Nağıllar, hekayələr

Əzizə Əhmədova. Bağban sincab

I hissə
Bir payız səhəri Sincab ağacda, yuvasında oturub ətrafa baxırdı. Birdən gözü yerə düşmüş şam qozasına sataşdı.
- Nə yaxşı oldu, tez onu götürüm, yeyim, - deyərək Sincab cəld ağacdan aşağı düşdü.
Bu, içi tumla dolu gözəl bir şam qozası idi. Sincab qozanı götürdü.
Çevrilib ətrafına nəzər saldı ki , görsün ona baxan var, ya yox. Heç kəs yox idi.
 
O, qozanı rahat yemək üçün bir qədər kənara qaçdı. Öz-özünə dedi:
- Hə, indi heç kəs qozanı məndən ala bilməz. Oturum, yeyim.
Sincab qozanı dişinə aparmışdı ki, uzaqdan bir xışıltı eşitdi.
- Deyəsən, gələn var. Qoy qozanı yerə basdırım. Sonra gəlib yeyərəm.
Yoxsa əlimdən alarlar.
 
Sincab qozanı torpaqda gizlətdi. Cəld qaçıb ağaca dırmaşdı. Demə, xışıltı salan çölsiçanı imiş, otların arası ilə yuvasına nə isə aparırmış.
Sincab ağacdan ağaca atıla-atıla öz yuvasına getdi. Qoza heç fikrindən çıxmırdı. Elə yekə qoza idi ki... Lap gəl-gəl deyirdi.
 
II hissə
Axşam düşdü. Sincab dedi:
- Hə, indi gedim, qozanı tapım, yeyim.
Onun nə isə pıçıldadığını görən Qarğa soruşdu:
- Bayaqdan sənə baxıram, ay balaca. Gözümə çox narahat dəyirsən. De görüm, nə olub?
 
Sincab sirrin açılacağından qorxaraq kəkələyə-kəkələyə dedi:
- Yox, yox, heç nə olmayıb, başım ağrıyır.
Qarğa dedi:
- Onda get yat. Axşam düşüb, niyə oturmusan?
- Hə, doğru deyirsən. Ancaq əvvəlcə qoy bir az havada gəzim, sonra yataram.
Sincab bu sözləri deyib yenə ağacdan sürüşdü, hoppana-hoppana qozanı basdırdığı yerə qaçdı.
Hava qaralmışdı. Göz gözü görmürdü. Sincab nə qədər axtardısa, qozanın basdırıldığı yeri tapa bilmədi. Axırda yorulub yatmağa getdi. Öz-özünə dedi:
- Eybi yox, səhər hava işıqlaşanda axtarıb taparam.
Sincab səhər yuxudan oyandı. Hər yeri qar örtmüşdü. Sincabın qanı qaraldı:
- Bu qar da yağmağa vaxt tapdı. İndi mən qozanı necə axtarım tapım?
O, qarı eşələdi. Qozanı axtardı, tapa bilmədi. Günlər keçdi, Sincab gözünü yerdən çəkə bilmirdi. Elə həmişə axtarırdı.
 
III hissə
Yaz gəldi. Bir gün Sincabın qozanı gizlətdiyi yerdən şam ağacı qalxmağa başladı. Meşə heyvanları təəccüb etdilər.
Dovşan soruşdu:
- Qəribədir, görəsən, bu şam ağacını kim gətirib burda əkib?
Kirpi dedi:
- Mən də mat qalmışam. Necə olub, bu ağac buralara düşüb?
 
Sincab isə onların söhbətinə heç fikir vermirdi. Hey basdırdığı qozanı axtarırdı. Tapa bilmirdi. Öz-özünə deyinirdi:
- Görəsən, qoza necə oldu?! Heyif ondan, şam ağacının qozası çox dadlı olur.