Lənbəran xalçaları
Qarabağ xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xovlu xalça növüdür. Bu xalçalar öz adını Bərdə şəhərindən 30 km şimal-şərqdə yerləşən Lənbəran qəsəbəsinin adından götürmüşdür. Lənbəranda toxunmuş zililər, vərnilər, cecimlər yalnız bizim ölkədə deyil, həm də xaricdə muzey eksponatı hesab edilir. Lənbəran qəsəbəsində çoxlu çuvallar, xurcunlar, yun corablar və digər məişət məmulatları toxunardı.
XIX əsrdə Lənbəranın ipək cecimləri və xüsusi sifarişlə hazırlanan ipək xalçaları ixracatda mühüm yer tuturdu. "Lənbəran xalçası" bir neçə variantda hazırlanırdı. Birinci variantda bu xalçalar bitki naxışları ilə bəzədilirdi. Orta sahənin kompozisiyası "Bəndi-rumi" əsasında yaradılmışdır. Orta sahədə asimmetrik formada düzülmüş naxışlar xalçaya mükəmməllik bəxş edir. İkinci variantda bu xalçalara hamar fonlu "Lənbəran xalçaları" daxildir.
Bu xalçaların mərkəzində tünd-qırmızı fonda sadə formalı göl yerləşdirilimişdir. Orta sahənin künclərində bulud təsviri ilə bəzədilmiş sadə formalı ləçəklər düzülmüşdür. Bu xalçanın orta haşiyəsi mürəkkəb quruluşa və çoxlu sayda naxışa malikdir. Qarabağ xalçaçıları bu haşiyə zolağına "İslimi" adı vermişlər. "Lənbəran" xalçasının üçüncü variantını "Lənbəli" adı ilə tanınan xalçalar təşkil edir. Bu xalçanın elementləri, xüsusilə də, təsvir edilmiş buta və çoxayaqlı heyvanlar öz formasına görə, çox orijinaldır. Orta sahənin böyük gölləri, həmçinin, orta haşiyə, öz quruluşuna və kompozisiyasına görə, Orta Asiyanın xalq dekorativ incəsənətinin nümunələrini xatırladır. Bu xalçanın ümumi bəzəyini qədim zamanlara aid olan naxışlar təşkil edir. "Lənbəran" xalçaları müxtəlif ölçülü olur. Onun düyünləri digər Qarabağ xalçalarına nisbətən daha nazik, daha zərif və daha hamardır. İstanbulun "Türk və İslam əsərləri muzeyi"ndə XVI əsrdə hazırlanmış "Lənbəran" xalçasının II variantı qorunmaqdadır.
"Qarabağ xalçaları" biblioqrafiyası