Bu maraqlıdır!

Laokoon

Yunan mifologiyasına görə, Laokoon ilah Apollonun Troya şəhərində kahini idi. O, sonralar Troya atı adlanacaq taxta at heykəlinin şəhərə gətirilməsinə qarşı çıxır, bunun bədbəxtlik gətirəcəyini deyir. Hətta bir nizə götürərək qəzəblə ata tərəf atır. Nizə taxtanı deşərək içəridəki yunanlardan birini yaralayır, amma o, sirri pozmamaq üçün səsini çıxarmır. Daha sonra deyilir ki, Apollon Laokoona qəzəblənərək iki nəhəng ilan göndərir, onlar kahinin əvvəlcə oğlanlarını, sonra da özünü boğurlar. Bu versiyada uyğunsuzluq var, çünki mifologiyaya görə, Apollon troyalıların tərəfində idi və Laokoonu cəzalandırmamalı, əksinə, kömək etməli idi. Buna görə də sonralar əhvalatda düzəliş edilir, ilanları guya ilahə Afina göndərib (ilanların yalnız uşaqları öldürməsi, Laokoonun isə sağ qalıb iztirab çəkməsi versiyası da var). Kompozisiyanın e.ə. II əsrdə hazırlandığı söylənilir. Özü də daha əvvəl tuncdan hazırlanmış və dövrümüzə çatmamış nüsxənin mərmər kopyası olduğu ehtimal edilir. Uzun əsrlər boyu itmiş sayılırdı, onun haqqında məlumat antik yazıçı Plininin təsviri sayəsində mövcud idi. Abidə 1506-cı il yanvarın 14-də Romanın Oppi təpəsində əkin işləri zamanı parçalanmış vəziyyətdə tapıldı. Roma papası heykələ baxmağa məşhur Mikelancelonu göndərdi. O və daha bir nəfər kompozisiya baxan kimi onun haqqında Plininin yazdığı abidə olduğu qənaətinə gəldilər. Kompozisiya bərpa edildi və Vatikanda saxlanıldı. Napoleonun qalibiyyətli İtaliya yürüşündən (1797) sonra bağlanan sülh müqaviləsinin şərtlərinə görə “Laokoon” və daha bir neçə tarixi abidə təzminat kimi Fransaya aparıldı. İmperatorun məğlubiyyətindən sonra geri qaytarıldı. Kompozisiya tapılan zaman oğlanların sağ əli, Laokoonun isə sağ qolu yox idi. Qolun hansı vəziyyətdə olması məlum deyildi. 1532-ci ildə Mikelancelonun bir tələbəsi tərəfindən əlavə olunan qol yuxarıya gərilirdi. Amma 1906-ci ildə, abidənin dörd əsr əvvəl tapıldiği yerin yaxınlığında orijinal qol tapıldı ki, dirsəkdən bükülü idi. Kompozisiyanın bir sıra kopyaları hazırlanıb. Həqiqi qol tapılana qədər hazırlanan kopyalarda (məsələn, Parisdə Versalda və ya Odessada) Laokoonun əli, həmin vaxt Vatikanda olduğu kimi, yuxarıya gərilib. 2005-ci ildə ABŞ tədqiqatçısı Linn Katterson sensassiyalı bəyanatla çıxış edərək bildirdi ki, “Laokoon və oğulları” kompozisiyası əslində antik deyil, Mikelancelo tərəfindən hazırlanıb və torpağa basdırılıb, sonra da Plininin təsvir etdiyi antik abidə kimi qələmə verilib. Amma bu iddianı tədqiqatçıların çoxu qəbul etmir.