Bu maraqlıdır!

Fiziki sağlamlıq

İnsanın normal həyatı və fəaliyyət göstərməsi üçün ən başlıca amil onun sağlamlığıdır. Sağlam insan dedikdə, adətən, təkcə onun fiziki deyil, həm də mental sağlamlığı nəzərdə tutulur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığı yalnız xəstəliklərin, yaxud fiziki qüsurların olmaması ilə deyil, tam fiziki, mental və sosial rifah vəziyyəti kimi müəyyən edir. Sağlam həyat tərzi isə insan orqanizmində gedən patoloji proseslərin qarşısının alınması, sağlamlığın qorunması və yaxşılaşdırılması məqsədilə həyata keçirilən davranışlardır.

Sağlam həyat tərzi keçirən insanlar mümkün qədər fiziki fəal olur. Orqanizmlərini möhkəmləndirir, düzgün və balanslaşdırılmış qidalanır. Fiziki və mental fəaliyyət zamanı sinir sistemini həddən artıq gərginlikdən qoruyur. Nəhayət, zərərli vərdişlərdən Imtina edir.
 
Fiziki fəaliyyət
 
İnsan sağlamlığının və normal fiziki inkişafının əsası anadan olan gündən məktəbli yaş dövrü bitənə qədər qoyulmalıdır. Bunun üçün səhər idmanı, qaçış, üzgüçülük, hərəkətli oyunlar və gəzintilər vacibdir.
İdman sayəsində narahatlıq və gərginlik aradan qalxır, nəticədə insan özünü gümrah hiss edir. Müntəzəm idmanla məşğul olan zaman insan müəyyən enerji itirir ki, bu da artıq çəkidən xilas olmağa kömək edir. İdman ağciyərlərin, ürək və damarların fəaliyyətini gücləndirir. Nəticədə insanın beyninə daşınan oksigenlə zəngin qan sayəsində yuxusuzluq və təngnəfəslik aradan qalxır.
Hərəkət çatışmazlığı insanda kifayət qədər fiziki fəaliyyəti olmayan və əzələ kütləsinin azalması ilə xarakterizə olunan bir vəziyyətdir. Oturaq həyat tərzi ürəyin, qan dövranının, sinir sisteminin işində çatışmazlıqlara və mental pozğunluqlara səbəb olur. Bu zaman beyinin oksigen və qanla təchizi zəifləyir, ümumi fəaliyyəti azalır, daimi yorğunluq vərdiş halına çevrilir, gecə yuxusuzluğu yaranır.
 
Düzgün qidalanma və qida rasionu
İnsanlar sağlam qalmaq üçün müxtəlif miqdarda və çeşiddə yemək yeməlidirlər. İnsanın gün ərzində ehtiyac duyduğu hər bir qida növünün miqdarı onun qida ehtiyacını və ya qida rasionunu müəyyən edir. Hər birimizin qida ehtiyacı yaşdan, cinsdən, bədən kütləsindən və yerinə yetirdiyimiz fəaliyyətlərdən asılıdır.
Fiziki cəhətdən fəal olan insanlar az fəal olanlardan daha çox enerji tələb edir. Beləliklə, bu insanların qida ehtiyacları daha az hərəkət edən insanlardan daha yüksəkdir. Məsələn, uşaqlar aktiv və tez böyüdükləri üçün qida ehtiyacları yüksəkdir. Həmçinin yaşlı insanlar yeniyetmələrə və işləyən ortayaşlılara nisbətən az aktiv olduqları üçün qida ehtiyacları da az olur. Kişilərin də eyni yaşda olan qadınlara nisbətən qida ehtiyacları, adətən, daha çox olur.