Xəbərlər

11 dekabr - Beynəlxalq Dağlar Günüdür

Dekabrın 11-i Beynəlxalq Dağlar Günüdür.
 
Bu gün BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq hər il qeyd olunur.
 
Dağlar Gününün keçirilməsində məqsəd dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətini cəmiyyət qarşısında qaldırmaqdır. BMT Baş Assambleyası dünya ictimaiyyətini planetin dağlıq rayonlarının inkişaf problemlərinə və onların əhalisinə yardım göstərilməsinin zəruriliyinə diqqəti cəlb etmək üçün bu gün də bütün səviyyələrdə tədbirlər təşkil etməyə çağırır. Həmçinin dağlıq rayonların davamlı inkişafına yönəlmiş tədbirlərin xüsusi aktuallığı diqqətə çatdırılır.
 
Bu il Beynəlxalq Dağlar Günü “Dayanıqlı gələcək üçün dağ həlləri-innovasiya, uyğunlaşma və gənclik” devizi altında keçirilir.
 
Dağlarla bağlı mürəkkəb problemlərin həlli üçün innovasiyalar vacibdir. Bu innovasiyalar texnoloji irəliləyişləri, eləcə də iqlimə uyğun ağıllı kənd təsərrüfatı kimi yaradıcı problemlərin həllini əhatə edir.
 
Dünya əhalisinin 15 faizi dağlarda məskunlaşıb
 
Dağlar dünyanın quru səthinin təxminən dörddə birini əhatə edir, dünyamızın davamlı iqtisadi inkişafa doğru hərəkətində mühüm rol oynayır. Dünyada mövcud olan dağlarda dünya əhalisinin 15 faizi məskunlaşıb. Dağlar bəşəriyyətin gündəlik həyat üçün şirin su, enerji və dərman vasitələri ilə təmin edilməsində xüsusi rol oynayır.
 
Azərbaycanda relyefin iki əsas forması var: dağlar və düzənliklər. Ən böyük geomorfoloji vahidlər olan Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları Kür-Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Dağəmələgəlmə zəiflədiyinə görə, Azərbaycanda dağlar cənub-şərqə doğru tədricən alçalır.
 
Zəngin təbiətə malik Azərbaycan ərazisində 80-ə yaxın dağ var. Ölkə ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur.
 
Böyük Qafqaz dağ sisteminin ən yüksək nöqtəsi Bazardüzü (4466 metr), Kiçik Qafqaz dağ sisteminin ən hündür nöqtəsi Qapıcıq dağı (3906 metr), Talış dağ sisteminin ən hündür nöqtəsi isə Gömürgöydür (2493 metr).
 
Bazardüzü zirvəsi Azərbaycanın ən hündür nöqtəsidir.