Xəbərlər

Gəncədə uşaqlar üçün əyləncəli tamaşa nümayiş olunub

Gəncə Dövlət Kukla Teatrında şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Qrinçin Yeni il xəyalları” adlı əyləncəli tamaşa nümayiş olunub.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi proqram əsasında hazırlanmış tamaşada Qrinç adlı personajın Yeni il xəyallarından, onun Şaxta baba olmaq arzusundan bəhs edilir. Qrinç xəyalını reallaşdırmaq üçün müxtəlif yollara əl atır, hətta oğurluq etməkdən belə çəkinmir. Baş verən maraqlı hadisələrin yekununda Şaxta baba oğurluğun yaxşı əməl olmadığını ona izah edir və beləliklə, əksər uşaq tamaşalarında olduğu kimi, səhnə əsəri xeyrin şər üzərində qələbəsi ilə yekunlaşır.

 

“Qrinçin Yeni il xəyalları”na quruluş verən teatrın baş rejissoru Şamil Məmmədli bildirib ki, səhnə əsəri üçün süni intellektin köməyi ilə yeni musiqilər hazırlanıb. Bununla yanaşı, tamaşada müxtəlif işıq və audio-vizual effektlərdən istifadə olunub.

 

Müəllifi Zülfiyyə Əliyeva olan tamaşada rolları Səməd Xanəhmədov, Elmar Vəliyev, Saleh Cümşüdlü, Mahirə Haqverdiyeva, Nərmin Şərifova, Zülfiyyə Əliyeva və Nahidə Namazova oynayıblar.

 

Balacalar “Qrinçin Yeni il xəyalları”na yanvarın 5-dək gün ərzində 4 seans olmaqla tamaşa edə bilərlər.