Valideyn və uşaq arasındakı sağlam ünsiyyət uşağın düzgün şəxsiyyət kimi inkişafına kömək edir
Uşaqların öyrənmə təcrübələrinin əsası ailədə qoyulur. Valideynlər yalnız birbaşa öyrətməklə deyil, digər şəxslərdən öyrəndiklərini də öz təcrübələri ilə sintez edərək, doğru olan yanaşmalarla uşaqların ilkin dövrdə inkişaf və öyrənmə proseslərinə öz töhfələrini vermiş olurlar”.
AZƏRTAC xəbər verir ki, bu barədə psixoloq İlahə Dadaşova bildirib.
Onun sözlərinə görə, valideynlərin uşaqlarına qarşı məsuliyyətləri təmizlik, qidalanma, geyinmə kimi zəruri tələbatları ilə məhdudlaşmır: “Valideynlə övlad arasındakı qarşılıqlı əlaqə uşağın davranışlarının formalaşmasında və müsbət davranışların qazanılmasında mühüm rol oynayır. Uşağın məktəbəqədər yaşda qazandığı davranışların əhəmiyyətli bir hissəsi, yetkinlik dövründə şəxsiyyət quruluşu münasibətlərini, vərdişlərini, inanclarını və həqiqətlərini formalaşdırır. Valideyn və uşaq münasibətlərinə valideyn-övlad münaqişəsi, aralarındakı ünsiyyət prosesi və əlaqəsi, bağlılığı daxildir. Valideyn-övlad arasındakı münasibətləri daha çox psixoloji yaxınlıq, inam və ünsiyyət kimi münasibətlər müəyyənləşdirir. Münasibətlər yalnız valideynlə övlad arasındakı bioloji xarakteri deyil, psixoloji və sosial əlaqələri də əhatə edir. Uşaqların valideynlərinə qarşı hissləri və hörmətləri onun həyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu münasibətlər erkən uşaqlıq dövründə meydana gələn emosional inkişaf, özünü idarə və realizəetmə, dil və sosial inkişaf kimi davranış quruluşlarına təsir edir. Valideynlər uşağın ilkin sosial mühitidir, onları istiqamətləndirən təməl institutdur. Uşaqlar ilk sosial davranışlarını valideynləri və ailənin digər üzvləri ilə qarşılıqlı əlaqələr nəticəsində qazanmış olurlar. Valideyn və ailədəki digər fərdlərin uşaqla qarşılıqlı əlaqəsi onun ailədəki yerini və rolunu müəyyənləşdirir, uşaqlarla davranış mexanizmlərini formalaşdırır. Valideynlər uşağa inam hissini aşılayır və uşağın cəmiyyətdə qəbul edilməsi üçün lazımi mühiti hazırlayır. Həmçinin cəmiyyətdəki digər fərqli fərdlərin qəbul edilməsi və hörmət, empatiya duyğularının yaranmasında böyük pay sahibi olurlar”.
Psixoloq qeyd edib ki, ailə məktəbəqədər dövrdə uşağın həyatında təsirli sosiallaşma mənbəyi olaraq görülür: “Məktəbəqədər dövrdə uşağa öyrədilən sosial təcrübələrdən savayı, praktiki nümunələr kimi uşaq ən çox ailə üzvlərinə bənzəmək istəyir və onların hərəkət və davranışlarından bir növ faydalanırlar. Burada doğru seçilən valideyn obrazının uşağın indiki və sonrakı həyatına əhəmiyyətli təsiri olur. Sosial və emosional inkişafda valideynlər uşağın emosional ifadələrini və sosial bacarıqlarını formalaşdıran, güclü şəkildə təsir edən ən vacib modellərdir. Sosial öyrənmə nəzəriyyəsinə görə, insan davranışı təkcə möhkəmləndirmə ilə deyil, həm də davranış və ətraf mühit faktorlarının qarşılıqlı təsiri ilə izah edilə bilər. Valideynlər və uşaqlar arasındakı sağlam ünsiyyət uşağın düzgün şəxsiyyət kimi inkişaf etməsinə kömək edir. Başqaları ilə müsbət əlaqələr qurmaq üçün əsas yaradır”.
25.02.2025