Nağıl qəhrəmanlarını ölümsüzləşdirən heykəltaraş
Nağıllar da milli-mənəvi sərvətimizdir, onlarla böyüyürük. Nağıl xarakter formalaşdırır, ruhu tərbiyə edir, xəyal dünyasını, təxəyyül və fantaziyanı inkişaf etdirir. Şifahi xalq ədəbiyyatının epik növünün nümunələri uşaqları əyləndirməklə yanaşı, yazıçıları, rəssamları, heykəltaraşları da ruhlandırır. Nağıl qəhrəmanlarının heykəllərini düzəldib, onları ölümsüzləşdirən heykəltaraş rəssamlardan biri də 66 yaşlı Rəşid Rəsulovdur. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar illərdir ki, müxtəlif personajları uşaqlar və nağıl sevən böyüklər üçün daha yaxın edir.
Rəşid Rəsulov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində rəssamlığa, heykəltaraşlığa uşaqlıqdan meyl göstərməyə başladığını söyləyir. “Qardaşım rəssamdır, uşaq yaşlarımdan ondan ilham almışam. Rəsm məktəbinə getdim, Gəncədə xüsusi orta ixtisas təhsil müəssisəsində “Rəsm və rəsmxətt müəllimi” ixtisası üzrə oxudum. Daha sonra təhsilimi Ukraynada Lvov Dekorativ Tətbiqi İncəsənət İnstitutunun Bədii şüşə şöbəsində davam etdirdim”,- deyən müsahibim bildirir ki, heykəltaraşlıqdan əvvəl rəngkarlıqla məşğul olub, həmçinin şüşə üzərində əl işləri yaradıb. Onun sözlərinə görə, dekorativ tətbiqi incəsənətin bütün növləri arasında bədii şüşə öz istehsal spesifikasına görə fərqlənir.
Dekorativ dizaynla da məşğul olan rəssam, mənzərə və portret janrında 100-lərlə rəsm əsəri də ərsəyə gətirib. “Əl işlərim Rusiya və İspaniyada sərgilərə çıxarılıb. 1988-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü oldum. O vaxt Bədii Fond deyilən qurum var idi, oradan sifarişlər alırdım. Daha sonra heykəltaraşlıqla məşğul olmağa başladım. Uşaqlıqdan nağıllar dinləməyi, təsəvvürümdə onları canlandırmağı çox sevirdim. İllər sonra bu, sənətimə də öz təsirini göstərdi”, - deyə müsahibim qeyd edir.
Evindəki emalatxanasında işləyən Rəşid müəllimin yaradıcılığında vətənpərvərlik motivləri də var. İşlərini ideyanın, eskizin sadə və mürəkkəbliyindən asılı olaraq 10 gündən 1 aya qədər hazır vəziyyətə gətirir. “Uşaq nağıl vasitəsilə dünyanı tanıyır, yaxşı və pis xüsusiyyətlər, keyfiyyətlər haqqında ilkin fikirlərə sahiblənir. Əxlaqi və sosial dəyərlər aşılayan nağıllar güclü təsirə malikdir. Odur ki, gecə-gündüz yorulmadan işləyir, nağıl qəhrəmanını, ideyanı canlandırdırıram”, - deyə gəncəli heykəltaraş bildirir. O, işləri üçün ölkəmizlə yanaşı, Türkiyə və Rusiyadan da sifarişlər alır.
İşinin diqqət, səbir, sevgi, ideyalar tələb etdiyini söyləyən Rəşid müəllim insanlarda xoş əhval yaratsın deyə, heykəllərin rənglənməsində əlvan rənglərdən istifadə edir. “Uşaqları çox sevirəm, onların da xəyal dünyası saf və al-əlvandır. Üç nəvəm var, onlar işlərimi bəyənəndə bilirəm ki, digər balacaların da xoşuna gələcək. Həyətin yanından keçən uşaqlar bəzən gəlib heykəlləri qucaqlayırlar, onlara maraq göstərirlər, böyüklər bəyəndiklərini deyirlər. Bu, məndə işimə daha böyük həvəs yaradır. Gələcəkdə başqa xalqların nağıllarına da müraciət edəcəyəm”, - deyə Rəşid Rəsulov bildirir.
27.11.2024