Mir Cəlal. Heykəl uçulanda
Mənəm-mənəm deyənlərin inanma çox da qovluna! M.Ə.Sabir
Yayın cızlamasında, bulvarın gur yerində su dükanının qabağında adam əlindən keçmək olmurdu. İki nəfər ağxalatlı zirək qız hər ovcunda dörd-beş stəkan siroplu su doldurub peydərpey camaata verirdi. Manatlıqdan, abasılıqdan hərə əlinə gələni yaş nimçəyə atır, su istəyirdi. Pul saymağa hövsələ, macal yox idi. Ucaboy, sarıyanız, həsir papaqlı, döşündən pəhləvanlıq nişanı sallanan bir oğlan adamları kənara itələyib irəli yeridi, suçuya işarə elədi:
- A qız, bəri dur!
Stəkanlara qazlı su, sirop tökən başıaşağı qız etina etmədi.
- Bəri dur demirəm sənə, həyasız!
Oğlan bunu deyib taraş stəkanı qızın başına vurdu. Qız "vay dədə" deyib əli ilə başını tutdu, kürsüyə yıxıldı, fışqıran qan onun əlini, üzünü qırmızıya boyadı. Adamlar həyəcanla bir-birinə dəydilər:
- Bu nə işdir?
- Yazığın günahı nədir?
- Bu xuliqanlıqdır!
- Kimdir o? Niyə yaxalamırsınız cinayətkarı?
Oğlan heç nəyə fıkir vermədən vəhşi heyvan etinasızlığı ilə şüşədən stəkana su töküb qurthaqurt içdi, stəkanı atıb getdi.
Bütün gözlər onun tam yaraşıqlı uca boyuna, vəhşi hərəkətlərinə dikilmişdi, danışmaq, nəsə demək istəyənləri sakitləşdirdilər.
- Sus!
- Bənd olma!
- İş idi düşdü...
- Necə yəni iş, xuliqanı yerinə aparmaq, alnına damğa vurmaq lazımdır.
- Ay hay! Sən də qəribə danışırsan?!
- Nə danışıram, əyri danışıram?
- Axı, qardaş, bilirsən o kimdir? (Cavab gözləmədən, gizli bir sirri açan kimi bərkdən əlavə etdim.) Dünyamaliyevin bacısı oğlu!
Bu sözü eşidəndən sonra danışanlar dinmədi. Qız da səsini kəsdi, ufuldamadı, yanındakılar da ona təsəlli verdi: "Keçib gedər, yayda qan aldırmaq cana xeyirdir, qızım! Qorxma, yaxşı olarsan!"
Dünyamaliyevin, daha doğrusu, Dünyamaliyev yoldaşın özünü tanımasam da...
Pis danışdım; Dünyamaliyev yoldaşı yaxşı tanıyıram və bizim rayonda onu tanımayan yoxdur və ola bilməz. Ancaq ki, o məni tanımır, mənim kimi balaca bir adamı elə mənsəb sahibi hardan tanısın və niyə tanısın, xırımxırda adamları tanımağa onda vaxt hanı? Onun nəyinə lazımdır ki, məni tanısın.
Amma bacısı oğlunu mən tanıyıram, tanıyıram deyəndə bir əlaqəm, getgəlim yoxdur. Onun atası bir zaman bizim rayonda qəzet çıxardırdı. Famili də Aşumov idi (əvvəl Haşımov imiş, sonra belə olmuşdu), Dünyamaliyevin gurhagur vaxtında yeznəsi Aşumov da bizim rayon qəzetxanasının böyüyü idi. Düzdü, vəzifəsi qəzetxana müdirliyi idi, amma deyəsən kişi elə bütün rayonun ağası idi.
Qəssabxanadan görərdin bütün bir qoyunu maşına basıb Aşumovun evinə aparırdılar. Xəstəxanadan "Aşumov yoldaşın evinə filan dərmanı göndərin". Teatrda eşidərdik ki, "hələ oyunu başlamayın, Aşumov yoldaş baxacaq, qoy gəlsin". Yollarda görərdik dirək uzadıblar, maşınları buraxmırlar ki, Aşumovun səsdən xoşu gəlmir. Aşumovun uşaqları da bunu bilirdilər. Aşumov budu gəldi, Aşumov odu getdi. Rayonda elə dik gəzərdilər ki, elə bil alçaq dağları bunlar yaradıblar. Aşumov belə Aşumov idi!
Görərdin küçələrdə maşınların ağzı açıldı nə açıldı. "Volqa"sından, "Pobeda"sından tııtmuş rayonda nə maşın var bəzənib yola çıxardı. Birində sazanda, o birində güzgü, bu birində tirmə şal, bu nədir? Aşumovun toyu! Özünün toyu yox ha, oğlunun, ya bacısı oğlunun toyu! Bu dəm-dəsgah hamıya məlum idi.
Adam yox idi ki, Aşumov onun yuxusuna girməsin, canına lərzə salmasın... Bizim rayonun camaatı buna bir növ alışmışdı, dözürdü, amma mərkəzdəki yoldaşlar buna dözmədilər. Gün o gün oldu ki, Aşumovu işdən çıxardılar. Mərkəzdən bir böyük komissiya gəlmişdi. Aşumovun işlərini yoxlayanda nə tapılmışdısa, nə yazılmışdısa kişi neçə həftə o yan-bu yandan kağız gətirdi, şahid axtardı, heç nə eşitmədilər. Dərhal əmrini verib işdən çıxardılar. İşdən çıxanda nə olar? Vəzifə həmişəlik adamın boynuna biçilməyib ki! Amma Aşumovun məsələsi ayrı cür oldu. Camaata birtəhər gəldi: "Bəli, Aşumovu da dəbərtmək olarmış". Danışırdılar ki, Aşumov təyyarə ilə uçacaq, şikayətə gedəcək, böyük yerdən kağız-filan gətirəcək. Amma getmədi, məsələ ayrı cür oldu. İşdən çıxandan, bilmirəm bir həftə, ya on gün sonra kişi vurğu vurmuş kimi yıxılıb öldü. Bir gecə yatdı, səhər durmadı. Biri dedi iflic olub, biri dedi ürəyindən, biri dedi böyrəyindən! Hər nəsə, yas quruldu, ağlaşma oldu. Kişini götürdülər, dəfn-kəfin elədilər.
Hamı dağılıb işinə, gücünə getdi. Nə idarələrdə, nə küçələrdə, nə də tarlalarda Aşumovdan bir əsər-əlamət qalmadı.
Fələk öz işində idi. Yenə öz qaydası ilə səhər açılır, axşam vaxtında düşür, günəş, bulud, külək, yağış, hava, hamısı qaydasında! Aşumovun uşaqlarının işi qəribə oldu. Bu firon uşaqlar indi kağız kimi qatlanmalı oldular. Necə də qatlanmasınlar? Hara baxdılar, bir havadar görmədilər. Bunların gözünə dağ görünməz, Aşumov görünərdi. Ataları həmişə qarşılarında uca bir heykəl kimi durardı. Uşaqlar elə bilirdilər ki, bu şəhərdə sözü keçən, adı tutulan bir adam varsa, o da atalarıdır.
Şəhərin idarəsini, təşkilatını, adamların həyatını quran, qaydaya salan da ancaq atalarıdır. Amma elə ki, Aşumov öldü, gördülər yox, ey dili-qafıl! Nə qoyub, nə axtarırsan? Ölən bir qarğa, ya sərçə imiş! Dünyanın, camaatın heç vecinə deyil!
Radiolar danışır, konsert verir, teatr tamaşaları göstərilir, tramvaylar zınqhazınq sağa-sola gedir. Camaat toy-bayram eləyir, evlər tikilir, küçələrə asfalt salınır, cərgə ilə ağaclar əkilir, göyərir, işıq dirəkləri ucalır, rəngbərəng maşınlar sürətlə belədən-belə keçir, milislər küçə hərəkətinə nizam verir.
Deyəsən heç bu şəhərdə nə Aşumov, nə də Aşumov nəsli var imiş! Böyük oğlu Nadir küçədə papiros damağında dayanırdı - görsün bunun kefini necə soruşacaqlar, gördü heç bunu görən, saya salan yoxdur. Axırda yanından keçən bir oğlanı tutdu:
- Adə, student, mən Aşumovun oğluyam ey!
Tələbə başa düşmədi:
- Nə istəyirsən, xalaoğlu?
- Deyirəm mən Aşumovun oğluyam.
- Aşumov kimdir?
- Aşumov?!
Nadir az qaldı tələbənin ağzından bir yumruq vura ki, "belə filan, Aşumovu məgər tanımırsan?"
Tələbə onun barmağında sıxdığı papirosuna, qızaran üzünə baxdı, kefli olduğunu güman edib milis çağırdı.
-Yoldaş milis, yoldan keçənə sataşır, bu keflini aparın.
Milis işçisi Nadirin qolundan tutanda Nadirin bütün bədəni gizildədi, zehnindən təəssüflü bir xitab keçdi. "Ey dili qafil, gör nə aləmdir, sən yatmısan, Aşumov kimdir, zad kimdir!"
Nadir milisionerə də özünü tanıtmaq istədi:
- Aşumov mənim papamdır!
- Yeri, yeri, papa-mapa bilmirəm, vətəndaşlara sataşanın on beş sutkası var, yeri!
Nadir bir ətrafına baxıb vurnuxdu, adamların başına vurmağa taraş-taraş stəkan axtardı. Milisioner onun qolundan tutanda oğlanın yadına düşdü ki, yox, indi daha o zaman deyil! Vaxtı ilə gözündə dikələn, böyüyən, parıldayan, rəngbərəng vəzifəli adamlar... Tunc, daş, sement heykəllər gurultu ilə uçulub töküldü, vahiməli bir mənzərə göründü...
Nadir diksinib yuxudan ayılan kimi əllərini yuxan qaldırdı, başını tutdu, güman etdi ki, hamı vahiməyə düşəcəkdir. Qəribə idi, heç bu uçurumdan səs-səmir çıxmadı, deyesən bunlar hamısı qarışıq bir yuxu idi və ancaq onun gözünə görünürdü, ətrafına baxanda gördü ki, milisioner maşın çağırır:
- Bu sərsəmdir, yeriyə bilmir, maşına qoy apar, növbətçiyə təhvil ver, qoy ayıltsınlar, gəlib dərsinə baxacağam. Mən gəlməmiş damlamasınlar, gözləsinlər!
Müxtəlif materialdan yaranmış cürbəcür heykəllər isə Nadirin gözündə hey uçulub tökülməkdə, toz-duman qoparmaqda idi. Sirli bir pərdə dalında, sükut içində təkrar olunan bu mənzərəyə, deyəsən Nadirdən başqa baxan, tamaşa eləyən yox idi. Hər kəs öz işində idi. Adamların kefı saz, hava xoş, şəhər çilçıraqban idi.
18.02.2025