Xəbərlər

5 dekabr – Beynəlxalq Könüllülər Günüdür

Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

 

BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.

 

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.

 

 Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib.

 

XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin tarixinin dinamik və hərtərəfli inkişaf mərhələsi başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac yaranmışdı və təbii ki, bu sahədə könüllülük fəaliyyəti mühüm önəm daşıması başladı. Məhz bu dövrdə - 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.

 

2012-ci il dekabrın 29-da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı zamanı bir qrup “ASAN könüllüsü” ilə görüşən Prezident İlham Əliyev “ASAN” könüllülük hərəkatına xeyir-duasını verib. Təbii ki, “ASAN xidmət”ə qədər də müxtəlif qeyri-hökumət və beynəlxalq təşkilatlarda yüzlərlə azərbaycanlı gənci könüllü kimi fəaliyyət göstərib. Lakin könüllülük hərəkatı olaraq bu fəaliyyət məhz “ASAN xidmət”dən başlayıb. 2016-cı il dekabrın 28-də 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinin açılışı zamanı dövlətimizin başçısının sözləri bunun bariz sübutudur: “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır”.

 

Məhz Azərbaycan Prezidentinin bu sahəyə yüksək diqqət və qayğısı və fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb. Xüsusilə son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü cəlb olunub. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb.

 

Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində qeyd olunan mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı. Ən əsasən, könüllülərin əməyi yüksək qiymətləndirildi və bu iş davam etdirilir.