15 yanvar - Beynəlxalq Vikipediya Günüdür
Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur.
Vikipediya açıq ensiklopediyası 2001-ci il yanvarın 15-də fəaliyyət göstərməyə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib: Vikipediyada məqalələr könüllü internet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olub. Ensiklopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində “tez” deməkdir) və “encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb. Təxminən bir il sonra 2002-ci il yanvarın 13-də isə Vikipediyanın Azərbaycan dilində bölməsi yarandı.
ABŞ-ın Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uels tərəfindən təsis olunmuş Vikipediya müasir dövrdə internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir. Vikipediyaya müraciət edənlər buradan yalnız ensiklopedik məlumatlar deyil, eyni zamanda, səhifələrə daxil edilmiş media-fayllar, animasiyalı sxemlər, üçölçülü obyektlər, interaktiv panoramlar da əldə edirlər.
15.01.2025