Bu maraqlıdır!

Aya eniş

1969-cu ilin iyulun 20-də Ayın səthinə ilk insan- amerikalı astronavt Neil Armstrong qədəm qoydu. 

 

16 iyul 1969-cu ildə Aya doğru istiqamətlənən Apollo-11 kosmik gəmisi iyulun 24-də Yerə qayıdıb. Bu günlər ərzində gəminin üç nəfərdən ibarət uçuş heyəti çox gözəl və o vaxtadək görünməmiş fotoşəkillər çəkib.

 

Aya birinci eniş edən “Apollo 11” uçuşundan dörd ay sonra “Apollo 12” gəmisi Aya göndərildi. Bütün Ay missiyalarında olduğu kimi heyət üç nəfərdən ibarət idi: gəminin kapitanı Çarlz Konrad, komanda modulunun pilotu Riçard Qordon, Ay modulunun pilotu kimi Klifton Uilyams hazırlaşırdı, amma onun təyyarə qəzasında ölümündən sonra yerini Alan Bin tutdu.

 

Uçuş noyabrın 14-də Qrinviç vaxtı (GMT) ilə 16:22-də başladı. Start mərasimində prezident Riçard Nikson da iştirak edirdi. “Apollo 11” Ayda Sakitlik dənizi adlanan yerdə eniş etmişdi. “Apollo 12” enişi üçün isə təxminən 1540 km uzaqda, Fırtınalar dənizində yer seçilmişdi. Gəminin Ay modulu noyabrın 19-da GMT üzrə 06:54:43-də, uçuşun başlamasından 110 saat 32 dəqiqə sonra Aya endi. Enişdən 4 saat 50 dəqiqə sonra Çarlz Konrad Ay səthinə qədəm qoydu. Bu zaman o, Aya ilk qədəm qoyan Nil Armstronqun “İnsan üçün kiçik bir addım, bütün insanlıq üçün isə nəhəng sıçrayışdır” sözünə nəzirə “Vay” Dostum, ola bilər Nil üçün kiçik idi, mənim üçün böyükdür” (Whoopie! Man, that may have been a small one for Neil, but that's a long one for me) deyir. Sonra məlum olur ki, Konrad məşhur italiyalı jurnalist, indi daha çox Xomeynidən aldığı müsahibə ilə xatırlanan Oriana Fallaçi ilə 500 dollardan mərc edib. Xanım jurnalist deyirmiş ki, NACA-da sənə nə tapşırsalar, Aya çıxanda onu deyəcəksən, Konrad isə deyib ki, ürəyim istəyini deyəcəm. Axırda məhz “Vay! Dostum, ola bilər Nil üçün kiçik idi, mənim üçün böyükdür” cümləsi üzərində qalıblar, özü də “addım” sözünü işlətmədən. Çarlz Konrad Ay süxuru toplamağa başladı. Məlum oldu ki, Nil Armstronqun çıxdığı yerlə müqayisəsə burada qum örtüyü daha qalındır. Konrad yerimək üçün ayağını xeyli yuxarı qaldırmalı olur. Alan Bin Konraddan təxminən yarım saat sonra Aya çıxdı və canlı reportaj aparmaq üçün rəngli televiziya kamerasını quraşdırmağa başladı. Amma kamera xarab oldu. Ehtimal edilir ki, Bin onu quraşdıracağı yerə daşıyarkən bilmədən obyektivi Günəşə tərəf tutub və trubkanın işığa həssas detalları sıradançıxıb. Buna görə də canlı əlaqə yalnız danışıqdan ibarət oldu. Astronavtlar Ayda seysmometr quraşdırdılar. İlk çıxış zamanı astronavtlar Ayda 4 saata yaxın oldular. 10 saatdan çox istirahət edəndən sonra, uçuşun 131 saat 40-cı dəqiqəsində Konrad, 7 dəqiqə sonra Bin yenidən Aya çıxdılar. Onlar hələ 1967-ci ildə Aya endirilən, özlərindən təxminən 200 metr aralıda olan “Surveyor 3” aparatına yaxınlaşdılar. Onun topladığı Ay süxurlarını götürdülər. Şəklini çəkdilər, bəzi detallarını, o cümlədən, telekamerasını demontaj etdilər. İlk çıxışda quraşdırdıqları seysmometrin həssaslığını yoxlamaq üçün kraterə daş atdılar. İkinci çıxış da 4 saata yaxın çəkdi. Uçuşun başlamasından 142 saat 03 dəqiqə, Aya enişdən 31 saat 31 dəqiqə sonra Ay modulu Aydan qalxdı və uçuşun146-cı saatında komanda modulu ilə birləşdi. Heyətin olduğu bölmə 1969-cu il noyabrın 24-də GMT saatı ilə 20:58-də Sakit okeana düşdü və “Hornet” aviadaşıyıcı gəmi tərəfindən götürüldü.

 

Apollo 13 - Apollon seriyasından 7-ci pilotlu kosmik gəmidir (Buraxılma tarixi: 11 aprel 1970. Eniş: 17 aprel 1970).

 Aya uçan pilotlu kosmik gəmilərdən yalnız bunda ciddi qəza olmuşdur. Aya eniş mümkün olmasa da, yüzlərlə NASA işçisinin səyləri nəticəsində gəmi Ay ətrafında dövrə vurduqdan sonra, astronavtlar salamat Yerə qayıda bilmişlər.