Mir Cəlal. Bostan oğrusu
1
Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi. Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü görmürdü. Qardaşı Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı.
- İş yiyəsi işdə gərək! - deyən Durmuş kişi çoxdan bəri suvarılmadığından qurumuş və torpağı çatlamış ləklərin arası ilə gedirdi. Quru otlara, yemiş tağlarının süfrə kimi enli yarpaqlarına dəyib, səs salmamaq üçün şalvarını dizinə qədər çırmadı, papağını qoltuğuna vurub, sinə-sinə yeridi. Sonra özünə ürək vərməyə başladı: "Heç qorxmaq istəməz! Yatıbsa, işim işdir. Oyaq olsa, deyərəm: "Söhbətə gəlmişəm. Tutdu hənək, tutmadı dəyənək!"
Kərbəlayı Tapdığın dəyəsinə yaxınlaşanda qulağına səs gəldi. Deyəsən, haradansa: "Ey-hey-hey, ey!" çağırırdılar. Qızılgül kollarının dibinə çöküb, qulaqlarını şəklədi. Bir şey xışıldayırdı. Durmuşun fıkrinə gəldi ki, "kişi pusquda dayanmış olar, məni oğru bilib, doldurar qırmanı qarnıma". Bu fikir çəkic kimi onun başına dəydi, bədənini odlandırdı. Kişi diksindi. Ayağa qalxıb, qardaşını səsləmək istədi. Bir dəqiqə də gözlədi. Xışıldayan şeyin kərtənkələ olduğuna inandı.
Heyvan, Durmuşun vedrəyə oxşayan gövdəsini görüb hürkmüş, rahatsız olmuşdu. Durmuş dəyənin yanında barmaqları üstə yeriyib, xəyal kimi səssizcə Kərbəlayı Tapdığın yatağına yanaşdı. Kişi şirincə yuxuda xoruldayırdı. Əyilib, Tapdığın üzünə diqqətlə baxdı. İnandı ki, "yeddi gün, yeddi gecə!" div yuxusuna gedib. Kərbəlayının plov yeməkdən böyüyən ağzı elə geniş açılmışdı ki, oraya dolan yuxunu yeddi gün, yeddi gecədə ancaq həzm edə bilərdi.
Durmuş özünü tənəklərin arasına verdi...
Kərbəlayı Tapdığın bağında bir lək yaylıq üzüm var idi. Bu xırda, yumrugilə, ağ, şirin, sıxsalxım üzümdür. Tez yetişdiyinə görə novar olur, çox sevilir, az tapılır, baha satılır. Neçə ildir ki, Kərbəlayı Tapdıq altı tənəkdən altı salxım üzüm dərə bilmirdi. Üzümləri gülünü tökər-tökməz alaqora vaxtında yoluşdurub aparırdılar. Kərbəlayı xəbər tutanadək bir salxım da qalmırdı. Arvad onu çox danlayırdı. Axırda özü də hirsləndi.
- Canım, - dedi, - belə şey olmaz axı, görüm bu zəhrimara dadanan kimdir? Onun qarnını yırtmasam, mən Kərbəlayı Tapdıq deyiləm...
Oğlunu, nökərini də göndərmədi. Üzümlər gül tökəndə iyun ayının axırlarında yorğan-döşəyini götürüb bağda, dəyədə yatardı. Niyə də yatmasın? Qoruya bilsə, tənəkdə bir pud üzümü var. Qol-qanad açıb, isti torpaqlarda yatan tənəklər bulud kimi dolu salxımlar verir. Dolmalıq vaxtını ötən və baş qaldırıb tac kimi şax duran yarpaqlar, sanki günəşin almaz zərrələrini, sabahın ilhamlı təranələrini sorub salxımlara və şəffaf gilələrə doldurur. Yarpaqlar yaşıl ətəkləri ilə salxımları örtüb bəsləyir. Salxımlar isə, pərvazlanmış quş kimi, yuvasına sığmayıb kənara boylanır, quşları çağırır və bəlkə də yoldan ötənlərə zavalına gəlir...
Üzüm, nə üzüm! Şəkər kimi şaqqıldayır, diş vuran kimi şirəsi keçir, ürəyə axır, gözə işıq, dizə taqət verir. Tənəklərdən sallanan salxım deyil, onluq çervonlardır.
Vaqon pəncərələrindən baxan bəzəkli xanımların gözü bu üzümə sataşdımı, deyəcəklər: "Vinoqrad davay!" Belə olanda hansı axmaq güzəştə gedər? Mən də deyəcəyəm: "Kilosuna ədin çervon davay!"
Bu ağıllı fikirlər yalnız Kərbəlayı Tapdığın başına gəlməmişdi. "ürəkdən ürəyə yol var" deyərlər. Bunları Durmuş da yaxşıca kəlləsinə vurmuşdu.
Gecənin bu vaxtında, porsuq kimi tənəklərin arasına soxulub, salxımları şirin yuxusundan oyadan və yoluşduran Durmuş da hər salxımdan "bir çervon" gözləyirdi. Fikirləşdi ki: "Atadan mənə biri çatı da düşmədi, boğazıma salım. Böyük qardaş (Kərbəlayı Tapdıq) mənə kəbin kəsdi, hamısını içəri ötürdü, məni məğmun elədi. Qapısında bir donuzu əskikdir. Bağı özünə bəsdir. Heç olmasa bu yaylıq üzümü də mənə çatmazmı?"
2
Durmuş "işini" görüb, bostanına qayıtdı. Üzümü yerbəyer elədi. Bir gilə də ağzına qoyub, şirinliyindən dodağını marçıldatdı. Bu üzüm, cavan vaxtında min bir qorxu və ürək döyüntüsü ilə gecə xəlvət görüşündə nişanlısından aldığı "haram öpüş" kimi ləzzətli idi.
Həmlələr pozmuş, qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş yatağına girdi.
Kərbəlayı Tapdığı elə bir yuxudan oyatdılar. Qaranlıq, sakitlik, yalnızlıq idi. Nağıllarda söylənən tilsimli gecələr Tapdığın yadına düşdü. Göyə baxdı. Səliqəsiz səpilmiş ulduzlar ona qızıl onluqları xatırlatdı: "Nə ola, bu qızıllar göydən qopa, qızıl yağışı yağaydı. Nə qapaqap olardı, fələk! Qıllı papağımı başıma basıb, bir yüzcə dənə yığsaydım, bir təhər olardım. Şəhərin göbəyində bir mülk alardım, ya da Namazlıların bağını ələ keçirərdim, ildə on beş-iyirmi min manatlıq təkcə "Təbriz üzümü" satardım. Onda Durmuş da paxıllığından çatlardı... Qoy onda mənimlə ha bəhsə girişsin!.."
Kərbəlayı Tapdıq bu dadlı xəyalını udmamışdı ki, nökər qulağına pıçıldadı:
- Vaxtdır! Vaxt keçir!
O, yerindən qalxdı, işarə ilə nökərə qandırdı: "Sən o yandan gəl!"
Özü ağaxların arasından dərəyə endi. Durmuşun bostanına keçdi.
Bağ da, bostanın yeri də qardaşlara atadan qalmışdı. O zaman ayrılanda nə təhər oldusa, Durmuş xali yer yiyəsi oldu. Atıldı, düşdü, çığır-bağır saldı; şəriət yanında, yüzbaşı yanında sözünü eşitmədilər.
Ovladığı bir qazı ətəyinin altında axunda peşkəş apardı. Sən demə, Kərbəlayı Tapdıq da axunda ağzında bir qızıl onluq göstəribmiş. Bağ davası başlananda axund istiot kimi tündləşdi. Kərbəlayı Tapdığın sözünü təsdiqlədi. Durmuşun üstünə qışqırdı:
- Qaz boynu kimi boynunu uzatma! Kişi ağzında qızıl kimi söz danışır!
Durmuş başını aşağı salıb dedi:
- Eybi yoxdur! Qoy böyük qardaş bağa yiyələnsin, can sağ olar, mən də o xali yerin torpağını qızıla döndərərəm. Heç eybi yoxdur!.. Durmuş doğrudan da dediyini edirdi. Qanqallı, tikanlı, sarmaşıqlı yerin torpağını atım-atım edib, un kimi elədi. Yaxşıca arx çəkdi, su çıxartdı. Yerin ərafına iki cərgə meyvə ağacı əkdi. Yeri isə hər il dirlik bostan edib, çoxlu mənfəət götürürdü. Səliqə ilə əkilmiş, taxtalanmış bostan yaz vaxtı Quba xalçasına bənzəyirdi. Yaşıl, cavan alma, armud, ərik, əncir ağacları saçaq kimi sallanıb sıxlaşırdı.
Durmuşun bostandan dəsmal-dəsmal pul götürməyi, hələ bağ salmaq fikrinə düşməməyi Kərbəlayı Tapdığı narahat edirdi. Fikrinə gəlirdi ki: "Bu gədə məni ötəcək, mənim var-dövlətim yalan olacaq..."
Kərbəlayı Tapdıq bu dərdi sinirə bilmirdi. Durmuşa badalaq qurmağa çalışırdı.
Son zamanlarda gözünü onun yemişlərinə dikmişdi. Dəfələrlə gündüzlər kiçik qardaşının bostanına keçib "əhvalpürsanlıq" bəhanəsi ilə yemişləri belləmişdi. İki-üç kisə yemiş "daş-baş" eləyib satdırmaq, bostanın xeyrindən "feyziyab" olmaq iştahasında idi".
Gündüzdən nökəri öyrətmişdi ki, kisə götürüb, bağa gəlsin.
Yemiş tağları göyləri əmib, yerləri sormuş, ərköyün oğlan kimi köks gərib, qol-qanad açmışdı.
Tağların hər qolunda bir neçə yemiş böyrünü sərin torpağa verib, kotana qoşulmalı cöngə kimi yatırdı, sanki göyşəyirdi. Qalın və şax yarpaqları, başında boşqab kimi tutan uzun zoğlar deyil, qonaqcıl gəlin biləkləri idi. Yemişlərin bəzisi qaraqabaq adamlar kimi burnunu yerə dikmişdi. Çoxusu ağaran qabarıq gövdəsi ilə yelkənə bənzəyirdi. Eləsi də vardı ki, yupyumru şamama kimi...
Kərbəlayı Tapdıq bellədiyi tağların dibinə sindi. Nökərə him elədi:
- Çırpışdır! Nə durmusan?
Çopur, ağır və böyük yemişlərə əl dəyən kimi tağdan üzülürdü. Bəzi yemişləri tağdan üzmək çətin idi. Toy və bəylik günləri Tapdığın gözü önünə gəldi. Xəncəri çəkib, yemişlərin saplağını kəsdi.
Yemiş, nə yemiş! Öz-özünə tağda cathacat cırılan yemiş!
Tapdıq dayaz ləklərdə sürünə-sürünə yemişləri seçib dərir, nökər isə kisəyə yığıb, dərəyə endirirdi. Çox çəkmədi tağlar boşaldı, kisələr doldu. Dan yeri sökülməkdə idi ki, onlar kolların arasında itdilər.
3
Səhər açılmış, gün xeyli qalxmışdı. Hər gün dan üzü yuxudan duran qardaşların heç biri yatağından qalxmaq istəmirdi. Azar dəymiş kimi, yataqda o yan-bu yana çevrilirdilər. Hətta Kərbəlayı Tapdığın yatağını gün döyürdü. Dözmək mümkün deyildi. Yerini divarın dibinə çəkdi, başını yerə qoydu, gözünü yumdu, qulağını bostana tərəf şəklədi. Ona elə gəlirdi ki, bu saat Durmuşun hay-küyü qopacaq. "Qoy gəlib məni yatan görsün".
Durmuş da qalxmır, gözləyirdi ki, Tapdıq "üzümlərim vay!" - deyəndə, gümanı bu tərəfə gəlməsin. Gəlsin məni yatağımda görsün. Mən də yuxudan indicə oyanmış kimi, gözümü ovuşdura-ovuşdura qalxım, heyrətdə qalım..."
- Nə olub, dadaş, nə xəbərdir? - deyə o, yoldan ötənlərə baxmaq üçün yerindən boylandı. Yemiş tağları gözünə bir təhər gəldi. Diqqət edəndə şübhəsi artdı. Yerindən sıçradı. Şalvarı dizinə çəkib yüyürdü.
Yanılmırdı, bellədiyi Carco yemişlərindən biri də qalmamışdı. Ləklər ələk-vələk edilmişdi. Tağlar güllələnmiş igid kimi üzü üstə sərilmişdi. Gözünə inanmadı. Bir də yoxladı, əli ilə tağları çevirdi, ayağı ilə torpağı eşələdi. Onun arasına baxdı.
- Yox, - dedi, - bostanı pozublar!
Yoldan ötənlərdən şübhələndi. Yol üstünə qaçdı. Orada gülə-gülə araba sürən və at üstündə qucağına quzu alıb aparan kəndlilərdən başqa kimsəni görmədi. Qayıtdı. Tapdığa xəbər vermək üçün ləkin qırağında səsləndi:
- Dadaş, ay Kərbəlayı dadaş, hey!..
Onun səsini eşidən kimi Tapdığın dodaqlarında təbəssüm oynadı: "Hə, - dedi, - dostumun canına isti keçir ha!.. - O yenə eşitməməzliyə vurub qalxmadı. - Qoy lap özü gəlsin, çağırsın".
Durmuş mərzi keçib gəldi. Qardaşını yatan gördükdə qışqırdı:
- Ay dadaş, nə yatmısan, evimi yıxıblar, dur görək bu nə işdir!
Tapdığı bostana apardı. Ayaqlanan ləkləri, pozulan tağları bir-bir göstərib, yana-yana dedi:
- Gör, bir gör! Gör namərd oğlu malımı nə günə salıb! Buna bax sən allah! Bu tağların hər birində beş-altı yemiş var idi. Biri bir oğula dəyərdi... Saxlamışdım el dağdan qayıdana. Vay köpək oğlu, toxumluqları da yolubdur. Sənin atan gorbagor olsun! Tapdıq baxırdı, özünü heyrətli göstərməyə çalışaraq dedi - Heyif! Heyif zəhmətinə!.. Ay canım, səndə də günah var axı!
Bostanda yatmısan, niyə ayıq olmursan? Bilmirsən ki, oğrular gözdən tük çəkirlər? Mən o üzümü güc-bəla ilə saxlamışam. Gecələr yuxunu özümə haram eləmişəm.
Boğazını biçən kədərinə baxmayaraq Durmuş Tapdığın "üzümü gücbəla ilə saxlamışam" sözünə içində istehza ilə güldü, öz-özünə dedi: "Ay saxladın ha!.."
Tapdıq qardaşına təsəlli vərməyə çalışdı:
- Eybi yoxdur, canın sağ olsun!..
- Heç sağ olmasın belə can ki, əməyinin məhsulunu itə-qurda verəcək...
- Eybi yoxdur. Oğru elə həmişə oğrudur. Sən yenə əkəcəksən, yemiş yiyəsi olacaqsan. Amma oğru...
Durmuş onun cümləsini bitirməyə macal vermədi:
- Oğrunun namusu əllərdə qalsın!.. Axı buna zəhmət çəkmişəm, əlim qabar olub bel vurmaqdan. Xalqlar kimi muzdura, əmələyə əkdirməmişəm. Hər yemişə bir gecə yuxusuz qalmışam axı!..
Burada Kərbəlayı Tapdıq diksindi.
Bayaqdan bəri atası, anası söyülürdü. Buna dözürdü, çünki qardaşıdır, söyürsə də, yarısı özünə gedir. Durmuş ağzını açıb, arvad söyüşü söyəndə kişinin namus damarı dimdik durdu, üzü qızardı, dodağı pörtdü, gözü bulandı, bəbəklərində, deyəsən, ildırım çaxdı. Durmuş isə bir də təkrar etdi:
- Oğrunun namusu əllərə düşsün! Demirmi ki, bunun yiyəsi var?!
Kərbəlayı Tapdıq qırx yeddi yaşa çatmışdı, heç vaxt belə üzüyuxarı namus söyüşü eşitməmişdi. Qan başına vurdu, ürəyinə alov doldu. Əlini xəncərin dəstəsinə atıb, qınından siyirmək istəyəndə, bir də qaşlarını çatıb fıkirləşdi: "Yaxşı, vursam, deyəcək: "Oho! Oğru sənsən ki!.." Yox, açıb ağartmaq lazım deyil..." Boğulmuş bir səslə dedi:
- Nə lazım yemişdən ötrü namusa söyürsən? Yaxşı deyil! Eşidən olar...
Durmuş gözünü pozulmuş ləklərdən ayırmadan bir az da hirslənib, özündən çıxdı:
- Necə yaxşı deyil! Mənim malımı yeyəni söyərəm də, o yana da keçərəm. Bu nə sözdür?
Bu sözlər kürədə qızardılmış kömür kimi bir-bir Tapdığın ürəyinə dəyir, onu yandırıb yaxırdı. Ayrı vaxt olsaydı, Kərbəlayı Tapdıq ölüb-öldürməklə cavab verərdi. Amma indi vəziyyət elə idi ki, sükutdan başqa çarə yox idi. O, üz döndərib getdi. Bağına keçdi. Ayağının altında bir salxım əzilmiş üzüm görəndə diksindi: - Niiih!
Elə bildi ki, kim isə üzümü dərib, bağ yiyəsini görəndə tullayıb qaçıb. Bağın ətrafına baxa-baxa tənəklərə yaxınlaşdı. Yaxınlaşdı, nə gördü! Tənəklər sağılmış qoyun kimi durub baxır. Yaylıq üzümü elə təmizləyiblər ki, deyərsən günün günorta çağı buradan bir dəstə oğru keçib. Bir zingirə də üzüm qalmayıb. Salxımlardan qırılan gilələr ləkin içindəki çuxurlara tökülüb. Tənəklərin yoluq yarpaqları sallanır, budaqlar, soyulmuş adam kimi mat-məyus, boynu çiynində baxır, salxımların saplaq yeri göz yaşı tökür.
Tapdıq, arxası getmiş və evi yıxılmış ata kimi halsızca diz çökdü. Tərpənməyə taqəti qalmadı. Ağır-ağır nəfəs aldı, güclə qışqıra bildi:
- Gəlin hay, gəlin hay! Gəlin!..
4
Zərər görənlər kənd sovətinə gəldilər. Hər ikisi zərərini dedi, əhvalatı danışdı. Katib akt yazdı və soruşdu:
- Kimə gümanınız gedir?
Durmuş Ağcanın oğlunu dedi. Kərbəlayı Tapdıq isə Danqır Abası yazdırdı.
Katib yenə soruşdu:
- Nə bilirsiniz, bəlkə ikisini də bir adam dərib? Tapdıq etimadla cavab verdi:
- Yox, mənim bağımı ayrı adam dərib.
- Nədən bilirsən?
- Bilirəm!
- Bilirsən, bəs niyə oğrunu açıq göstərmirsən?
- Yox ey, yadımdan çıxdı, bilmirəm! Bilmirəm, yemiş oğurlayanın atasına lənət!
Məsələni aydın etmək çətin oldu. Danqır Abas həbsdə imiş, Ağcanın oğlu isə bir ay imiş ki, kənddə yox imiş. İş sovetə tapşırıldı, təhqiqata verildi.
5
Üç gün sonra, axşamüstü milis Qələndər Quliyev sədrin yanına gəldi.
- Dur bir tez vağzala çıxaq! - dedi.
- Yorulmuşam, yenicə xırmandan gəlmişəm, qılçam gizildəyir, qoy dincəlim, - deyə kənd sovetinin sədri cavab verdi.
- Yox, iş var, gedək!
- Mən ölüm, qoy bir nəfəsimi dərim!
- Yox ey, iş var. Tez ol! Qəribə bir iş görəcəksən.
Sədr çəkməsini ayağına çəkib qalxdı. Onlar bağçanın içi ilə ötüb, çəpərdən aşıb vağzala keçdilər.
Zəng səsləndi, səsi ilə də hamını hərəkətə gətirdi. Kimi adamları basabasa əlini kassanın pəncərəsinə yetirməyə can atır, kimi çamadan əlində növbətçiyə güc gəlib, dal qapıdan platformaya çıxmaq istəyirdi.
Dəqiqələr keçdikcə hay-küy artırdı. Adamlar bir-birinə qarışmışdı. Ümumi gurultu içində vağzal, istilahları eşidilirdi:
- Plaskart!
- Sürət qatarı.
- Tranzit.
- Birbaşa.
- Hara soxulursan?
Bufetin sağ kənarında balaca bağın qabağındakı vağzal bazarı minikləri, çağırılmış qonaq kimi aramsız gözləyirdi. Üzümü səbətlərə düzən, almanı yüngül-yüngül çəkib, kağız torbaya dolduran, stəkanı təmizləyən kim, bişmiş kotleti stola düzən, yemişi dilimləyən kim...
Qələndər sədrin qolundan tutub, bağın qırağına gətirdi. Barmağı ilə nişan verdi:
- Bax, mən ölüm, bir yaxşı bax!
Tapdıq iki tay Carco yemişini yerə düzməkdə nökərinə kömək edir, göstəriş verir, o yan-bu yana baxıb, nökərinə nə isə deyirdi.
Qaynar su budkasının solunda isə Durmuş qabağına yaylıq üzüm ilə dolu balaca bir səbət qoyub, kisəni qılçası arasına almışdı, qorxa-qorxa səbətin ağzını bəzəyirdi.
Sədr baxdı, baxdı, yandı, töküldü:
- Yazıq Danqır Abas, binəva Ağcanın oğlu!..
- Çaqqal baş qopardır, qurdun adı bədnamdır, - deyə Qələndər onun sözünü təsdiqlədi.
Qatar gəldi. Adamlar vaqondan töküldülər, qırılmış boyunbağı kimi yerə səpələndilər. Yeyənə, içənə, aldığını qoltuğuna vurana, vaqonda gözləyənə, sevgilisinə meyvə aparana bax! Pullular alır, mallılar satır, aralıqda qalanlar tamaşa edirdilər.
Tapdıq on iki-on üç yemiş xırıda vermişdi ki, müştəri azaldı. Üçüncü zəng vurulandan sonra qatar yola düşdü. Yemiş alan olmadı. Boylanıb budka tərəfə baxanda Durmuşun əlində yaylıq üzümü gördü, yerindəcə donub qaldı.
Onların gözü bir-birinə sataşdı: atışan adamlar kimi özlərini yığışdırdılar. Diqqətlə bir-birinin üzünə və matahına baxdılar.
Durmuş səbəti yerə qoyub, özünü ağacların arasına verdi. Kərbəlayı Tapdıq nökərə him elədi:
- Gəldilər..
Özü isə divardan hoppanmaq istəyərkən, bir əlin biləyindən yapışdığını gördü. Bu, sovət sədri idi.
Qələndər isə Durmuşu yaxalayıb gətirirdi.
Onlar bu iki qardaşı üzləşdirməyə və məsuliyyətə almağa gətirirdilər.
11.02.2025