Nağıllar, hekayələr

Cəvahir Tanrıverdi. Göy qurşağı (hekayə)

Günlərin yağış günündə Gülçin pəncərədən yağışın yağmasını seyr edirdi. Buludlar ətəklərinə yığdığı nə qədər su varsa, yerə tökürdülər. O bu suyun yağış adlandığını bilirdi. Sözlərin hər birini  yeni-yeni öyrənməyə başlayan Gülçin yağışı diqqətlə seyr edirdi. Yağış asta-asta yağırdı və bir az yağdıqdan sonra dayandı. Günəş isti əlləri ilə torpağa sığal çəkməyə başladı. Bunu görən Gülçin evdən bayıra çıxdı. Baxışlarını səmaya doğru yönəltdi. O, səmada rəngbərəng, sanki göy üzünün belinə dolanmış bir kəmər gördü:
- Bu nə gözəl kəmərdir. Deməli, göy üzü də belinə kəmər taxır, - dedi.
 
Bu zaman səmadan bir səs gəldi:
- Mənim adım Göy qurşağıdır,- deyə səsləndi həmin kəmər.
- Göy qurşağı? Nə gözəl adın var. Dayan, dayan, səndə çoxlu rənglər var. Qoy rənglərini sayım. 
 
Gülçin saymağa başladı:
- Bir, iki, üç, dörd, beş, altı, yeddi. Səndə yeddi rəng var?
Göy qurşağı cavab verdi:
- Bəli, yeddi rəng var. Yaxşı, sən mənim adımı öyrəndin. Bəs sənin adın nədir?
- Mənim adım Gülçindir.
- Gülçin, gəl səni öz rənglərimdə gəzdirim. Gəzmək istəyirsən?
 
Gülçin bu sualın cavabını vermək üçün öz-özünə düşündü: “Axı, rənglərdə necə gəzmək olar? “
Göy qurşağı Gülçinin düşüncələrə daldığını görüb dedi :
- Yəqin, sən düşünürsən ki, rənglərdə necə gəzmək olar?
Gülçin dedi:
- Həqiqətən də elə düşünürdüm. Bunu necə etmək olar? 
Göy qurşağı dedi:
- Sən əvvəlcə de görüm, bu gəzintiyə razısan? Razı olsan, bunun necə baş verdiyini öz gözlərinlə görəcəksən. 
- Razıyam, razıyam, - deyə Gülçin düşünmədən cavab verdi. Bu zaman Göy qurşağı əlini Gülçinə uzatdı və Gülçinin əlindən tutub onu öz üzərinə qaldırdı. Gülçin səmaya qalxmışdı. Ancaq bunun necə baş verdiyini anlamırdı. Gülçin Göy qurşağının üzərində idi. Göy qurşağı dedi:
- Mən səni hər bir rəngimdə ayrı-ayrılıqda gəzdirəcəyəm. Lakin sənə bir sözüm var. Sən gərək mənim deyəcəyim sözə əməl edəsən. Sən hər bir rəngdə cürbəcür meyvələr görəcəksən. Hər rəngdə olarkən o meyvələrdən yalnız birini yeyə bilərsən. İkincisini yesən, orada olan kirpilər səni öz evlərinə aparacaqlar. Sən də onlarla yaşayıb onların dediklərinə əməl etməli olacaqsan. Bunun olmağını istəmirsənsə, yalnız bir meyvə ye. Unutma bunu.
 
Gülçin dedi:
- Elə bu? Narahat olma, Göy qurşağı. Hər rəngdə yalnız bir meyvə yeyəcəyəm. 
 
Göy qurşağı əvvəlcə Gülçini qırmızı rəngin üzərinə qoydu. Gülçin qırmızı rəngin üzərində olanda özünü çəmənlikdə gördü. Elə bir çəmənlik ki, burada olan bütün  meyvələr və çiçəklər qırmızı rəngdə idi. Yaşıl çəmənlikdə başqa rəngdə nə bir çiçək vardı, nə də bir meyvə. Hətta günəbaxanın çiçəyi belə qırmızı rəngdə idi. Gülçin heyranlıqla ətrafa baxırdı. Burada cürbəcür meyvə ağacları, kollar, torpaq altında olan meyvələr də var idi. Armud ağacının üzərindəki qırmızı armudlar o qədər gözəl görünürdü ki, adamın yeməyi gəlirdi. Lakin Gülçin hər an yadına salırdı ki, onun Göy qurşağına verdiyi söz var. Burada və digər rənglərdə yalnız bir meyvə yeyə bilər. Buna görə də seçim etmək istəyirdi. Sonra Gülçin başqa ağaca baxdı. Orada qırmızı limonlar vardı. Amma Gülçinin fikri elə qırmızı armudlarda qalmışdı. O, armudu seçdi. Birini qoparıb ləzzətlə dişlədi. Bu armud əvvəllər yediyi sarı armudlar kimi dadırdı. Lakin bu dad onu xəyalən nənəsinin yanına apardı. Gülçin nənəsigilə gedəndə nənəsi bağlarında xüsusi bəslənən, dadı da digər armudlardan daha ləzzətli olan armud ağacından dərib Gülçin üçün  saxladığı bir armudu ona verirdi. Bu ağac hələ körpə olduğundan çox az bar gətirirdi. Nənəsi də bunu nəzərə alaraq armudun birini Gülçin üçün saxlayırdı. Heç kəs onun payına toxuna bilməzdi. Gülçin bunları xatırlayaraq armudu yeyib bitirdi. Birdən nə görsə yaxşıdır? Onun əynində qırmızı rəngdə bir don var. Üzərində də qırmızı rəngdə armud şəkilləri. O bu hala həm təəccübləndi, həm də çox sevindi. O qədər sevindi ki, donuna bir mahnı oxumağa başladı:
                                                     Gözəl donum, gözəl donum,
                                                     Al qırmızı gözəl donum.
                                                     Göz oxşadın sehrinlə sən,
                                                     Armudlarla bəzən, donum.
Gülçin mahnısını oxuya-oxuya digər rəngə keçdi. Bu narıncı rəng idi. Burada bütün meyvələr və çiçəklər narıncı rəngdə idi. Narıncı rəngdə olan almalar portağala bənzəyirdi. Albalı ağacı da yalnız narıncı albalılarla örtülmüşdü. Gülçin - “meyvələr narıncı rəngdə necə gözəl görünürlər.”, - deyə düşündü. Sonra əl atıb ağacdan bir cüt albalı qoparıb yedi. Yenə xəyalına bəzi hadisələr gəldi. Evdə olarkən  albalını götürüb sırğa kimi qulağının üst tərəfinə keçirməyi yadına düşdü və öz-özünə güldü. Başını aşağı salıb donuna baxdı. Don narıncı rəng olmuşdu. Üzərində də narıncı rəngdə albalı şəkilləri vardı. Yenə donuna mahnı oxumağa başladı:
                                                      Gözəl donum, gözəl donum
                                                      Narıncı rəngə boyanar.
                                                      Gözəl donum, gözəl donum,
                                                      Üzərində albalılar. 
Gülçin mahnısını oxuya-oxuya digər rəngə keçdi. Bu, sarı rəng idi. Buraya daxil olanda heyrətindən donub qaldı. Digərlərindən fərqli olaraq burada hər meyvə öz rəngində idi. Burada yalnız ağacların yarpaqları və otlar, yəni təbiət sarı rəngə boyanmışdı. O, addım atdıqca sarı otlar bir-birinə toxunaraq nəğməli səs çıxarırdılar. Gülçin bu səsi eşidib qərara gəldi ki, addımlarını elə atsın ki, gözəl bir musiqi yaransın. O, addımlarını ritmlə atdıqca maraqlı bir musiqi yarandı. Bu musiqinin sədalarına orada olan ayı, şir, tülkü, dovşan, dələ, xoruz və digər heyvanlar yığışaraq rəqs etməyə başladılar. Gülçini maraq bürümüşdü: “ Axı digər iki rəngdə təbiət öz rəngində idi, yalnız təbiətin bir hissəsi olan meyvələr və çiçəklər Göy qurşağındakı eyni rəngə boyanmışdı. Burada isə meyvələr öz rəngindədir. Təbiət isə sarı rəngə boyanıb. Digər çəmənliklərdə onun gözünə bir heyvan belə dəyməmişdi. Amma bu musiqi səsinə nə qədər heyvan yığışdı. Görəsən, bunun səbəbi nədir? “, - deyə düşünərkən birdən heyvanlardan biri dil açıb danışmağa başladı. Bu ayı idi. O dedi:
- Balaca qız, biz sənin ürəyindəki sualına cavab verə bilərik. Sən rənglərin sehirli aləminə düşmüsən. Hər bir rəng özünü sənə digər rənglərdən fərqli şəkildə göstərmək istəyir. Sarı rəng də digər rənglərdən fərqlənmək üçün ağac və otları öz rənginə boyadı, meyvə və çiçəkləri isə öz təbii rənglərində saxladı. İndi sənin bizimlə bağlı yaranmış fikrinə cavab verim. Əslində biz digər çəmənliklərdə də var idik. Amma səndən gizlənirdik. Çünki düşünürdük ki, sən bizdən qorxub geri çəkilərsən və bu Göy qurşağından çıxıb gedərsən. Bunun baş verməməyi üçün sənin gözlərinə görünmədik. İndi də sən ritmlərlə musiqi sədaları yaratmasaydın, biz hələ də üzə çıxmayacaqdıq. Sənin addımların bizi də ürəkləndirdi. 
 
Gülçin donub qalmışdı. Ayı da danışa bilir? Bu zaman şir davam etdi:
- Bəli, Gülçin. Ayı dedi axı sənə. Sən sehrli aləmdəsən. Biz sənin ürəyindən keçənləri anlaya bilirik. Biz səninlə dost olmaq istəyirik. 
Gülçin dedi:
- Əlbəttə, dost olaq. Mən bütün heyvanları sevirəm. 
 
Gülçin bunu deyib heyvanlara sevgi ilə sığal çəkdi. Sarı otlar üzərində gəzməyə başladı. Ağacda portağal görüb qopardı. Onu yeməyə başladı. Yedikcə oyun yoldaşları ilə oynadığı oyunu xatırladı. Əlindəki portağalı yeyib bitirdikdən sonra baxıb gördü ki, donu sarı rəng oldu. Üzərində də portağal şəkilləri çox gözəl görünürdü. Gülçin donuna yenidən mahnı oxumağa başladı:
                                            Gözəl donum, gözəl donum,
                                            Rəngi sarı xəzəl donum.
                                            Portağalla bəzənibdir
                                            Günəşə tay gözəl donum.
Mahnını oxuya-oxuya heyvanlara əl yelləyib digər rəngə keçdi. Burada təbiət, təbiətdəki ağaclar, meyvələr, çiçəklər, bir sözlə təbiətdəki bütün gözəlliklər yaşıl rəngin müxtəlif çalarlarına boyanmışdı. Göy qurşağındakı yaşıl rəng Gülçinin ürəyində sevgi yaratmaq üçün belə fərqlilik etmişdi. Otlar, ağaclarda yarpaqlar tünd yaşıl rəngdə idisə, meyvələr və çiçəklər açıq yaşıl rəngdə idi. Burada yeganə fərqli rəng Gülçinin əynindəki donun sarı rəngi idi. Gülçin yaşıllıqda sarı çiçəyə bənzəyirdi. Ağacda nar da yaşıl rəngdə idi. Gülçini maraq bürümüşdü: “Görəsən, narın dənələri də yaşıl rəngdədir?” Əlini uzadıb nardan birini qopardı. Nar əlində bir an içində açıldı. Gülçin baxdı ki, narın dənələri özündən də açıq rəngdədir. Onlar elə parlayırlar ki, baxanın gözü qamaşır. Gülçin narı yeməyə başladı. Bitirəndə gördü ki, donu yaşıl rəng oldu. Gülçin donuna yenə bir mahnı oxumağa başladı:
                                           Gözəl donum, gözəl donum,
                                           Çəmənlik tək gözəl donum.
                                           Yarpaqların rəngindədir
                                           Yaşıl rəngli gözəl donum.
Gülçin mahnı oxuya-oxuya digər rəngə keçdi. Bu mavi rəng idi. Burada hər tərəf tər-təmiz suya qərq olmuşdu. Gülçin suyun üzərində gördü özünü. Amma ayaqları suda batmırdı. Sanki su Gülçini üzərində saxlayırdı. Gülçin addım atdı. Suyun üzünə qalxmış ağacların üzərində mavi rəngli meyvələr var idi. Böyürtkənlər də mavi rəngdə idi. Gülçin əl uzadıb bu meyvədən qopardı və yedi. Xəyalına kənddə dostları ilə yediyi böyürtkənlər gəldi. Bir də hər dəfə böyürtkən yığarkən tikanların əlinə toxunaraq onu incitməyi də yadına düşdü. Tez xəyaldan ayrıldı. Gördü ki, donu mavi rəng alıb. Üzərində də mavi rəngli böyürtkənlər. Gülçin yenə mahnı oxumağa başladı:
                                           Gözəl donum, gözəl donum,
                                           Mavi gözlü gözəl donum.
                                           Üzərində böyürtkənlər,
                                           Gözəl rənglə bəzən, donum.
Gülçin daha sonra göy rəngə keçdi. Burada isə o özünü göy səmada, ağ buludlar üzərində gördü. Buludların üzərindəki ağaclarda olan meyvələr də göy rəngdə idi. Cürbəcür meyvələr göz oxşayırdı. Lakin Gülçinin diqqətini daha çox göy rəngli ərik çəkdi. O, ərikdən birini qoparıb yedi. Donu göy rəngə boyandı, üzərində də ərik şəkilləri vardı. Gülçin donunun gözəlliyinə heyran oldu. O qədər heyran oldu ki, sonunda bir mahnı oxumağa başladı:
                                            Gözəl donum, gözəl donum.
                                            Göy meyvələr bəzər donum.
                                            Göy üzünün gözəlliyi
                                            Üzərində gəzər, donum. 
– deyərək sonuncu rəngə keçdi. Bu rəng bənövşəyi rəng idi. Gülçinin ən çox sevdiyi rəng. Çəmənlikdə olan çiçəklərin hər biri bu rəngdə idi. O, bənövşə çiçəyini çox sevirdi. Burada isə bütün çiçəklər bənövşə rənginə boyanmışdı. Gülçin çox xoşbəxt idi. Ağaclar üzərində olan meyvələr də öz rəngləri ilə onu xoşbəxt edirdi. Bənövşəyi rəngdə olan almaları görən kimi dayandı. Ehmalca əlini uzadıb bir alma qopardı. Dişlədi, gördü ki, almanın qabığı kimi içərisi də bənövşəyi rəngdədir. Almanı yedikcə yadına bağça yoldaşları düşdü. Onlarla bərabər oturub alma şəkli çəkmişdilər. Öz-özünə dedi ki, qayıdan kimi yoldaşlarına bənövşəyi rəngdə alma haqqında danışacaq. Bənövşəyi rəngdə alma şəkli çəkəcək ki, yoldaşları bu rəngdə almanın olduğunu da bilsinlər. Almanı yeyib bitirdi. Donuna baxıb gördü ki, donu bənövşəyi rəng alıb. Üzərində də bənövşəyi rəngdə alma şəkilləri. Yenə mahnı oxumağa başladı:
                                              Gözəl donum, gözəl donum,
                                              Bənövşəyi almalarla 
                                              Bəzən donum, bəzən donum.
                                              Bənövşə tək gözəl donum.
Oxuya-oxuya yoluna davam etməyə başladı. Elə təzəcə mahnısını oxuyub bitirmişdi ki, qarşısında bənövşəyi şaftalılarla dolu olan ağac gördü. “Nə gözəl şaftalılardır”, - deyə düşündü. Əl uzatdı. Şaftalılardan birini qopardı. Gülçin Göy qurşağına verdiyi sözü unutmamışdı. Lakin nəfsi ona üstün gəlmişdi. Şaftalının rənginə heyran olan Gülçin əlindəki meyvəni yeməyə başladı. Şaftalını təzəcə yeyib bitirmişdi ki, bir neçə kirpinin onun ətrafında dövrə vurduğunu gördü. Kirpilər Gülçini dairəyə almışdılar. Gülçin kənara addım atmaq üçün cəhd etsə də, kirpilər imkan vermədilər. Gülçinin ayaqları kirpilərin tikanlarına toxundu. Bu zaman özü də bilmədən özünü kirpilərin üzərində gördü. Kirpilər sürətlə hərəkət edərək Gülçini bir ağacın yanına apardılar. Bu ağac meşənin lap kənarında idi. Ağac çox enli və hündür idi. Gövdəsində də böyük bir oyuq var idi. Bu oyuq kirpilərin evi idi. Gülçin kirpilərin təkidi ilə buraya daxil oldu. Kirpilərin tikanları Gülçinin ayaqlarını çox incitmişdi. Özünü içəri atan kimi yer axtardı ki, otursun. İçəri otaq kimi idi. Ortada gözəl bir süfrə açılmışdı. Süfrədə düzülmüş yeməklər çox gözəl və ləzzətli görünürdülər. Əsasən müxtəlif otlardan hazırlandığı elə ilk baxışdan anlaşılırdı. Bəs bunlar Gülçinin yediyi yeməklərə bənzəyirdimi? Yoxsa bunlar yalnız kirpilərin yeyə biləcəyi otlardanmı hazırlanmışdı? Bunu anlamaq çətin idi. Ətrafında stullar var idi. Divardan isə müxtəlif kirpi şəkilləri asılmışdı. Gülçin  evə baxıb çox təəccübləndi. Kirpilərdən biri dedi:
- Buyur, stullardan birində əyləş, balaca qız. 
- Yaxşı, - dedi Gülçin. Keçib bir stulda əyləşdi. Kirpilər də süfrə arxasında əyləşdilər. Gülçin yeməklərdən ona ən yaxın olanından qabına çəkib yemək istədi. Ağzına alan kimi xoşagəlməz dad hiss etdi. Bu yeməklər gözəl görünsələr də, insanların yediyi yeməklərdən fərqli dada malik idi. Gülçin dedi:
- Axı bunlar dadlı deyil.
- Nə danışırsan, balaca qız? Bizim yeməklərimiz meşədə olan ən nadir və faydalı bitkilərdən hazırlanıb. Sən yenə dadına bax, bəyənəcəksən. 
 
Gülçin yenə cəhd etmək istədi, lakin yenə də yeyə bilmədi ki, bilmədi. Axşam düşürdü. Gülçin dedi;
- Mən öz evimə getmək istəyirəm. Kirpilər dedilər:
- Yox, balaca qız. Sən heç bir yerə gedə bilməzsən. Bundan sonra bizimlə yaşayacaqsan. 
- Axı mən burada yaşaya bilmərəm. 
- Sən bənövşəyi rəngdə olarkən ikinci meyvəni yeyib bütün sehri pozdun. Sən cəzalısan. Burada isə cəza verən bizik. 
Gülçin qorxaq baxışlarla kirpilərə baxaraq kəsik-kəsik danışmağa başladı:
- Ne - cə - ə? Cə-za-a? Nə cə-za-a?
- Balaca qız, cəza deyəndə çox qorxulu bir şey deyil. Əslində heç  qorxulu deyil. Sən həmişəlik bizimlə qalacaqsan. Evdə yeməyimizi bişirərsən. Biz də nə gətirərik, yeyərsən, yaşayarsan bizimlə. Əslində burada cəza adlanan heç nə yoxdur. Biz insanlara zərər vermirik. Kiminsə bizimlə yaşamağını istəyirik. Biz insanları çox sevirik.  Amma bilmirəm, niyə digər heyvanlar bu istəyimizi insanlara qarşı olan cəza adlandırır?.. Biz də onları dili ilə cəza deyirik. 
 
Gülçin bu sözləri eşidən kimi ürəyi getdi, yıxıldı yerə. Kirpilər çox qorxdular. Tez Gülçini qaldırıb çarpayıya uzatdılar. 
- Gördün, Astagəl, necə danışdınsa, balaca qızın ürəyi getdi. 
Digər kirpilər də Astagəl adlı bu kirpini danladılar:
- Astagəl, sən neylədin? İndi get və həkim tısbağanı tez çağır gəlsin. 
Bu zaman kirpilərin ən ağıllısı olan Ağıllı dedi:
- Yox, onu çağırsaq, o bu qızı əlimizdən alıb öz diyarına göndərəcək. Hər şeyi ağılla etmək lazımdır. 
Astagəl dedi:
- Ağıllı çox ağıllı danışdı. Axı o aramızda ən ağıllı kirpidir. Əbəs yerə biz onun adını Ağıllı qoymamışıq ki.
 
Digər kirpilər Ağıllının sözləri ilə razılaşdılar. Qərara gəldilər ki, balaca qızı özləri sağaltsınlar. Nə etdilərsə, balaca qızı oyada bilmədilər. Sonunda yenə əlac Ağıllının ağıllı fikirlərinə qaldı. Ağıllı dedi:
- Gəlin birimiz həkim tısbağanın yanına gedək. Ona bildirək ki, Astagəlin ürəyi gedib. Buna bir çarə tapsın. Amma onun özünü buraya gətirmək olmaz. 
 
Hamısı Ağıllının fikri ilə razılaşdı. Kirpilərdən ən balaca boya malik olan və elə buna görə də Balacaboy adlanan kirpini həkimin yanına yolladılar. O hər şeyi Ağıllının dediyi kimi danışdı. Tısbağa ona bir ot verdi. Onu qaynadıb suyunu içirməyi tapşırdı. Balacaboy tısbağanın yanından ayrıldı və öz evlərinə doğru yollandı. Lakin tısbağanı narahatlıq bürüdü. O heç vaxt xəstəsinin yanından ayrılmazdı, ta ki xəstə sağalana qədər. 
Balacaboy otu Ağıllıya verdi. Otun qaynadıb suyunu balaca qıza içirmək lazım olduğunu bildirdi. Həmin otu qaynadıb suyunu balaca qıza içirən kimi qız ayıldı. Ancaq kirpilər onu yataqdan qalxmağa qoymadılar. 
 
Həkim tısbağa çox narahat idi. O qərara aldı ki, gedib xəstəni öz gözləri ilə görsün. Beləliklə, tısbağa yola düzəldi. Gedib kirpilərin evinə çatdı. Pəncərədən baxanda gördü ki, çarpayıda balaca bir qız uzanıb. O, qızı tanıdı. Bu, mahnı səsləndirən qız idi. Həmin an işin nə yerdə olduğunu və onun nəyə görə burda olduğunu  anladı. Ancaq tısbağa onu da yaxşı bilirdi ki, qızı kirpilərin əlindən almaq asan məsələ deyil. Tısbağa heç içəri daxil olmadan geriyə - öz evinə qayıtdı. O düşündü ki, Gülçinin xilası üçün gərək digər heyvanları başına toplasın. Onlarla məsləhət etsin. Digər heyvanların ona mütləq kömək edəcəklərinə əmin idi. Tısbağa heyvanları öz evinə topladı və gördüklərini onlara danışdı. Onlar çox düşündülər və bir qərara gəldilər. Plan qurdular. Bu planı həyata keçirmək üçün fəaliyyətə başladılar. 
 
Gülçin artıq ayılmışdı. Kirpilərə yalvarmağa başladı:
- Nə olar, məni buraxın, gedim.
Kirpilərdən biri dedi:
- Yox, bu bizim qaydalarımıza uyğun deyil axı. Biz səni heç bir yerə buraxa bilmərik. Sənin bizimlə yaşamağında heç bir narahatlığın olmayacaq. Biz çox şən kirpilərik. Hətta aramızda ən zarafatcıl kirpi də var. Adı da Güləyəndir. Sən onun söhbətlərinə qulaq assan, heç darıxmayacaqsan. İnan ki, elə özün həmişəlik bizimlə qalmaq istəyəcəksən. 
Gülçin dedi:
- Əslində mənim sizdən narazılığım yoxdur. Siz çox mehriban, qayğıkeş kirpilərsiniz. Amma mən əbədi olaraq sizinlə yaşaya bilmərəm axı. Mənim oyun yoldaşlarım, bağça yoldaşlarım, ata-anam, bacım və qardaşım – bunların hamısı darıxacaq mənim üçün. Mən də onlar üçün artıq darıxmağa başlayıram. Gəlin belə danışaq. Bəlkə, sizi özümlə aparım. Bizim evin həyəti yaşıllıqdır. Bunun kimi böyük olmasa da, həyətimizdə ağac da var. Onun yanında sizin üçün ev də düzəldərik. Razısınız? Kirpilər razı olmadılar:
- Yox, biz öz evimizdən heç yana tərpənə bilmərik. Bu ev bizə lap ulu kirpidən qalıb. Biz bu evdən çıxsaq, digər heyvanlar gəlib girər bu evə. Axı bu evdə bizim xatirələrimiz var. 
 
Gülçin bu söhbətlərə qulaq asdı və sakit dayandı. Bildi ki, nə desə də, bu, kirpilərə təsir etməyəcək. Artıq gecə düşmüşdü. Kirpilər öz yataqlarına uzandılar. Gülçin isə çarpayıda uzanıb düşüncülərə daldı. Bütün gecə yuxuya getmədi. Digər heyvanlar isə artıq planlarını həyata keçirmək üçün fəaliyyətə başlamışdılar. Dələ kirpilərin evinin pəncərəsinin altında dayanmışdı. Gülçin yatağından qalxdı və otaqda o baş-bu başa gəzməyə başladı. Birdən gözü pəncərənin digər tərəfində ona doğru baxan dələyə sataşdı. Dələ əl hərəkətləri ilə Gülçini pəncərəyə tərəf çağırdı. Gülçin pəncərəyə yaxınlaşdı. Ehmalca pəncərəni açdı. Dələ ona planlarını iki cümlə ilə bildirdi. Plan bu idi ki, Gülçin kirpilərlə mehriban davranacaq. Tülkü gəlib özü hər şeyi yoluna qoyacaq. Gülçin pəncərəni bağlayıb yerinə uzandı. Səhər açıldı. O, kirpilərlə çox mehriban davranmağa başladı. Kirpilər Gülçinin bu mehribanlığına çox sevindilər. Onlar özlərinə qida əldə etmək üçün meşəyə yollandılar. Lakin qapını bayır tərəfdən kilidlədilər. Gülçin axşama qədər səbrlə gözlədi. Hər gün evə qayıdanda Gülçini daha şən və mehriban gördülər. Hətta Gülçinin yeməyi üçün də uyğun qidalar tapmışdılar. Artıq Gülçin də yemək yeyirdi. Üçüncü gün tülkü gizlin gəlib Gülçini aparacaqdı. Lakin Gülçin buna razı olmadı ki, tülkü kirpiləri aldatsın. O istəyirdi ki, hər şey xoşluqla olsun. Gülçin kirpiləri çox istəyirdi. Ancaq əzizləri və evi üçün də çox darıxırdı. Gülçin hər şeyi, dələnin  və digər heyvanların qurduğu planı kirpilərə açıb demək istəyirdi. Lakin cəsarət etmirdi
 Kirpilər evdə olmayanda tülkü gəldi ki, Gülçini aparsın. Lakin Gülçin tülkü ilə getmədi. Tülkü buna lap məəttəl qaldı. Gülçin bildirdi ki, özü hər şeyi yoluna qoyacaq. O, kirpiləri aldatmaq istəmirdi. Axşam düşdü. Kirpilər evlərinə qayıtdılar. Gülçin hər şeyi kirpilərə danışdı. Dələnin gəlişindən, heyvanların planlarından və tülküdən. Kirpilər bunu eşidəndə dedilər:
- Yaxşı, sən bəs bunları niyə bizə danışırsan? Nə əcəb tülkü ilə getmədin?
- Mən sizin mehribanlığınızı, xeyirxahlığınızı görürəm. Siz çox gözəl dostlarsınız. Əslində, tülkü və dələ mənə kömək üçün bu addımı atdılar. Ancaq mən sizi aldada bilməzdim. Axı dost dostu aldatmaz. Ancaq sizdən çox xahiş edirəm, məni buraxın, öz evimə gedim. 
Bu zaman Göy qurşağının səsi gəldi:
- Kirpilər, onun cəzası bitmişdir. Buraxın onu. 
Kirpilərdən ən ağıllısı olan Ağıllı dedi:
- Yaxşı buraxırıq. Ancaq bu axşam vaxtı gecdir axı. Qoy bu gecə də qalsın. Səhər buraxaq. Son bir gecə də qalsın. 
 
Göy qurşağı da, Gülçin də razılaşdı. Kirpilər Gülçinin getməyinə görə çox məyus olmuşdular. 
Hətta, həmişə gülən Güləyən belə göz yaşı axıdırdı. Bütün gecə söhbət etdilər. Gah güldülər, gah ağladılar. Gülçin də məyus olurdu. Amma digər tərəfdən valideyinlərinə, əzizlərinə qovuşacağı üçün sevinirdi. Kirpilərə təsəlli verirdi.
 
Səhər açıldı. Kirpilər Gülçini evdən çıxardılar. Haradan götürmüşdülərsə, oraya da aparıb qoydular. Gülçinlə çox mehriban şəkildə ayrıldılar. Göy qurşağı dedi:
- İndi isə səni evinin qarşısına qoyum. 
Gülçin dedi:
- Bir söz soruşmaq istəyirəm.
- Buyur, soruş.
- Sən necə belə tez qərara aldın ki, məni öz evimə qaytarasan? Axı mən cəzalı idim. 
Göy qurşağı cavab verdi:
- Bəli, sən cəzalı idin. Doğrudur, bu, xoş bir cəza idi. Burada cəza yalnız ondan ibarət idi ki, sən öz əzizlərindən əbədi olaraq uzaqda yaşayacaqdın. Amma sən bir doğru hərəkətinlə bu səhvini düzəltdin. Sən dostluğunu unutmadın. Kirpiləri aldatmadın. Əgər kirpiləri aldatsaydın, yenə də oradan çıxa bilməyəcəkdin. Çünki sənin yalanın sənin cəzanı artıracaqdı. Bu dəfə başqa cür olacaqdı hər şey. Amma sənin istədiyin kimi yox. Sən isə kirpilərə doğru danışmaqla bağışlandın. Yaxşı, sənin məndən istədiyin son bir şey varmı?
Gülçin dedi:
- Var. Mən istəyirəm ki,  hər dəfə yağış yağandan sonra sən məni bir neçə saatlıq kirpilərin yanına götürəsən. Axı onlar və orada olan digər heyvanlar mənim dostlarımdır. Heç olmasa, arada onları görüm. 
 
Göy qurşağı razılaşdı və Gülçini evlərinin qarşısına qoydu. Gülçin Göy qurşağı ilə sağollaşdı. Onun dostlarına danışacağı çox şey vardı.