Xəbərlər

Pediatr düzgün mikroiqlimin təmin edilməsinin vacibliyindən danışıb

Mövsümi virus infeksiyalarından qorunmaq üçün düzgün mikroiqlimin təmin edilməsi kimi müəyyən qaydalara əməl etmək lazımdır.

 

AZƏRTAC xəbər verir ki, bunu pediatr Regina Nemətova bildirib.

 

Onun sözlərinə görə, hətta ən keyfiyyətli dərman preparatları belə təmiz və nəmləndirilmiş hava qədər viruslara qarşı təsirli deyil: “Bağçalar, məktəblər və uşaqların çox olduğu digər qapalı məkanlar mütəmadi olaraq havalandırılmalıdır. Xüsusilə istilik mövsümündə tənəffüs yollarının selikli qişalarının qurumasının qarşısını almaq üçün nəmləndirici cihazlardan istifadə vacibdir. Şəxsi gigiyena qaydalarına riayət etmək sadə görünə bilər, lakin infeksiyaların qarşısının alınmasında əsas rol oynayır”.

 

R.Nemətova qeyd edib ki, uşaqların kütləvi toplaşma yerlərindən uzaq saxlanması tövsiyə edilir: “Kəskin respirator infeksiyaları dövründə insanlar arasında daha az vaxt keçirməyə çalışın və maskalardan istifadə edin. Qrip virusuna qarşı peyvənd olunmaq vacib məqamlardan biridir. Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə qrip əleyhinə vaksin gətirilib. Bu vaksinlər dünya protokollarında qəbul edilmiş və təhlükəsizliyi, effektivliyi sübuta yetirilən vaksinlərdir. Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan, 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir. Qrip peyvəndi təhlükəsizdir və uşaqlarda istifadəyə icazə verilir”.