Görkəmli şəxsiyyətlər

Polad generalımız- Polad Həşimov

Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 1995-ci ildə buranı motoatıcı ixtisası üzrə bitirib.

 

Polad İsrayıl oğlu Həşimovun məktəbdə oxuduğu illər Qarabağda şiddətli döyüşlərin getdiyi vaxta təsadüf edirdi. O, məktəbi başa vurub hər bir Azərbaycan övladı kimi Vətəninin bu ağır vaxtında ona xidmət etmək istəyirdi. Düşmənlərimizi torpaqlarımızdan qovmaq uğrunda canından keçməyə yox, Vətən üçün yaşamağa can atırdı.


Onun həyat yolu Heydər Əliyev adına Ali Hərbi Məktəbdən başlanmışdı. Gənc zabit 1992-ci ilin sonlarında bir sıra ərazilərimizin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlarda iştirak etmiş və ilk sərkərdəlik qabiliyyətini göstərmişdi. Hərbi əməliyyatlar zamanı əsgərlərlə birlikdə döyüşmüş və onların gücünə güc qatmışdı.


2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin azad olunmasında Ordu Korpuslarından birinin qərargah rəisi olan Polad Həşimovun da böyük xidməti olmuşdur. Hazırda oradakı postlardan biri "Polad postu" adlanır.


2019-cu ildə Polad Həşimova general- mayor ali hərbi rütbəsi verilmiş, daha sonra o, Azərbaycan Silahlı Qüvvələrinin digər korpuslarından birinin qərargah rəisi təyin edilmişdir. Xidməti dövründə Azərbaycan Respublikasının Polad Həşimov müxtəlif orden və medalları ilə təltif olunmuş Polad Həşimov Aprel döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılmışdır.


Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci il iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini müxtəlif çaplı silahlardan atəşə tutaraq hücum etməyə cəhd göstərdi. Hücumun qarşısını qəhrəmanlıqla dəf edən zaman Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov şəhid oldu. Əsgərlərinin və döyüş yoldaşlarının böyük rəğbətini və sevgisini qazanan səngər generalının şəhadəti bütün Azərbaycanı ayağa qaldırdı.


Ölümündən sonra Polad Həşimova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.