Nağıllar, hekayələr

Coşqun Xəliloğlu. Sığırçın balası

Elat gələn il  məktəbə gedəcək. Elə mehriban, ağıllı uşaqdır ki... 


Gözəl bahar günlərindən biri idi. Axşam yağış yağsa da, həmin gün günəşli idi. Elat həyətdə gəzişirdi. Birdən ağacın dibində otların tərpəndiyini gördü. Yaxınlaşanda kiçik bir quşun büzüşdüyünü, ondan gizlənmək istədiyini gördü. Əlini uzadıb quşu tutdu. Sığırçın balası tamam yaş idi, qanadının biri sallanırdı. Elat quşcuğazı evə gətirdi.
Anası görcək:
-Elat, bu nədir, quşu niyə tutmusan?
-Ana, qanadı sınıb, uça bilmir. 
-Yaxşı. Bu dəqiqə baxıram.
Qanadı hansı səbəbdənsə zədələnmiş, qanamış quş çətinliklə tərpənirdi. Yəqin ki, hərəkət edəndə ağrıyırdı. Ana əvvəlcə quşun qanadınıın qan axan yerini dərmanla yudu. Sonra yaraya məlhəm qoyub üstünü kiçik tibbi yapışqanla bağladı.  Sığırçın zəif səslə çığırır, sanki anasını köməyə çağırırdı.  


Ana quşu ehmalca yerə qoydu:
-Elat, qonağımıza bir az çörək, bir az su verək.
Elat sevinərək çörək və nəlbəkidə su gətirdi. Çörəyi ovcunda ovub quşun qabağına tökdü.
Bala sığırçın ürkək-ürkək üç-dörd çörək qırıntısı yedi, bir qurtum su içdi.
Elat anasından soruşdu:
-Nə vaxt sağalacaq?
-Oğlum, darıxma, sarğını bir-iki dəfə dəyişərəm, yaxşı yeyər, dincələr, sağalar.
Doğrudan da  sığırçının sağalması, özünə gəlməsi çox çəkmədi. O yeyir, otaqda gəzişirdi. Hətta iki dəfə dövrə vuraraq onun üçün düzəldilmiş evin-balaca qutunun üstünə qonmuşdu.
Artıq sığırçın beş gün idi ki, Elatgildəydi, tamam sağalmışdı. Ana:
-Oğlum, qonağımızı yola salmaq vaxtıdır.
-Ana, qoy bizdə qalsın. Nə olar?
-Elat, onu göndərək, qoy  getsin anasının yanına.
-Yazıq anası indi onu axtarır. Sən, mənsiz qala bilərsən?
-Yox, ay ana!
-Onda balacanı buraxaq uçub getsin.
-Yaxşı, ana. Olarmı, mən uçurum?
-Əlbəttə.
Ana pəncərəni açdı. Elat sığırçını pəncərədən çölə buraxdı. Quş havaya qalxdı, uçdu, uçdu, tamam uzaqlaşdı, gözdən itdi. Elat hələ də çölə baxırdı, birdən o, quşun geri qayıtdığını gördü, elə sevindi ki...


Sığırçın pəncərədən evin içərisinə girdi, dövrə vuraraq uçub getdi.
-Ana, qayıtmışdı, bəs yenə niyə getdi?
-Oğlum, o sənə təşəkkür etmək üçün gəlmişdi.


Anasının sözünü eşidən Elatın üzü-gözü sevincdən sanki çiçək açdı.