Bu gün Su çərşənbəsidir
Baharın ilk müjdəçisi olan Su çərşənbəsi saflıq, bərəkət və yeniliyin rəmzidir
Ta qədimdən xalqımız baharın ilk xəbərçiləri sayılan çərşənbələrdə öz adət-ənənələrini, inanclarını yaşadıb, təbiətin canlanmasını qeyd edib. Yaradılışla bağlı olan Novruzun – baharın gəlişinin əsasında su, od, hava (yel) və torpaq dayandığına görə, onlar xüsusi günlərə bölünərək, mərasimlərlə qarşılanıb. Bu il Su çərşənbəsi fevralın 25-nə, Od çərşənbəsi martın 4-nə, Yel çərşənbəsi martın 11-nə, İlaxır, yaxud da Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edir.
İlk çərşənbə olan Su çərşənbəsi fərqli və rəngarəng mərasimlərlə qeyd olunur. Hər rayonda, şəhərin səs-küyündən uzaq, təbiətin qoynunda keçirilən mərasimlərdə xalq suyun təmizləyici gücü ilə bağlı qədim inancını yaşadır.
Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Su çərşənbəsi ilə bağlı qeydlərini AZƏRTAC-la bölüşüb.
Folklorşünas bildirir ki, Novruz bayramının dörd əsas çərşənbəsindən biri olan Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Qədim inanclara görə, kainatın yaradılışı zamanı ilk su mövcud olub və həyatın mənbəyi sayılıb. Buna görə də Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Bu gün insanlar suyun gücünə inanaraq müxtəlif adət-ənənələr yerinə yetirir, onun vasitəsilə həm mənəvi, həm də fiziki təmizliyə nail olmağa çalışırlar.
Su çərşənbəsi ilə bağlı xalq arasında maraqlı inanclar mövcuddur. Deyirlər ki, bu gün su canlanır, oyanır və saflaşır. İnsanlar səhər tezdən bulaq başına gedir, axar suyun üzərindən atlanaraq ilin bütün ağırlıqlarını arxada qoyduqlarına inanırlar. Evdə su ilə təmizlik işləri aparılır, həyətlər yuyulur, hətta bəzən süfrəyə qoyulan suyun bərəkət gətirdiyinə inanılır.
“Yalançı çərşənbələr” və baharın aldadıcı səsləri
Atəş Əhmədlinin sözlərinə görə, qədim zamanlarda çərşənbələrin sayı dörd deyil, yeddi olub. İnsanlar hava dəyişikliklərinə görə çərşənbələri fərqləndirir, ilin gəlişini müəyyən etməyə çalışırdılar. Lakin zaman keçdikcə dörd əsas çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri formalaşdı və bu gün də həmin adətlər davam edir.
Novruzaqədərki çərşənbələrin hər biri öz enerjisi və təsiri ilə fərqlənir. Lakin xalq inanclarına görə, hər çərşənbə doğru deyil – fevral ayında qeyd olunan bəzi çərşənbələr “oğru” və ya “yalançı çərşənbə” adlandırılıb. Bunun səbəbi havanın bir anlıq isinməsi, günəşin görünməsi və baharın gəldiyi hissini yaratması olub. Amma ardınca yenidən qar yağır, şaxta düşür və baharın hələ tam gəlmədiyi anlaşılır. Bu çərşənbələr insanları yanıldan, lakin doğru çərşənbələrə aparan keçid mərhələləridir.
Suya deyilən niyyətlər, axan suların sirri
Azərbaycanın müxtəlif bölgələrində Su çərşənbəsi xüsusi adət-ənənələrlə qeyd edilir. Quba və Qusar kimi dağlıq ərazilərdə insanlar səhər tezdən çay kənarına gedir, oradan götürdükləri suyu evlərinə apararaq həyətlərinə və ağacların dibinə səpir, bunun bərəkət və firavanlıq gətirəcəyinə inanırlar. Lənkəranda isə çay suyu saxsı qablarla evə gətirilir, bu su ilə yuyunmaq ilin bütün bəlalarından qorunmaq anlamına gəlir. Bəzi kəndlərdə isə səhər tezdən evin girişinə su tökmək və qırmızı lent bağlamaq şərtdir – bu, ailəyə xoşbəxtlik gətirir.
Gülay Nəzərova, AZƏRTAC
25.02.2025