Xəbərlər

Akademik Musiqili Teatrın Yeni il tamaşası – “Evdə tək”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dekabrın 28-dən yanvarın 5-dək maraqlı və əyləncə dolu Yeni il tamaşası –“Evdə tək” nümayiş olunacaq.

 

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində filmdəki kimi Yeni ili başqa ölkədə qeyd etməyə gedən bir ailənin evdə unutduğu balaca oğlunun başına gələn hadisələr işıqlandırılır.

 

Amerikalı kinorejissor Kris Kolumbusun eyniadlı filminin ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Zaur Əliyevdir.

 

“Evdə tək”də Əməkdar artist İqrar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Elçin İmanov, Şaban Cəfərov, Ofeliya Məmmədova, Ruslan Mürsəlov, Fərid Rzayev, Nərmin Əliyeva, Eleonora Abbasova, Cəbrayıl Cəbrayılov, İbrahim Əlizadə, Sübhan Rüstəmov, Əli Kərimov, Murad Əliyev, Ayan Qurbanova, Firuzə Qədiməliyeva, Kamran Həsənov, İranə Kərimova, teatrın azyaşlı aktyorları Miruğur və Mironur Əlili qardaşları, Həmid Həmidov, həmçinin balet artistləri çıxış edəcəklər.

 

İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşanın ikinci rejissoru Əmrah Dadaşov, quruluşçu baletmeysteri Elvira Əzizova, səhnə tərtibatçısı Qabil Gözəlov, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, səhnə tryuklarının qurucusu İsa Əsədov, rejissor assistenti Sevinc Məmmədovadır.

 

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.