Pediatr: Uşaqlarda arterial təzyiq hər yaş qrupuna görə dəyişir
Arterial hipertenziya adətən yaşlılar arasında ən çox yayılan hallardan biridir və bir çox xəstəliklərin əsasını təşkil edir. Arterial hipertenziya əslində uşaqlar arasında da rast gəlinir. Uşaqlarda arterial təzyiq göstəriciləri böyüklərdən fərqli olaraq, hər yaş qrupuna görə dəyişir. Buna görə də xüsusi cədvəllərdən istifadə olunur. “Sentil cədvəli”ndə eyni yaş qrupu və bədən ölçülərində olan uşaqlar arasında aparılan müayinədə ən çox rast gəlinən göstərici normativ kimi qəbul olunur. Məsələn, boyu 165 santimetr olan 14 yaşlı gənclər üçün sistolik təzyiq 105-120 mm.c.st, diastolik təzyiq 61-78 mm.c.st arası dəyişə bilər. Pediatr bu cədvəllər əsasında uşaqda arterial təzyiqi dəyərləndirir və normadan kənara çıxmaları qeydə alaraq nəzarətdə saxlayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova bildirib.
A.Adıgözəlova qeyd edib ki, uşaqlarda təzyiq müxtəlif səbəblərə görə yüksələ bilər: “Ümumiyyətlə, arterial hipertenziya birincili və ikincili xarakter daşıyır. Birincili hipertenziya heç bir xəstəliyin ağırlaşması olmadan sərbəst şəkildə yaranır və hipertoniya xəstəliyi kimi də tanınır. Uşaqlarda bunun yaranma səbəbi çox ola bilər, o cümlədən irsi meyillik, psixoemosional gərginlik, passiv həyat tərsi, əmək və istirahət saatlarının qeyri-düzgün paylaşdırılması, keçid yaş dövrü, telefon asılılığı və s. İkincili arterial hipertenziya böyrək, endokrin, ürək-damar və s. sistemlərin xəstəliklərinin simptomu kimi yarana bilər. Arterial təzyiq iki komponent arasında balansın pozulmasından yaranır. Bu, bir dəqiqə ərzində ürəkdən qovulan qanın həcmi və damar divarının genişlənmək xüsusiyyətidir. Ürək vurğusu çoxalırsa, məsələn, fiziki aktivlik zamanı, bu zaman damar müqaviməti azalmalıdır. Bu, tərsinə də işləyir. Damar müqaviməti artıbsa, ürək vurğusu azalmalıdır. Bu iki komponentin işini tənzimləyən müxtəlif mediatorlar var və onlar ayrı-ayrı orqan və toxumalar tərəfindən sintez olunur. Sistemlərin işində hər hansı patologiya yaranarsa, dolayı yolla arterial hipertenziyaya səbəb ola bilər, yəni ikincili hipertenziya yaranar. Bu zaman yüksək təzyiq xəstəlik kimi deyil, əsas xəstəliyin yanaşı simptomlardan biri kimi özünü göstərir”.
25.10.2024