köhnə tava, məgər hamısı yadda qalırmı? Hələ mənim təzə çit paltarım! Bayaq sizə dedim ki, mənimlə Saylas, Tomla Sid gecə də, gündüz də onları güdürdük, amma beləcə də beç bir şey aşkara çıxara bilmədik. İndi budur, birdən, on axır dəqiqədə, gördünüz də! - Gözünüzün qabağındaca sivişib getdilər, bizi əkdilər, nəinki təkcə bizi, hindi torpağından olan böyük bir quldur dəstəsini də akdilər və həmin zənci ilə sakitcə aradan çıxdılar, hələ on altı adam və iyirmi iki it onları addımba addım təqib edirdi! Bu işləri yalnız şeytanlar bu cür məharətlə edə bilərdi, özü də çox çətin, Məncə elə şeytan işidir; siz ki, bizim itləri tanıyırsınız, çox gözəl itlərdir, bundan yaxşıları heç kəsdə yoxdur, bax, hətta onlar da bircə dəfə belə izin ardına düşə bilmədilər! Bax, indi bacarırsınızsa, biriniz məni başa salın görək bu nə işdir!
- Bu, bilirsinizmi...
- Allah göstərməsin, heç vaxt...
- Allah özün kömək ol, mən heç vaxt istəmərəm ki...
- Ev oğruları, bir də ki...
- Mən belə evdə yaşamağa qorxardım, Allah, Özün məndən iraq elə!
- Yaşamağa qorxardınız? Mən özüm də qorxurdum, uzanıb yatmağa da, yerimdən qalxmağa da qorxurdum, nə oturmağa, nə uzartmağa cəsarət edirdim, Ricuey bacı! Onlar necə də oğurlayırdılar... bir təsəvvür edin ki, dünən, gecə yarıya az qalmış qorxudan nələr çəkmişəm! Mən onların uşaqları oğurlayıb aparacağından qorxmağa başlamışdım, Allah özü fauna şahiddir! Qorxum o dərəcəyə çatmışdı ki, ağlımı belə itirmişdim! İndi, gündüz vaxtı bunların hamısı çox gülünc görünür, o vaxt isə fikirləşirdim ki, mənim yazıq Tomumla Sidim görəsən orada, yuxarı mərtəbədəki otaqda təkcə necə yatıblar? Allah şahiddir ki, nə qədər təşviş edirdim, axın yavaşca yuxarıya qalxıb onların otağını bayırdan açarla bağladım, bəli, bəli, gedib otaqlarının qapısını açarla bağladım! Mənim yerimə elə hər kim olsaydı gedib bağlardı. Çünki, özünüz bilirsiniz, belə hallarda getdikcə daha da bərk qorxuya düşürsən, saatbasaat halın daha pis olur, başına min cür fikir gəlir, - sonra da Allah bilir ki, necə axmaq işlər edirsən! Düşünürsən ki, əgər mən də bir oğlan uşağı olub orada, otaqda təkcə qalsaydım, qapı isə bağlı olmasaydı...
Salli xala susub, elə bil ki, fikrə getdi, sonra isə yavaş-yavaş mənə tərəf dönüb baxdı, - mən ayağa qalxıb, gəzinməyə getdim. Öz-özümə dedim ki, əgər bir tərəfə çəkilib bu barədə fikirləşsəm, bu səhər nə üçün evdə olmadığımızı yaxşıca izah edə bilərəm. Belə də etdim. Ancaq uzağa getməyə cəsarət etmədim, fikirləşdim ki, Salli xala dalınca adam göndərər. Bir qədər keçəndən sonra qonaqlar dağılışıb gəldikləri vaxt Salli xalanın yanına gəlib dedim ki, "mənimlə Sidi" güllə səsləri ilə hay-küy yuxudan oyatdı; biz nə əhvalat baş verdiyinə baxmaq istədik, qapı isə açarla bağlı idi, buna görə də biz ildırım ötürənlə aşağıya düşdük, hər ikimiz bir balaca əzildik, bir daha hcç vaxt bela etməyəcəyik. Sonra isə Saylas əmiyə dediklərimin hamısını ona söylədim; Salli xala isə dedi ki, bizi bağışlayır, əslində, bəlkə heç bağışlanmalı şey də yoxdur, oğlan uşaqlarından bundan artıq bir şey gözləmək də olmaz, o yaxşı bilir, oğlanların hamısı yaman dəcəl olur, indi ki, bundan heç bir pis şey ortaya çıxmayıbdır, onda narahat olmağa və hirslənməyə dəyməz, keçənə güzəşt deyərlər, Allaha çox şükür ki, biz sağ-salamatıq, heç birimiz itib didərgin düşməmişik. O məni öpüb, başımı sığalladı, sonra fikrə gedib qanı qaraldı və birdən diksinib dedi:
- Allah, özün rəhm elə, gecəyə az qalıb, Sid isə hələ də yoxdur! O harada ola bilər? Gördüm ki, münasib vəziyyətdir, yerimdən sıçrayıb dedim:
- Bu saat şəhərə qaçıb, onıı taparara!
- Yox, zəhmət çəkmə, - deyə Salli xala cavab verdi. Yerindəcə oturub qal. Birinin itdiyi də bəs edər. Tom, axşam naharıda da gəlib çıxmadı, axşam naban qurtaran kimi Saylas əmi şəhərə getdi.
Saat on olardı ki, Saylas əmi bir qədər həyəcanlı halda qayıdıb gəldi, o Tomun heç izini-tozunu da tapmamışdı. Salli xalanın əhvalı yaman pozuldu, Saylas əmi isə dedi ki, hələ dərdə-qəmə batmaq tezdir; "Oğlan uşaqlarının hamısı elə belədir, bax, görəsən ki, o da səhər sağ-salamat gəlib çıxacaq", Salli xala bu sözlərdən bir qədər sakit kimi oldu. Lakin dedi ki, uzanıb yatmayacaq, oyaq qalıb Sidi gözləyəcəkdir, şamı da söndürməyəcək ki, o, gələndə görə bilsin.
Sonra, mən yatmağa gedəndə o da öz şamını götürüb mənimki getdi, üstümü möhkəm-möhkəm örtüb doğma ana kimi mənə qulluq etdi; mən hətta utanıb xəcalət çəkdim, onun üzünə belə baxa bilmədim; o isə mənim yanıma – çarpayıda oturub xeyli söhbət etdi; bizim Sidin necə yaxşı oğlan olduğunu söyləyir, onun haqqında danışmaqdan doymaq bilmir və tez-tez məndən soruşurdu ki, mən nə deyə bilərəm; görəsən, o azmayıb ki, yaralanmayıb ki, bəlkə çayda batıbdır, bəlkə elə bu dəqiqə haradasa ya yaralı, ya da ölmüş balda sərilib qalıbdır, Salli xala isə ona kömək edə bilmir... Bu vaxt onun gözlərindən yaş axmağa başladı, mən isə dalbadal ona deyirdim ki, Sidə bir şey olmayıbdır, yəqin ki, səhər tezdən qayıdıb evə gələr; o gah mənim əlimi tutub oxşayır, gah məni öpür, bu sözləri bir daha söyləməyimi xahiş edirdi, deyirdi ki, ürəyi yaman narahatdır, bu sözləri eşidəndə isə özünü bir qədər yüngül hiss edir. Salli xala çıxıb gedərkən gözlərini mənə zilləyib mehribanca baxaraq dedi:
- Tom, mən qapını bağlamayacağam. Burada pəncərə də, ildrım-ötürən də var, mənə elə gəlir ki, sən sözümə qulaq asacaqsan, çıxıb getməyəcəksən, elə deyilmi? Mənim xatirimə getməyəcəksən! Mən qaçıb Tomun başına nə gəldiyinə baxmaq üçün ölürdüm, belə də etmək fikrində idim, lakin bu sözdən sonra gedə bilməzdim, bütün aləmi mənə versəydilər də gedə bilməzdim.
Salli xala, eləcə də Tom, heç cürə başımdan çıxmırdı, buna görə də çox pis yatdım. Gecə iki dəfə ildırım ötürənlə aşağıya düşüb evlə ətrafını dollandım, Salli xalanın hələ də pəncərənin qabağında oturduğunu, yanımda isə şamın yandığını gördüm; mən onun üçün nə isə bir şey etmək istəyirdim, lakin əlimdən heç nə gəlmirdi, öz-özümə dedim ki, heç olmazsa bundan sonra onu heç bir vaxt qüssələndirməyəcəyimə and içim. Üçüncü dəfə isə dan yeri sökülərkən yuxudan ayıldım, aşağıya düşdüm; baxıb gördüm ki, Salli xala belə də orada oturubdur, şamı da yanıb qurtarmaqdadır, o ağ saçlı başını əli üstə qoyub yuxuya getmişdi.
15.10.2024