Yumor

Quyruğu da yanında

İllərin birində Molla Nəsrəddinin bostanı hamıdan qabaq və çox yaxşı məhsul verir.  Molla fikirləşir ki, bir eşşək yükü xiyar götürüb Teymur Ləngə aparsın, bəlkə işdi, rəhmi gəldi, bir yaxşı hədiyyə verdi.

 

Səhər tezdən durub xiyarı dərir, eşşəyə yükləyib, şəhərə tərəf yola düşür. Bu tərəfdən də Teymur Ləng təkbaşına, atla haraya isə gedirmiş. Yolda bunlar rastlaşırlar.

 

Teymur Molladan soruşur:

- A kişi, bu nədir belə? Haraya aparırsan?

Molla deyir:

- Təzə xiyardı. Teymur Ləngə nübar aparıram.

Teymur Molla Nəsrəddini hələ tanımırmış. Görür ki, bu kişi də onun Teymur olduğunu bilmir. Deyir:

- A kişi, sən Teymurla dost deyilsən, tanış deyilsən, tay deyilsiz, tuş deyilsiz. Sənə nə düşüb ki, onun belə qeydinə qalırsan?

Molla gülüb deyir:

-Mən elə bilirdim ki, dünyada ağılsız bircə mənəm, amma indi görürəm ki, sən məndən də ağılsız imişsən?

 

Söz Teymura toxunur, ancaq özünü tanıtmamaq üçün üzə vurmayıb, soruşur:

 

- Yaxşı sən mənim ağılsız olduğumu nədən bildin?

Molla deyir:

- Ondan bildim ki, bu yaşa çatmısan, hələ də məni tanımırsan. Bilmirsən ki, mən Molla Nəsrəddinəm. Molla Nəsrəddin də ki, Teymur Ləng kimilərin qeydinə qalmaz.

 

Teymur deyir:

- Yaxşı, indi ki, sən Molla Nəsrəddinsən, özün də Teymurun qeydinə qalan deyilsən, bəs bu nübarı niyə aparırsan?

Molla deyir:

- Aparıram ki, birtəhər boş damarını tutub bir az hədiyyədən- zaddan alam, külfətimi dolandıram.

Teymur deyir:

- Yaxşı sən nədən bilirsən ki, Teymur sənə hədiyyə verəcək?

 

Molla deyir:

-Əvvələn, eşitdiyimə görə o çox da dərin ağıllı adam deyil. Balaca ki, qoltuğunun altına verdin, sonra lap noxtalayıb minəsən də başa düşməz. Sonra da ki, verməz deyəndə dədəsinin malını vermir ki?

Camaatın malıdır da...

Teymur yaman qəzəblənir. Amma hələ bir söz demir. Soruşur ki:

- Yaxşı, indi bu bir yük xiyar üçün sən Teymurdan nə hədiyyə gözləyirsən?

Molla deyir:

Nə bilim? Baxtım yar olsa, bir əllidən-yüzdən qulağını kəsmək fikrindəyəm.

Teymur deyir:

Yox aşna, iştahan çox böyükdür. İnanmıram bu qədər verə.

Molla deyir:

Canı cəhənnəm, verməsin. Bir otuzdan- qırxdan alaram ki...

Teymur deyir:

-Yox, o da çox oldu.

Molla deyir:

-Yaxşı, olsun iyirmi-iyirmi beş. Donuzdan bir tük də çəksən qənimətdir.

Teymur hirslənib deyir:

-Əgər heç nə verməsə?

Molla deyir:

- Eşşəyimin quyruğunu kəsib qoyaram ölüb-ölüsünün goruna.

Teymur heç bir söz deməyib, atını sürüb gedir. Molla da yoluna davam eləyir.

Teymur bir kəsə yol ilə tez şəhərə qayıdır. Bir azdan sonra Molla da gəlib çıxır. Teymur üzünə bir niqab salıb Mollanı yanına çağırtdırır. Xiyarlara baxır, sonra soruşur:

 

- Yaxşı, indi bu nübar üçün məndən nə istəyirsən?

Molla deyir:

Nə istəyəcəyəm, qibleyi-aləm sağ olsun! Heç nə. Elə bir əllidən- yüzdən versəniz, külfətimi dolandıraram.

Teymur deyir:

- Yox, bu çox böyük oldu.

 Molla deyir:

- Çox böyük oldu, qoy olsun otuz- qırx.

Teymur deyir:

- Yox, o da çox oldu.

Teymurun səsindən Molla tanıyır ki, bu, yolda rast gəlib söhbət elədiyi adamdı. Ancaq görür ki, iş-işdən keçib. Odur ki, heç özünü itirməyib deyir:

- Yaxşı, qoy olsun iyirmi- iyirmi beş. O da qənimətdir.

Teymur niqabını qaldırır ki:

- Əgər heç nə verməsəm...

Molla deyir:

- Mən yolda dedim ki, Molla Nəsrəddinəm, qibleyi-aləm! Dediyimdən dönmərəm. Əgər iyirmi- iyirmi beş də verməsən... qara eşşək dayanıb qapıda, quyruğu da yanında.