Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XLII fəsil

Səhər yeməyindən qabaq qoca yenə şəhərə getdi, lakin bu dəfə də Tomu tapa bilmədi; onların hər ikisi fikirli halda stolun arxasında dinməzcə oturmuşdu, çox kədərli görünürdülər, demək olar ki, heç bir şey yeməmişdilər, qəhvələri də fincanlarda soyuyub qalmışdı. Birdən qoca dedi: 
- Mən məktubu sənə verdim, ya yox? 
- Hansı məktubu? 
- Dünən poçtdan aldığım məktubu deyirəm də! 
- Yox, sən mənə heç bir məktub verməmisən. 
- Yəqin yadımdan çıxıb. Qoca belə deyib ciblərini axtarmağa başladı, sonra məktubu haraya qoyduğunu yadına salaraq gedib, gətirdi, arvadına verdi. Arvad dedi: 
- Bu ki, Sent-Pitersburqdan, bacımdandır! 
Mən yenə gəzişməyin faydalı olduğu qərarına gəldim, lakin yerimdən tərpənə bilmədim. Birdən... Salli xala məktubu açmağa belə macal tapmayıb, onu bir yana ataraq otaqdan qaçdı - o, nə isə görmüşdü. Mən də baxdım gördüm ki, Tom Soyyeri xərəkdə gətirirlər, bundan başqa qoca doktor, elləri arxasında bağlanmış, çit paltarlı Cim və başqa adamlar gəlirlər. Mən cəld məktubu gözümə dəyən ilk yerə soxaraq bayıra qaçdım. Salli xala Tomun üstünə atılıb ağlayaraq belə deyirdi: 
- Ölübdür, ölübdür, mən bilirəm, ölübdür! 
Tom isə başını bir balaca yana çevirib burnunun altında nəsə mızıldadı o saat görünürdü ki, ağlı başında deyil, Salli xala isə əllərini bir-birinə vuraraq dedi: 
- Sağdır, Allaha çox şükür! Elə bu da böyük şeydir. 

Sonra Tomu elə gedə-gedə öpərək, onun üçün yataq hazırlamaqdan ötrü evə qaçdı; o zəncilərə və bütün digər adamlara hər cür göstərişlər verir, həm də bunu elə tez-tez edirdi ki, ağzı söz belə tutmurdu. 

Mən camaatın ardınca getdim ki, görüm Cimə nə edəcəklər, qoca doktor ilə Saylas əmi isə Tomun ardınca otağa keçdilər. Fermerlərin hamısı yaman hirslənmişdi, bəziləri isə hətta, bütün yerli zəncilərə dərs olsun deyə Cimi dar ağacından asmaq istəyirdilər, deyirdilər ki, qoy buralı zəncilər də onun kimi qaçmağa alışmasınlar, aləmi bir-birinə vurub, bütün bir ailəni günlərlə qorxu və iztirab içərisində saxlamasınlar. Digərləri isə belə deyirdi: onu asmaq lazım deyil, bu tamam yersiz işdir, axı o bizim zəncimiz deyildir, bir də görərsən ki, onun sahibi gəlib çıxar və bizi onun haqqını verməyə məcbur edər. Bu fikir qalanlarının da hirsini soyutdu; axı zəncini asmağı hamıdan çox istəyən adamların özləri, bu oyun qurtarandan sonra onun haqqını ödəməyi istəməyənlərdi. 

Onlar xeyli müddət Cimi söyüb iki-üç dəfə də boynunun ardına vurdular, Cim isə susur və məni tanıdığını hiss belə etdirmirdi; onlar Cimi həmin daxmaya aparıb əyninə köhnə paltarlarını geydirərək yenə zəncirlədilər, lakin bu dəfə zəncirin ucunu çarpayının qıçına deyil, divarın ən aşağıdakı tirinə, vintlə bərkidilmiş halqaya keçirtdilər; Cimin əllərinə qandal salıb hər iki qıçını da zəncirlədilər və qərara gəldilər ki, sahibi gəlib çıxana kimi, əgər sahibi gəlib çıxmasa müzayidə ilə satılana kimi, onu təkcə çörək və su ilə yarıac saxlasınlar, sonra bizim lağımı qum ilə doldurdular, iki fermerə tapşırdılar ki, gecələr əllərində tüfəng daxmanın yanında keşik çəksinlər, gündüzlər isə qapının yanına buldoq iti bağlasınlar; bütün işlərini görüb qurtardıqdan sonra, bekarçılıqdan Cimin üstünə düşüb onu söyməyə başladılar, bu vaxt qoca doktor gəldi, söyüşlərə qulaq asıb dedi: 

- Onunla o qədər də sərt davranmayın, çünki o, pis zənci deyil. Mən bu oğlanın yıxılıb qaldığı yerə gəldiyim vaxt gördüm ki, gülləni, kənardan kömək olmasa çıxara bilməyəcəyəm, onu tək qoyub bir adamın dalınca da getmək olmazdı, çünki o özünü çox pis hiss edirdi: əhvalı get-gedə daha da xarablaşırdı; sonra o sayıqlamağa başladı və məni öz yanına qoymadı, məni təhdid etdi ki, əgər tabaşirlə salın üstünə xaç nişanı çəksəm, məni öldürəcəkdir, xülasə, ağzına gələni dedi, əlimdən heç bir şey gəlmirdi, bu vaxt dedim ki, bir adamın köməyi olmadan keçinə bilməyəcəyəm. Elə həmin dəqiqə, bax bu zənci, haradansa çıxıb gəldi, bildirdi ki, mənə kömək edər, doğrudan da, lazım olan hər bir şeyi etdi, həm də çox məharətlə, mənim ürəyimə gəldi ki, bu elə həmin qaçqın zəncinin özüdür; bununla belə həmin günü və bütün gecəni orada qalmalı oldum. Vəziyyət, bax belə idi! Mənim şəhərdə soyuqdəyməsi olan iki xəstəm vardı, aydındır ki, onlara baş çəkməli idim, lakin buna cəsarət etmədim: dedim ki, birdən bu zənci qaçar, onda məni bundan ötrü ittiham edərlər, çayda isə bircə qayıq belə görünmürdü, çağırmağa da bir adam belə yox idi. Bu gün səhərə kimi adada beləcə durub gözləməli oldum; onu da deyim ki, zəncinin xəstəyə bu qədər yaxşı qulluq etdiyini ömrümdə görməmişdim, bir də heç fikirləşmirdi ki, onu yenidən tuta bilərlər. Hiss olunurdu ki, möhkəm yorulmuşdu, mən onun üz-gözündan görürdüm ki, son vaxtlar çoxlu ağır işlər görməli olmuşdur. Onun bu xasiyyəti mənim çox xoşuma gəldi. Centlmenlər, sizə deyim ki, adam belə bir zəncidən ötrü min dollar verməyə də hayıfsılanmaz, onunla mehriban davranmaq lazımdır. Lazım olan hər bir şey əlimin altında hazır idi, oğlan üçün də orada evdən pis keçmirdi; bəlkə, hətta yaxşıydı da çünki ora çox sakit bir yer idi. Lakin mən onlardan ötrü səhər açılana kimi orada qalmalı oldum, axı hər ikisi mənim əlimdə idi; sonra baxıb gördüm ki, içi adamla dolu bir qayıq gəlir, xoşbəxtlikdən zənci bu vaxt döşəyin üstündə oturmuş halda başını dizləri üstə sallayıb bərk yuxuya getmişdi; mən qayıqdakılara işarə etdim, onlar xəlvətcə onun yanına gələrək, ayılıb işin nə yerdə olduğunu bilincəyədək tutub əl-qolunu sarıdılar. Bu vaxt oğlan da yatmışdı, lakin çox narahat idi. Biz avarları əsgi parçaları ilə bağlayıb salı qayığa qoşduq və yavaş-yavaş şəhərə tərəf hərəkət etdik, zənci isə müqavimət göstərmədi, heç bir kəlmə söz də demədi; o lap əvvəldən özünü sakit aparırdı. Centlmenlər, o pis zəncinin deyildir! 

Kim isə yerindən dilləndi: 
- Doktor, məncə, biz də ona heç bir pislik etməmişik.
Belə olduqda o biriləri də yumşaldılar, mən isə, Cimə bu cür yaxşılıq etdiyi üçün doktora çox minnətdar idim; özüm də çox şad idim ki, doktor da onun haqqında mənim kimi düşünür; mən Cim ilə ilk dəfə tanış olan kimi görmüşdüm ki, o təmiz ürəkli və yaxşı adamdır. Hamı doktorun fikrinə şərik oldu ki, Cim özünü çox yaxşı aparmışdır, o bu iş üçün qiymətləndirilməli və ona mükafat verilməlidir. Hamı, bir nəfər kimi oradaca ürəkdən söz verdi ki, daha onu söyməyəcəkdir. 

Sonra onlar daxmadan çıxıb qapını qıfılla bağladılar. Mən elə düşünürdüm ki, onlar indi deyəcəklər: onun zəncirlərini açmaq lazımdır, çünki bu zəncirlər çox ağır idi, yaxud deyəcəklər ki, ona təkcə çörək ilə su yox, ət də, tərəvəz də vermək lazımdır, lakin bu heç kimin ağlına belə gəlmədi, mən isə qət etdim ki, yaxşısı budur bu işə heç qarışmayım, ancaq doktorun dediklərini gedib Salli xalaya danışım, ara bir qədər sakit olandan sonra isə qaçqın zəncini qayıqla təqib edərkən Sidin yaralanmış olduğunu və bunu ona nə üçün söyləmədiyimi izah edim. 

Mənim fikirləşmək üçün vaxtım bələ çox idi. Salli xala gecə də, gündüz də xəstənin otağından çıxmırdı; Saylas əmini isə gördükdə, həmişə qaçıb gizlənirdim. 

Ertəsi gün səhər eşitdim ki, Tom xeyli yaxşılaşmış, Salli xala da bir qədər uzanıb dincini almağa getmişdir. Özümü xəlvətcə xəstənin otağına saldım; fikirləşdim ki, əgər o yatmayıbsa, qohumlarımızı inandırmaq üçün onlara nə deyəcəyimizi onunla birlikdə düşünüb tapaq. Lakin o yatmışdı, həm də çox bərk yatmışdı, sifəti, onu gətirdikləri vaxt alışıb-yandığı kimi deyil, solğun idi. Mən oturub onıun oyanmasını gözlədim. Heç yarım saat keçməmişdi ki, Salli xala səssizcə otağa girdi, budur, yenə ələ keçdim! Salli xala mənə işarə ilə bildirdi ki, sakit oturum, özü də yanımda oturub pıçıltı ilə dedi ki, indi biz hamımız sevinə bilərik, çünki əlamətlər sübut edir ki, o sağalır, çoxdan beləcə yatıbdır, üzündən də görünür ki, getdikcə rahatlaşır və sağlamlaşır, güman var ki, ayılanda huşu başında olacaq.

Biz oturub onun oyanmasını gözlədik, azca sonra o, qımıldanıb gözlərini açdı, ətrafı nəzərdən keçirərək dedi: 
- Aha, mən ki, evdəyəm! Bu necə oldu? Bəs sal hanı? 
- Sal öz qaydasındadır, - deyə mən cavab verdim. 
- Bəs Cim? 
- O da yaxşıdır, - dedim, amma bunu çox qətiyyətsiz söylədim. O heç bir şey sezə bilməyib dedi:
- Çox gözəl! Çox yaxşı! İndi biz hamımız evdəyik, qorxmalı bir şey yoxdur! Sən xalaya dedinmi? 
Mən istədim deyəm "bəli", lakin Salli xalanın özü dilləndi:. 

- Nəyi deyirsən, Sid? 
- Bütün bu işləri qurduğumuzu!
 - "Bütün bu işlər" nədir? 
- Bəli, bütün bu işlər, əslində isə bircə iş olub: Tom ilə mən qaçqın zəncini azad etmişik.
 -Allah, özün rəhm elə! Qaçqını azadmı etmiş... əzizim, sən nə danışırsan? İlahi, o yenə sayıqlayır! 
- Yox, sayıqlamıram, nə danışdığımı bilirəm. Onu biz azad etmişik, Tomla mən. Belə etmək qərarına gəldik, etdik də. Həm də belə məharətlə. 
O, nağıl etməyə başladı, Salli xala isə onun sözünü kəsmir, oturub qulaq asır, bərəlmiş gözlərilə ona baxırdı; mən gördüm ki, bu işə qarışmağıma dəyməz. 
- Xala, bilsəydin ki, bu iş bizdən nə qədər zəhmət tələb etdi! Siz hamınız yatdığınız vaxt, hər gecə, hər saat çalışırdıq, həftələrlə işlədik. 

Biz şamları da, döşəkağını da, köynəyi də, sizin paltarınızı da, qaşıqları da, tənəkə nimçələri də, bıçaqları da, tavanı da, dəyirman daşını da, unu da, hamısını daha saymaq nıümkün deyil, oğurlamalı olduq. Mişarı, qələmləri, yazıları və bütün qalan şeyləri nə cür çətinliklə düzəltdiyimizi siz təsəvvürünüzə də gətirə bilməzsiniz; amma, bütün bunlar çox fərəhli işlərdi! Bundan sonra isə tabut və insan sümüklərinin şəklini çokməli, qaçaqların adından imzasız məktublar yazmalı, ildırımötürənlə qalxıb-enməli, lağım atmalı, kəndir nərdivan düzəldib onu piroqun içində bişirməli, Cimə sizin cibinizdə qaşıq göndərməli... 
- Allah, özün kömək elə!
 - ...Cimin təkcə qalıb darıxmaması üçün daxmaya su ilanları, siçovullar, hörümçəklar buraxmalı olduq; sonra isə siz Tomu saxladınız və beləliklə onun şlyapasındakı yağı o qadər ləngitdiniz ki, az qala bütün işlərimizi korlayacaqdınız. Biz getməyə macal tapmadıq, daxmadaykən fermerlər gəlib çıxdı; biz tez çıxıb qaçdıq, onlar səsimizi eşidib bizi təqib etməyə başladılar; bu vaxt məni güllə ilə vurdular; biz sonra yoldan kənara çıxıb təqibçiləri yanımızdan qabağa buraxdıq; siz itləri açıb buraxdıqda isə onlar dalımızca qaçmayıb səs-küy gələn tərəfə cumdular, biz qayığa minib sağ-salamat üzərək sala çatdıq; Cim artıq indi azad bir insandır, bütün bunları isə biz özümüz etmişik, böyük məharətdir, eləmi, xala?
- Vallah, bu yaşa çatmışam, amma ömrümdə belə bir şey eşitməmişəm! Ay yaramazlar, bizə bu qədər əziyyət verən, ağlımızı başımızdan çıxaran, bizi az qala ölümcül halda qorxudan sizmişsiniz? Əllərim gicişir, belə gic-gic işlər üçün sizi lap bu dəqiqəcə durub kötəkləmək istəyirəm! Bir fikir verin, gecələr səhərə kimi yatmıram ki... Yaramaz uşaq, bircə sağalıb ayağa qalx, səninlə yaxşıca danışaram, gic əməlleri hər ikinizin başından vurub çıxararam! 

Lakin Tom İftixar hissi ilə lovğa-lovğa gülür, özünü saxlaya bilməyib hey çərənçilik edirdi, Salli xala isə tez-tez onun sözünü yarımçıq kəsir, hirslənib özündən çıxırdı, hər ikisi də damdakı pişiklər kimi birlikdə çığırırdılar; Salli xala sonra dedi: 
- Yaxşı, kefin nə qədər istəyir gül, sevin, ancaq bir də sənə aid olmayan bir işə baş soxsan... 
- Hansı işə, - deyə Tom soruşdu və daha gülümsəməyib ciddilləşdi, görünürdü ki, təəccüb edir. 
- Necə yəni hansı işə? Qaçqın zənci ilə olan işi deyirəm. Bəs sən nəyi bilirdin? 
Tom acıqlı-acıqlı mənə baxıb dedi; 
- Tom, axı sən mənə bu saat dedin ki, Cim təhlükəsiz bir yerdədir.

Məgər o qaça bilməyib? 
- Kim? - deyə Salli xala soruşdu. 
- Qaçqın zəncimi? Heç yana qaçmayıb. Onu yenə sağ-salamat tutublar, o yenə daxmadadır, təkcə çörək və su ilə, həm də zancirlənmiş halda orada qalacaq; əgər sahibi onun ardınca gəlməsə, onda onu satacaqlar. 

Tom o saat dikəlib oturdu, onun gözləri alışıb-yanır, burun pərələri körük kimi qalxıbenirdi. O, qışqıra-qışqıra dedi: 

- Onların Cimi tutub dustaq saxlamağa haqları yoxdur! Yüyür. Bir dəqiqə də vaxt itirmə. Onu buraxın, o heç də qul deyil, Yer üzərindəki bütün insanlar kimi azaddır. 

- Bu uşaq yenə nə qondarır?
- Mən heç bir şey qondarmıram, mənim hər bir sözüm həqiqətdir, Salli xala! Əgər bir adam getməsə, mən özüm ora gedəcəyəm. Mən Cimin bütün həyatına bələdəm, Tom da onu yaxşı tanıyır. Qoca miss Uotson iki ay bundan əvvəl ölübdür. Miss Uotson Cimə çayın aşağılarına satmaq istədiyinə həmişə utanırdı, bunu onus özü demişdi; indi onun özü öz vəsiyyətnaməsində ona azadlıq vermişdir. 
- Əgər o artıq azad idisə, bəs nədən ötrü sən də onu azad edirdin? 
- Sizə deyim ki, bu sualınız əsl qadın sualıdır. Bəs macəralar necə nolaydı? Mən qan içində üzməyə belə hazır idim... Aman Allah, Polli xala! 

Gördüm ki, - əgər yalan deyirəmsə yerimdəcə quruyum qalım, -Polli xala mələk kimi mehriban və məmnun bir halda, artıq qapı ağzında dayanıb baxırdı. 

Salli xala ona san atıldı, qucaqlayıb sevindiyindən ağlamağa başladı, o, Polli xalanın başını qolları arasına alıb elə sıxırdı ki, az qala başını bədənindən üzəcəkdi; o saat gördüm ki, mənim üçün on münasib yer çarpayının altıdır; bu saat başımızda fırtına qopacağı aydın idi. Başımı çarpayının altından çıxarıb baxırdım, Polli xala onun əlindən çıxıb dayandı, eynəyinin üstündən Toma elə bir nəzər saldı ki, elə bil: - yerə girsən bundan yaxşıdır, demək istəyirdi. Sonra isə dilləndi; 

-Hə, Tom, üzünü yana çevirməyin yaxşıdır! Sənin yerinə olsaydım, mən də üzümü yana çevirərdim. 

- Aman Allah! - deyə Salli xala özünü saxlaya bilmədi. 

– Məgər o bu qədər dəyişib? Bu ki, Tom deyil, Siddir, Bəs o... o... Tom necə oldu. 
Bu saat, bax bu dəqiqə burda idi. 
- Yəqin ki, sən Hek Finni deyirsən: bəli, Hek Finni deyirsən! Bu yaramaz Tomu bu yaşa yetirmişəm, deyirsən bəs indi tanımayacağam? 
Qiyamət imiş ki! Hek Finn, tez ol çarpayının altından çıx! 

Mən çarpayının altından çıxdım, ancaq dilim-ağzım qurumuşdu. 

Salli xala özünü möhkəm itirmişdi, mən adam;n özünü belə itirməsini ömrümdə görməmişdim, Saylas əmi isə şəhərdən qayıdıb gəldiyi vaxt ona bütün bunları nağıl etdilər, o da özünü Salli xaladan bədtər itirdi. Saylas əmi, demək olar ki, kefli adama döndü və bütün günü ağlı başına gəlmədi, həmin günü elə moizə oxudu ki, dünyada ən müdrik adam belə bu moizədən bir şey anlamazdı, ona görə də bundan sonra ona hamı ehtiram göstərməyə başladı. Polli xala isə onlara mənim kim olduğumu və buraya haradan gəlib çıxdığımı nağıl etdi, mən də məcbur oldum deyəm ki, missis Felps məni Tom Soyyerə oxşadanda bilmədim nə edim... (Bu vaxt missis Felps mənim sözümü kəsib dedi ki, yox, sən məni əvvəlki kimi çağır, Salli xala de, mən buna alışmışam, dəyişmək lazım deyil)... Salli xala məni Tom Soyyerə oxşadanda, mən buna səbir edib dözməli oldum, başqa çarə yox idi, mən bunu da bilirdim ki, Tom inciməz, əksinə şad olar, çünki bu sirli iş olacaq, bundan onun üçün bütöv bir macəra çıxacaq, odur ki, bundan çox razı qalacaqdır. Belə de oldu. O özünü Sid kimi qələmə verdi və işi elə qurdu ki, mənim üçün hər cəhətdən yaxşı oldu. 

Polli xala bilirdi ki, Tom düz deyir; qoca miss Uotson öz vəsiyyət-naməsində Cimi azad etmişdir; deməli, məsələ aydındır. Tom Soyyer azad bir zəncini azad ctmək üçün bu qədər əzab-əziyyət çəkmişdir! Mən isə lap bu dəqiqəyə və bu söhbətə kimi yenə də heç cür başa düşə bilmirdim ki, belə bir tərbiyə görmüş olan Tora, necə olub ki, zəncini azad etməkdə birdən-birə mənə kömək edib! 

Polli xala dedi ki, Salli xala Tom ilə Sidin sağ-salamat gəlib çıxdıqlarının yazanda o fikirləşib: '"Elə belədir ki, var! Bir halda ki, mən onu təkcə buraxmışam və ona bir göz yetirən yoxdur, deməli, belə də olmalı idi!".

- Bax indi bu qədər məsafəni, min yüz mildən uzun bir yolu paroxodla gəlməli olmuşam ki, görüm bu yaramaz uşaq bu dəfə nələr törədib, axı mən səndən heç bir cavab almırdım. 

- Axı mən də səndən heç bir məktub almamışam! - deyə Salli xala da bildirdi. 

- Ola bilməz! Mən sənə iki dəfə məktub yazıb soruşmuşam ki, nə üçün deyirsən Sid oradadır, bu nə deməkdir? 

- Mən bircə məktub belə almamışam. Polli xala aram-aram dönüb ciddiyyətlə dedi: 

- Tom! - Nə deyirsən? - deyə Tom qaşqabaqlı halda cavab verdi. 

- Necə yəni, "nə deyirsən", yaramazın biri, məktubları bəri ver görüm! - Hansı məktubları? - O məktubları, mənim yazdıqlarımı! Belə görürəm ki, səninlə başqa cür danışmaq lazım gələcək... 

- Sandıqçadadır. Heç kəs onlara əl vurmayıb poçtdan aldığım vaxtdan bəri eləcə orada qalıbdır. Mən bilirdim ki, bu məktublar başımıza əngəl açacaq; belə fikirləşirdim ki, onsuz da tələsməli bir yerimiz yoxdur... 

- Sənin başına oyun açmaq lazımdır, oyun! Mən axı bir məktubda yazmışdım ki, yola düşüb gəlirəm; yəqin ki, bu məktubu da... 
- Yox, o məktub elə dünən gəlib, - deyə Salli xala cavab verdi, -mən onu hələ oxumamışam, əl dəyən olmayıb, məndədir. 

Mən iki dollardan mərc gəlmək istədim ki, bu məktub onda deyil, sonra isə fikirləşdim yaxşısı budur, mərc gəlməyim. Buna görə də heç nə demədim.