Mürəkkəb əsərlərin öhdəsindən ustalıqla gələn 12 yaşlı qarmon ifaçısı
Lənkəran şəhər sakini Amin Rüstəmov qarmon ifaçısıdır. O, bu sahədə qeyri-adi bacarığı ilə seçilir. Amin təkcə həmyaşıdlarını deyil, musiqi aləmində təcrübəli şəxsləri də öz istedadı ilə heyran qoyur.
AZƏRTAC-ın bölgə müxbiri istedadlı qarmon ifaçısı, 12 yaşlı Amin Rüstəmovla görüşərək, onun uğurları ilə maraqlanıb.
Amin uşaqlıqdan qarmona böyük maraq göstərib və bu sevgisi onu Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinə gətirib. İllərdir bacarığını inkişaf etdirərək, adını musiqi məktəbinin ən istedadlı şagirdləri siyahısına yazdıra bilib.
O, ikinci sinifdə təhsil almasına baxmayaraq həm müəllimlərinin, həm də dinləyicilərin böyük rəğbətini qazanıb. Amin mürəkkəb əsərləri rahatlıqla ifa edə bilir. Hətta yuxarı sinif şagirdlərinin belə çətinliklə öyrəndiyi musiqi əsərlərinin öhdəsindən böyük ustalıqla gəlir.
“Musiqini öyrənmək istəyən hər bir şagird müəllimlərinin dediklərinə diqqətlə qulaq asmalıdır. Hər bir aləti yaxşıca öyrənmək və ya qarmon kimi bir alətdə bacarıqlı olmaq üçün hər gün 4-5 saat ardıcıl məşq etmək vacibdir. Bu yolda irəliləmək üçün müxtəlif qammaları, etüdləri və əsərləri mütəmadi ifa etmək lazımdır. Çünki yalnız zəhmət və səbir nəticəsində istənilən hədəfə çatmaq mümkündür. Müəllimlər dərs prosesində bizə diqqətli olmağı və hər bir notu düzgün ifadə etməyi tövsiyə edirlər. Deyirlər ki, musiqi sadəcə ifa etmək deyil, həm də hiss etməkdir. Buna görə də, hər bir əsəri ruhumla ifa etməyə çalışıram. Eyni zamanda, texnikamı yaxşılaşdırmaq üçün qammaları və musiqi parçalarını daha çox təkrarlamağı məsləhət görürlər” , - deyə Amin Rüstəmov bildirir.
Müəllimləri də onun haqqında yüksək fikirlər səsləndirir və deyirlər ki, Aminin musiqi qabiliyyəti parlaq gələcəyindən xəbər verir.
“Amin çox böyük potensiala malikdir. Onun ifa etdiyi əsərləri hətta yuxarı sinif şagirdləri belə çətinliklə ifa edirlər. Öz zəhməti və qarmona olan sevgisi ilə bu yaşında çox böyük uğurlar qazanıb. Bu yaşda olmasına baxmayaraq, Tofiq Quliyevin “Qaytağı”, “Sambo” , “Tico Tico” kimi mürəkkəb əsərləri böyük ustalıqla ifa edir. Həmçinin skripka məktəbindən götürülən etüd parçaları belə mükəmməl səsləndirir. Bu cür əsərləri ifa etmək çox təcrübə və zəhmət tələb edir. Amin ikinci sinifdə oxusa da, muğamları da sərbəst ifa edə bilir. Hətta kino filmlərinin musiqilərini də öyrənib. Musiqi əsərlərini bu cür yüksək səviyyədə ifa etmək üçün çox zəhmət və vaxt sərf olunub. Onun Azərbaycan musiqisini gələcəkdə daha böyük səhnələrdə layiqincə təmsil edəcəyinə inanırıq" , – deyə Aminin müəllimi Rail Yusubov bildirib.
Hazırda Amin respublika üzrə keçiriləcək böyük musiqi yarışına hazırlaşır. O, gecəsini gündüzünə qataraq hər bir əsəri mükəmməl səviyyədə ifa etməyə çalışır. Bu çətin və məsuliyyətli yolda onun müəllimləri də ona böyük dəstək olur və gələcəkdə uğur qazanacağına inanırlar.
07.12.2024