
Uğur heyvanları çox sevirdi və onlarla yaxşı yola gedirdi. Həyətdəki ağquyruqlu xoruz onun lap köhnə dostu idi: yumurtadan çıxandan bələd idi ona. Hər dəfə yemək zamanı boşqabında onun üçün pay saxlayıb səsləyərdi. Ağquyruq da səs- küylə qaqqıldayıb toyuqları başına yığardı, özü tək yeməzdi mükafatını. O, Uğur yatan otağın pəncərəsini tanıyırdı. Gündə üç dəfə pəncərənin altındakı taxçaya qonar, boğazını uzadıb uzun bir züy tutardı.
Yeni il bayramında Uğurun atası ona qara küçük aldı, qutuya qoyub evə gətirdi. Qapıdan içəri girən kimi küçük iki dəfə hamıldadı. Qutunun içindən çıxan səsi eşidən oğlanın üzü güldü, atasının boynuna sarıldı. Küçüyü qutudan çıxarıb qucağına alan kimi o, oğlanın üz – gözünü yalamağa başladı. Bu dəcəl it balası nazik quyruğunu sudan çıxan balıq kimi ora – bura atırdı.
Uğur soruşdu:
- Ata, bunun qulaqları niyə belə uzun, kağız kimi nazikdir?
- Koker cinsidir. Özü böyüdükcə qulaqları da uzanacaq, quyruqlarını çox tərpətdiklərinə görə “Şən” ləqəbini alıblar. Bunlar yaxşı ov itləri sayılırlar. Ağızları yumşaq olduğu üçün ovu gətirəndə əzmirlər.
- Ata, axı biz ovçu deyilik, ova da getmirik, o nə işlə məşğul olacaq?
- Doğru deyirsən. Hər kəsin bu dünyada bir işi olmalıdır. Darıxmaq bütün canlılara əzab verir. Öyrədərik, bizim toyuqlara keşik çəkər. Qonşunun köhnə damının altında gizlənib, toyuqlara qənim olan tülkünü də qovar.
Uğur uzunqulaqlı itini evə gətirdi. Axşam onu öz otağında saxladı. Ata küçüyə dam düzəltdi. Suqabı və yemqabı da aldılar. Beş ay sonra tükləri parlaq, oynaq bir it oldu. Oğlan ona salamlaşmaq, oturub gözləmək təlimləri keçdi. Adını da “ Şən” qoydu. Şən çox şeyi çox tez öyrəndi. Toyuqlar da ona öyrəşmişdi. Ancaq bir neçə ay sonra it aqressivləşməyə başlamışdı, toyuq- cücə onu görən kimi budaqlara qonurdular, Ağquyruq da onu yaxına buraxmırdı.
Günlərin bir günü xoruz qəmli- qəmli banladı. O, məhlənin ortasında ağzını açıb, quyruğunu yelləyən itə tərəf baxır, qırtlağından qəribə səslər çıxarırdı. Şənin gözləri alışıb- yanırdı. Uğurun atası gəlib toyuqları açan kimi pərən- pərən düşdülər. Həyətdə bir çığırışma qopdu ki, ağaclar yarpaqlarını tökdülər, qızılgüllər tikanlarını dikəltdilər. Koker qulaqlarını ata- ata durmadan toyuq- cücənin üstünə cumurdu. Əvvəlcə Uğur elə bildi ki, it onlarla oynamaq istəyir. Sonra qara fərəni divardakı iki daşın arasına qısnayan görüb itə acıqlandı. İt əl çəkmirdi, toyuq isə çırpınırdı. Uğurun atası itin başından yapışıb, onun ağzını quşun belindən ayırdı. Yazıq quşun tükləri havada uçuşdu. Oğlan Şəni danlayıb dama bağladı, nəhayət, bayaqdan çığır – bağır salan toyuqlar rahat nəfəs aldılar. Xoruz isə hələ də həyəcanla qaqqıldayır, arabir də diqqətlə ətrafı müşahidə edirdi. Həmin gecə dama qapadılan it səhərə qədər qurd kimi uladı.
Səhər Uğur onu açdı ki, gəzməyə aparsın. Suyunu dəyişmək üçün alma ağacının altındakı bulağın yanına gəldi, elə təzəcə qabı yuyub, içinə su doldururdu ki, bir də gördü toyuq - cücə göydə uçuşur. Əlindəkini yerə tullayıb hinin yanına qaçdı. Uğur dəhşətə gəldi. Şən hasarın dibində ağzı - burnu qan içində idi: xoruzun belindən dişləmişdi. Ata bu mənzərəni görüb oğluna baxmamağını söylədi.Oğlan gözləri dolmuş, pərt olmuş halda evə tərəf getdi. Həmin gün ata iti qəfəsə qoyub heyvan otelinə təhvil verdi. Uğur bir neçə gün evdən eşiyə çıxmadı. Ancaq ata xoruzu vaxtında veterinara çatdırmışdı. Səhər oğlan köhnə dostunu – Ağquyruğun səsini eşidəndə yatağından dik atıldı, pəncərədən ona baxıb gülərək şüşəni tıqqıldatdı. Xoruz da onu görüb pəncərənin artırmasına qondu.
Neyləmək olar?! Axı təbiətində ovçuluq olan heyvanlara başqa təlim keçmək olmur…
24.02.2025