
Səfərqabağı istirahət edən xüsusi təyinatlı hərbi kəşfiyyatçılar gecəyarısı “Qalx!” əmri verilən kimi oyandılar. Mayor pəncərəyə yaxınlaşıb pərdələri yoxladı, işığı yandırdı...
Bir neçə gün idi ki, İkinci Qarabağ savaşı başlanmışdı. Cəbhədə qanlı döyüşlər gedirdi. Təmas xəttinə yaxın hərbi hissədə, onun yerləşdiyi qəsəbədə gecələr işıqları yandırmaq təhlükəsizlik tədbiri kimi qadağan olunmuşdu. Zirehli gödəkçələri geyinəndə mayor dedi:
- Yəqin, sən əvvəlki gödəkçələri görməmisən?
- Yox, - deyə Arif cavab verdi.
- Bunlardan iki dəfə ağır, on beş kiloqramdı. Üstünə də gəl silah-sursatı, dolu çantanı... Zorla hərəkət edirdik.
Kəşfiyyat bıçaqlarını kəmərlərinə bağladılar. Ehtiyat güllə daraqlarını, qumbaraları, rabitə aparatını, gecəgörmə cihazını, minaaxtaranı, digər şeyləri qablaşdırdılar. Ən az götürdükləri ərzaqdı. Kəşfiyyatçılar deyirdilər: “Düşmən arxasında bizə yeməkdən vacib silah-sursatdı”.
Axşam bir bağlama da gətirmişdilər. Açanda gördülər, qurşağacan olan rezin sapoqlardı.
Arif axşam gec yuxuya getmişdi. Kəşfiyyata getdiyi ilk dəfə olmasa da, yerinin içində qarşıdakı tapşırıq haqqında düşünür, tez-tez çevrilir, həyəcan keçirirdi.
Axı kəşfiyyatçı da robot deyil, insandı. Həyəcan, qorxu hissləri ona da yad deyildi. Bəlkə də, komandiri daha həyəcanlıydı. Axı hər şeyə görə ilk növbədə o, cavabdehdi. Sadəcə, özünü soyuqqanlı aparmağı bacarırdı.
Kəşfiyyatçılar gizlicə düşmənin arxasına keçməliydilər. Onların Cəbrayıl şəhəri ətrafındakı mövqeləri, hərbi qüvvələri, texnikaları haqqında ətraflı məlumat toplamalı, rabitə aparatı vasitəsi ilə qərargaha ötürməliydilər. Düşmənə qarşı keçiriləcək hücum əməliyyatının nəticəsi həmin məlumatın dəqiqliyindən asılıydı. Havayı demirlər ki, kəşfiyyatçı ordunun görən gözüdü.
- Hazırsan?
- Hazıram, cənab komandir!
- Yolçu yolda gərək! “Yalquzağ”ını da götür, getdik.
“Yalquzaq” müasir standartlara cavab verən ilk milli snayper silahıydı.
Hərbi hissədən çıxdılar. Qaranlıqdı. Buludlar göydə Ayı “əsir götürmüş”, gizlətmişdilər. Oktyabrın əvvəlləri olsa da, havada soyuqluq varıydı. Hərbi hissənin yerləşdiyi qəsəbə çoxdan yuxuya getmişdi. Hardasa orda-burda arabir itlər hürsə də, ətrafda sakitlikdi. Hələ gecəgörmə cihazına ehtiyac yoxdu. Buralara yaxşı bələddilər.
Ucaboy, enlikürək, yaşı qırxı keçmiş komandirin adı Yaşardı. Birinci Qarabağ müharibəsi zamanı atası da kəşfiyyatçı olmuşdu. Ermənilər onun başına külli miqdarda pul mükafatı ayırmışdılar.
Mühüm tapşırığı yerinə yetirərkən düşmən arxasında mühasirəyə düşmüşdü. Qeyri-bərabər döyüşdə düşmənə təslim olmamışdı. Son anda üstündəki qumbaranı partlatmağa macal tapmış, onu əsir almağa, diri ələ keçirməyə çalışan erməniləri cəhənnəmə göndərmişdi. Ölümündən sonra ona Milli Qəhrəman adı verilmişdi.
Yaşar ağlı kəsəndə atasının yolunu davam etdirmək yağı düşməndən onun qisasını almaq qərarına gəlmişdi. Hərbi məktəbi bitirərək, xüsusi təyinatlıların sırasına qatılmışdı. Ölkəmizdə və Türkiyədə xüsusi təlim kursları keçmişdi.
2016-cı ildə, aprel döyüşləri günlərində, ondan sonra da dönə-dönə düşmən arxasına kəşfiyyata yollanmış, bir neçə dəfə yüngül yaralansa da, tapşırıqları həmişə uğurla yerinə yetirmişdi.
Kəşfiyyatçılar ona dərin hörmət bəsləyirdilər. Çox təmkinliydi. Özü haqqında danışmağı sevməzdi. Ancaq fikrini qarşısındakına elə aydın çatdırardı ki, sual verməyə ehtiyac qalmazdı.
Boy-buxunda heç Arif də komandirindən geri qalmırdı. Amma hələ otuz yaşı yoxdu. Ailənin tək övladıydı. Tanışlıqlarının ilk vaxtlarından Yaşarı özünə böyük qardaş, örnək sayırdı.
insanların sağlamlığı keşiyində dayanmaq idi.
Vətən torpağının düşmən tapdağı altında olması onu hərb yolunu seçməyə məcbur etdi. Hərbi xidmətdən sonra xüsusi təyinatlıların atıcı-snayper kursunu bitirdi. Qrup yoldaşları arasında həmişə fərqlənirdi. Təlimçi-zabitlər deyərdilər: “Yaxşı əsgər təlim görmüş əsgərdi. Kəşfiyyatçı, snayper ağıllı, dözümlü olmalı, mürəkkəb vəziyyətləri doğru qiymətləndirməyi, gözə görünmədən görməyi, ölməyi deyil, öldürüb geri dönməyi bacarmalıdı”.
Bir azdan qəsəbə, hərbi hissə arxada qaldı.
- Cənab komandir, Horadizdən getdiyimiz məntəqəyə, təxminən, neçə kilometrdi?
Cavabını verəndən sonra iradını da bildirdi: - Yadında saxla, Horadiz yox, Qaradiz. Yəni böyük düz, böyük çöl. Bu qəsəbənin adı, əslində, belədir.
Asfalt yoldan kənara çıxdılar. Kol-koslu düzdə xeyli irəlilədilər. Yarım saat sonra Araz çayına çatdılar. Burda çayın yatağı geniş, həm də nisbətən dayazdı. Buludların əsarətindən sıyrılıb çıxan ay gümüşü sularda güzgülənirdi.
Yaşar dayandı:
- Bir az nəfəsimizi dərək, - deyib çantasını yerə qoydu.
- Oldu, komandir.
Ağır yüklə sürətlə irəlilədikləri üçün tərləmişdilər. Qəfildən şappıltı səsi eşidildi. Arif cəld böyrünə qoyduğu silahını qapdı.
- Balıqdı, - Yaşar arxayınca dedi. Sonra çantasından qara krem çıxardı. - Təmas xəttinə az qalıb. Bəri başdan üzümüzü rəngləyək. Kömür götürməyi unutmamısan?
- Unutmamışam, - sellofan torbaya qoyduğu kömürləri çıxartdı. Qabaqlar kəşfiyyatçıların üzlərini bədheybət görünmək, qaranlıqda düşməni vahiməyə salmaq üçün rənglədiklərini düşünürdü. Səbəbi ilə kursda maraqlanmışdı.
Demişdilər, insanın gözləri və burnu gecə ay işığında parıldayır. Lap pişik gözləri kimi. Yenə şübhə etmişdi. Yalnız şəxsi təcrübəsindən keçirəndən sonra inanmışdı. Amma sualından da qalmamışdı: “Onda bəs niyə gözlərimizi deyil, onların altını qaraldırıq?” Bunun da səbəbi varmış. Gözlərin altına çəkilən rəng onların parıltısını udur, ətrafa yayılmağa qoymurdu!
Arif o vaxtacan allergiyası olduğundan da xəbərsizdi. Kremdən sonra dərisi əməlli-başlı səpmişdi. Onun əvəzinə təbii kömürdən istifadə etməyə başlamışdı.
Beş dəqiqədən sonra sahillə çay boyu yollarına davam etdilər. Təmas xəttinə çatanda Yaşar dayandı, onu da saxladı. Pıçıltı ilə dedi:
- Sapoqları geyinməli, burdan belə çayın içi ilə getməliyik. Quru ilə getmək təhlükəlidi. Minaya düşə bilərik. Çayda mina basdırılması ehtimalı azdı.
Arif bu barədə də məlumatlıydı. Ancaq bir söz demədi.
Komandir qolundakı saatın üstünü ovcu ilə örtüb baxdı. Arif səsini qısaraq pıçıltı ilə soruşdu:
- Neçə saatdı yol gəlirik?
- Dörd saatdan artıqdı.
Özləri ilə götürdükləri yeməkdən yüngülcə yedilər. Qumqumalarındakı sudan bir neçə qurtum içdilər. Qabaqda buna imkan olmaya da bilərdi.
- Mənim hesablamama görə, - Yaşar dedi, - heç bir əngəl-filan çıxmasa, ya da azmasaq, nəzərdə tutulan yerə vaxtında çatacağıq.
- Sizin kimi komandirlə yolu azmaq mümkün deyil! - Arif vurğuladı. O saat da sözlərinin yersiz tərif kimi səsləndiyini anlayıb qəlbində özünü qınadı.
- Mən Allahın bacısı oğlu deyiləm, - Yaşar dedi. - Kəşfiyyat hər an sürprizlərlə doludu. Çox vaxt sən bir xəyal qurursan, əvəzində, başqa bir şeylə rastlaşırsan. Hər şeyə hazır olmalıyıq.
Çayın içi ilə üzüyuxarı gedirdilər. Su soyuqdu. Səs salmamaq üçün addımlarını ehtiyatla atırdılar. Çayın sahilində adam boyu qalxmış qamışlıq onları kənar gözdən qoruyurdu. Qıraqdan görünmək ehtimalı azdı.
Arif nəzərlərini komandirindən ayırmır, geri qalmamağa çalışırdı. Qamışlığın nisbətən seyrək olduğu ərazilərdə əyilərək addımlayırdılar. Ağır yükün altında, üstəlik suyun içi ilə bu cür getmək yorucuydu. Amma məcburdular.
Araz çayının o biri sahilində sıralanmış Cənubi Azərbaycan kəndlərinin işıqları ulduz kimi sayrışırdı. Arazın bu tərəfində isə işıq, yaşayış qəhətə çəkilmişdi. Hara baxırdın, xaraba kəndlərdi. Ermənilər evlərin içini, çölünü talamış, yararlı nə vardısa, hamısını daşıyıb aparmış, daşını daş üstə qoymamışdılar...
Tezliklə quruya çıxdılar. Sürətlə qərb istiqamətində irəlilədilər.
- Bir-birimizdən ən azı on addım aralı getməliyik, - Yaşar xəbərdarlıq etdi. - Burada mina təhlükəsi daha çoxdur.
Hər tərəf kolluq, daşlıq-qayalıqdı. Qaranlıqda yol-riz çətin seçilirdi. Çox da gecəgörmə cihazları ilə hərəkət edirdilər. Düşmən həddən artıq məkirli, hiyləgərdi. Ağaclardan, kollardan “sürpriz minalar” asır, ağaclar arasında qaranlıqda gözlə görünməyən nazik tel çəkirdilər. Təsadüfi toxunuş insanın həyatı bahasına başa gəlirdi.
Yaşar qabaqda ehtiyatla minaaxtaranla gedirdi. Arif onun ardınca addımlayırdı. Səhərə yaxın Cəbrayıl şəhərinin qərb tərəfində yerləşən, “Qurban təpəsi” deyilən məşhur yerə çatdılar. Buradan qəbiristanlığa keçmək çətin olmadı. Gecəgörmə cihazları ilə ətrafa göz gəzdirdilər. Qəbirlər yerlə-yeksan edilmişdi. İşğalçı ermənilər mərmər başdaşılarının hamısını çıxarıb aparmış, qalanlarını sındırmış, bir neçə yerə bölmüşdülər.
Bir qəbir, bir başdaşı da salamat qalmamışdı. Dağılmış qəbirlərin ətrafı insan sümükləri ilə doluydu. Belə bir şey indiyəcən nə oxumuş, nə də eşitmişdilər. Kəşfiyyatçılar bu ağlasığmaz mənzərənin qarşısında donub qalmışdılar.
Özlərinə gələ bilmirdilər. Dişlərini bir-birinə bərk-bərk sıxan Arif birdən özünü tamam unudaraq ucadan dedi:
- İlahi! Görəsən, yer üzündə belə bir vəhşi xalq yenə varmı?
Öz səsinə özü də diksindi, ona elə gəldi ki, səsi səsgücləndirici ilə deyilmiş kimi hər tərəfə yayıldı, dağda-daşda əks-səda verdi. Amma komandir buna görə onu qınamadı. Sakitcə:
- Bunun hayıfını onlarda qoymayacağıq. Qisas qiyamətə qalmamalıdı! - dedi.
Artıq dan yeri sökülməkdə, üfüq ağarmaqdaydı. Bir azdan günəş doğacaq, gecə ilə gündüzün çarpışması həmişə olduğu kimi, gündüzün xeyrinə başa çatacaqdı.
Müşahidə aparmaq üçün mövqe seçməliydilər. Komandirin dediyinə görə, burdan əlverişli yer tapmayacaqdılar. Qəbiristanlıq yüksəkdə, şəhər aşağıdaydı. Hər tərəf əl içi kimi görünürdü.
Ətrafdakı çala-çuxurları diqqətlə yoxlayandan sonra bir-birindən azca aralı iki dağılmış yanaşı qəbirdə yerləşdilər. Qumqumalarını çıxarıb bir neçə qurtum su içdilər. Suları qurtarmaq üzrəydi.
Ətrafı müşahidə etməyə başladılar. Bir azdan hava işıqlandı. İndi əsir şəhər aydın görünürdü. Hər yan dağıdılmışdı. Uçuq divarlar sanki dil açıb insan kimi yalvarırdı.
Aşağıda, xeyli aralıda yalnız bir beşmərtəbəli bina salamatdı. Komandirin dediyinə görə, keçmiş internat məktəbiydi. Yaşargilin kəndi rayon mərkəzinə yaxındı. Yuxarı siniflərdə oxuyanda idman müəllimi onları bu internat məktəbinə yarışlara gətirərmiş. Burda indi düşmənin xeyli qüvvəsi cəmləşmişdi. Onların texnikasını, canlı qüvvəsini dəqiqləşdirməliydilər. Bu tərəfdə texnika-filan görünmürdü. Binaya bir az da yaxınlaşmalıydılar. Ətrafda hələ gediş-gəliş, hərəkət seyrəkdi.
Arif qəfildən qulağının dibində qəribə bir vıyıltı duydu. Snayper tüfənginin səssiz atılmış gülləsi olduğunu anladı. Başını göz qırpımında geri, komandirə sarı çevirdi. Elə həmin andaca Yaşarın boğuq səsi eşidildi:
- Ayy!.. - Sağ əlilə sol çiynini tutub, gec olsa da, sığındığı çalanın dibinə yatdı. Xəbərdarlıq etməyi də unutmadı: - Ehtiyatı ol, düşmən sol tərəfdə, qayanın arxasındadır.
Düşmən əsgərlərmizdən o qədər qorxurdu ki, öz postlarının böyür-başını belə minalayır, kameralar quraşdırır, snayperlər saxlayırdılar. Kəşfiyyatçılarımızın gecə-gündüz onların içində fəaliyyətdə olduqlarını bilirdilər.
- Yaran ciddidi?
“Artıq əsəblərin mübarizəsi gedirdi” cümləsində ifadə olunmuş fikri necə başa düşürsünüz?
- Boş şeydi, sən özündən muğayat ol.
Üzü üstə uzanmışdı. Qımıldanmadan nişan verilən qayanı müşahidə edirdi. Artıq əsəblərin mübarizəsi gedirdi. Aydın məsələydi, düşmən onların hər ikisini görmüşdü. Ancaq seçimi komandir olmuşdu.
Yəqin, növbəti qurbanını görməyə tələsirdi. Elə Arifin özünün də daha onu gözləməyə səbri çatmırdı. Gərginlik içində fikirləşir, çıxış yolu tapmağa çalışırdı.
Deyəsən, tapdı! Kaskasını başından çıxardı. Əlini birtəhər uzadıb, onu yandakı uzunsov daşın başına keçirdi. Təzədən yerində rahatlanmamış kaskası qəribə bir səslə fırlanaraq böyrünə düşdü. Tez qayanı nişangaha aldı. Həyəcandan ürəyi sinəsində quş kimi çırpınırdı. Fəhmi ona düşmən snayperinin qurbanlarını vurub-vurmadığı ilə maraqlanacağını pıçıldayırdı. Aha, budur, nəhayət, maskalanmış düşmən snayperi qayanın arxasından boy göstərdi.
Alnını nişan alıb tətiyi çəkdi. Düşmən vəhşi heyvan kimi bağıraraq böyrü üstə aşdı. Bunu komandir də gördü. Aralıdan sağ əlinin baş barmağını yuxarı qaldırdı, razılıqla gülümsədi.
Bir qədər gözləyib komandirinin yanına süründü. Ona görə narahatdı. Kəşfiyyatçı, birinci növbədə, yoldaşının qayğısına qalmalıydı.
Güllə Yaşarın çiynini boynuna lap yaxın yerdən yalayıb ötmüşdü.
- Elə bil arı sancdı, - dedi.
Köməkləşib yarasını sarıdılar. Təhlükəli deyildi. Narahatlığa əsas yoxdu. Diqqətlərini ətrafa yönəltdilər. “Görəsən, qayanın arxasında düşmənin başqa döyüşçüsü yoxdur ki?” - indi hər ikisini düşündürən bu sual idi. Lakin hər tərəf dərin bir səssizliyə qərq olmuşdu...
Artıq internat məktəbinin qarşısında düşmən əsgərləri qaynaşırdı. Deyəsən, səhər yoxlamasından keçirdilər. Bu arada ora bir qara “Niva” markalı minik maşını da gəlmişdi. Yəqin, içindəki yüksək çinli zabitlərdəndi. Handan-hana maşından düşdü. Onu görəndə əsgərlər farağat komandası ilə yerlərində bir müddət hərəkətsiz qaldılar. Bir nəfər qaçaraq ona yaxınlaşdı. Əvvəl əlini gicgahına aparıb hərbi qaydada salamladı. Sonra bir-birilə əl tutdular. Birlikdə binanın girəcəyinə tərəf addımladılar. Çox çəkmədi, yolda bir “KamAZ” maşını da peyda oldu. Sürətlə binaya yan aldı. Əsgərlər onun yük yerindən bir neçə yaralı düşürdülər. Yaxında, Füzuli tərəfdə döyüşlər gedirdi. Yəqin, ordan gətirmişdilər. Ardınca kəşfiyyatçıların “təminat” yolu adlandırdığı yolda bir köhnə “UAZ”, xaçşəkilli təcili yardım maşını göründü. Yaralıları daşıyıb ona yığdılar. Maşın gəldiyi yolla da geri qayıtdı.
Növbəylə sürünə-sürünə arxasında düşmən snayperinin gizləndiyi qayaya yaxınlaşdılar. Biri gedəndə o biri yerində dayanıb ətrafı müşahidə edir, onu qoruyurdu. Qayanın arxasına keçəndə gözlərinə inanmadılar. Düşmən burda özünə əməlli-başla bir sığınacaq, şərait yaratmışdı. Qəribədir ki, heç bir rabitə aparatı yoxuydu. Ağzıaçıq içki şüşəsi ayağı yanında düşüb qalmışdı...
Silah-sursata ehtiyacları yoxdu. Çörəyi, kolbasanı, konserv qutularını götürdülər. İki şüşə suyu qumqumalarına boşaltdılar. Əsas suydu.
Bütün günü internat məktəbini müşahidə altında saxladılar. Dörd “KamAZ” yük maşınını, bir qara “Niva”nı, iki yüzdən artıq canlı qüvvəni, beş tankı, dörd topu qeydə aldılar. Toplar internat məktəbinin o biri tərəfindəki uçuq-sökük binanın divarları arasında qurulmuşdu. İlk baxışdan görmək mümkün deyildi.
Komandir hazırladığı məlumatı rabitə aparatı vasitəsilə qərargaha ötürdü. Cavab çox qısa oldu: “Müşahidəni davam etdirin!”
Yaşar Arifə tərəf dönmədən dedi:
- Məncə, bunlar hələ hamısı deyil. Düşmənin əsas texnika və canlı qüvvəsi şəhərin şərq hissəsində olmalıdı.
- Nəyə görə belə düşünürsünüz?
- Şəhərə əsas giriş şərqdəndir, - izah etdi. - Düşmən bizim həmin istiqamətdən hücuma keçəcəyimizə əmindi, oranı möhkəmləndiriblər.
Şəhərin şərq tərəfindəki vəziyyəti öyrənmək üçün ora getməliydilər. Havanın qaralmağını gözlədilər. Birdən tək-tük yağış atmağa başladı. Arif dedi:
- Çobanaldadana oxşayır.
Ancaq proqnozu özünü doğrultmadı. Yağış get-gedə daha da gücləndi. Daldalanmağa yer yoxdu. Tamam islandılar...
Gecəyarısı sürünə-sürünə, yarıuçuq evlərin xarabalıqlarında gizlənə-gizlənə özlərini şəhərin mərkəzinə çatdırdılar. Əslində, bu məsafə, çox olsa, on-on beş dəqiqəlikdi. Amma indi onu nə az, nə çox, düz bir saata başa vurmuşdular.
Keçmiş polis idarəsinin qarşısında iki-üç döyüş maşını, dörd tank, səkkiz yük maşını, iki “Niva” vardı. Onlardan biri internat məktəbinin qarşısında gördükləriydi. Adətən, canlı qüvvə yük maşınlarının sayına görə hesablanırdı. Belə götürəndə, burda düşmənin canlı qüvvəsi üç yüzə yaxınıydı.
***
Erməni döyüşçüləri aşağıda topa-topa dayanıb siqaret çəkir, danışır, səksəkə içində ətrafa boylanırdılar. Səsləri aydınca eşidilirdi. Ancaq nə danışdıqlarını başa düşmək çətiniydi.
Bir az aşağı endilər. Yaşar qaranlıqda ağac pöhrələri gördü. Diqqətlə baxanda Xan çinarın yerini tanıdı. Riqqətə gəldi.
Təbiətin bir möcüzəsi olan bu çinarın dibində suyu buz kimi olan qədim bir kəhriz də vardı. El arasında ona “Çinar kəhrizi” deyilirdi. Bir vaxt hamı bu Xan çinarın kölgəsinə yığışar, kəhrizin suyundan içər, sərinləyərdi. Xan çinarın yenidən pöhrələnməsi sanki rəmzi məna daşıyırdı. Bu torpaqların tezliklə azadlığa qovuşacağını o da duyurdu. Ermənilər Cəbrayıl rayonu ərazisindəki yaşı əsrlərlə ölçülən çinar meşələrini vəhşicəsinə qırmaqla kifayətlənməmiş, onu da kəsmişdilər.
Yaşar düşmənin üzünə quruyan “Çinar kəhrizi”nin də bir gün yenidən çağlayacağına inanırdı!
Burda qalmaq təhlükəliydi. Düşmən postları bir-birinə çox yaxındı. Gecə olmasına baxmayaraq, hər tərəf düşməndi. Qarışqa kimi qaynaşırdılar. Özlərini unudub qəfil pusquya da düşə bilərdilər. Kəşfiyyatçı üçün ən dəhşətlisi elə buydu.
Yarıuçuq evlərin divarları arxasında daldalana-daldalana üzüyuxarı qalxmağa başladılar. Arif komandirdən on-on iki metr aralı hərəkət edirdi. Qulaqları səsdə, nəzərləri ətrafda, barmağı silahın tətiyindəydi. Tez-tez dönüb arxaya baxmağı da unutmurdu.
Dolana-dolana “Dostluq bulağı” deyilən yerə yaxınlaşdılar. Elə bil heç bir zaman buralarda insan yaşamamış, o boyda gözəl şəhər olmamışdı. Hər yeri kol-kos basmışdı. Keçilməz cəngəllikləri xatırladırdı. Hündür, sıx kolların arasında daldalandılar. Burda da bir xeyli düşmən silahlısı vardı. Bərkdən danışır, nə üstəsə mübahisə edirdilər. Hərəsinin ağzında işıldaquş kimi bir siqaret közərirdi.
Heç beş dəqiqə keçmədi ki, mərkəz Yaşarın düşmən qüvvələrinin yeri barədəki dəqiq məlumatını aldı.
Kəşfiyyatçılar Füzuli rayonundan gələn asfalt yolu da nəzarətə götürdülər. Ora üç yol ayrıcıydı. Məlumatın verilməsindən düz otuz dəqiqə sonra əsgərlərimiz asfalt yolu, “Dostluq bulağı”nın yan-yörəsini, keçmiş polis idarəsinin ətrafını sürəkli top atəşinə tutdular.
Erməni yaraqlıları çığır-bağırla ətrafa səpələndilər. Başlarını soxmağa yer axtarırdılar. Top mərmilərindən ətrafa dağılan qəlpələr rəhmsizdi. Yaxaladığını o saat yerə sərirdi. Yaralılar ortalıqda zarıyır, köməyə adam çağırırdılar.
Top atəşi on dəqiqədən çox çəkdi. Toparlanan düşmən topları, tankları, hərbi maşınları da əks istiqamətdə — Mahmudlu tərəfdə yerləşmiş hərbi qüvvələrimizi vurmağa cəhd edirdi. Top mərmilərindən biri yolun kənarında dayanmış düşmən tankının qülləsini qopardı. Növbəti mərmi düşmən topunun birini uşaq oyuncağı kimi neçə metr göyə qaldırıb yerə çırpdı. Böyür-başındakı erməni yaraqlılarının meyitləri ətrafa səpələndi.
Kəşfiyyatçılar bir qədər geri, qəlpələrin tutmadığı yerə çəkildilər. Komandir təzə məlumatları, düşmənin koordinatlarını yenidən mərkəzə ötürdü.
Mərmilərin bir neçəsi səngərə sığınmış düşmənlərin üstünə düşmüşdü. Ətrafı bürüyən toz dumanı tədricən çəkildi. Artıq yaralılara baxan da yox idi.
* * *
Asfaltla üzüyuxarı qalxan ilk tankın üstündə üçrəngli bayrağımız dalğalanırdı. Sağ cinahdan - “Dəyirman dərəsi” tərəfdən irəliləyən tanklar “Dostluq bulağı”ndakı istehkamları atəşə tutdu.
Tanklardan birinin atdığı mərmi irəli şığıyan düşmən tankını yerində fırlatdı.
Bir anda o, bütünlüklə alova büründü. Üçtərəfli atəşə məruz qalan düşmən vahimə içindəydi. Tankların arxasınca irəliləyən piyadalarımız ön səngərlərdəki erməni yaraqlılarının üstünə atıldılar.
Əlbəyaxa döyüş çox da uzun çəkmədi. Erməni döyüşçülərinin əksəriyyəti müqavimət göstərməyin mənasız olduğunu tez başa düşdü; silahlarını ataraq əllərini qaldırdılar. Düşmənin salamat qalan tanklarından ikisi üzünü “təminat”, arxa ilə əlaqə yoluna çevirdi. Onlara bir “KamAZ” da qoşuldu. Yük yeri düşmən döyüşçüləri ilə doluydu. Böyür-başından sallananlar az deyildi.
- Alçaqlar aradan çıxacaqlar, - uzaqdan onları izləyən Arif öz-özünə dedi. Sonra birdən xatırlamış kimi snayper tüfəngi ilə yük maşınının sürücüsünü nişan aldı.
“KamAZ” yoldan çıxdı. Təpədən üzüaşağı bir az gedib böyrü üstə çevrildi. Yük yerindəkilərin çoxu altında qaldı.
Bu zaman Arif sevincək əlini uzadıb göydəki PUA-ları göstərdi:
- Dronlarımız onların əkilməsinə imkan verməz!
PUA-lar düşmənin hər iki tankını, döyüş maşınını məhv etdi. Bütün bunları görən ermənilər silahlarını atır, əllərini qaldırıb dəstə-dəstə təslim olurdular... Bu mənzərəni nifrətlə seyr edən Arif özündən asılı olmayaraq, dedi: “Döyüşçü üçün gövdə yox, cəsur ürək lazımdı!” Səsində qətiyyət və sərtlik duyulan komandir ucadan səsləndi: “Biz öz torpağımız uğrunda döyüşürük. Bu torpaq onların Vətəni olsaydı, xarabazara çevirməz, qoyub qaçmazdılar!”
Kəşfiyyatçılar internat məktəbinin ətrafındakı vəziyyəti öyrənməyə tələsdilər. Ordumuz orda da uğur qazanmışdı. Hamı sevinir, şadlanırdı. Avtomatlardan göyə yaylım atəşi açan kim, bir-birini qucaqlayıb təbrik edən kim...
Arif birdən zirehli gödəkçəsinin altında gizlətdiyi üçrəngli bayrağı çıxarıb başının üstündə yelləməyə başladı. Yaşar dedi:
- Durma, qalx, onu binanın üstünə sanc!
- Oldu, komandir!
Bir azdan üçrəngli bayrağımız binanın üstündə dalğalanmağa başladı. Hamı onu alqışlayırdı. Döyüşçülər cib telefonlarını çıxarıb bu səhnəni çəkirdilər. Onların arasında Arifin komandiri mayor Yaşar Məmmədli də vardı.
***
Qəsəbədə yerləşən hərbi hissənin qarşısında qələbəlikdi. Çoxu qəsəbə sakinləriydi. Kəşfiyyatçıları qarşılamaq, alqışlamaq üçün bura yığışmışdılar. İndi onları bütün ölkədə tanıyırdılar. Şəkilləri televiziya kanallarında göstərilir, sosial media saytlarında paylaşılırdı. Ölkə prezidenti xəbərlər proqramında Cəbrayıl şəhərinin düşməndən azad olunduğunu elan edərkən cəsur kəşfiyyatçının üçrəngli bayrağımızı internat məktəbinin ən hündür yerinə necə sancmasını da göstərirdilər.
07.02.2025