İlanlar haqqında bilmədiklərimiz
İlan insanlarda müxtəlif hisslər doğurur. Bir çox ilanların dərisindəki gözəl naxışlar, onların elastik hərəkətləri insanları heyran edir. Bununla belə, bizim ən çox ehtiyat etdiyimiz heyvanlardan biri məhz ilandır. Bu da onun zəhərli olması ilə bağlıdır.
Belə bir fikir var ki, ilan öz şikarını hipnoz edir. Bu fikir, yəqin ki, ilanın uzun müddət göz qırpmadan baxması ilə bağlıdır. Bu baxış hipnozu xatırladır. Belə ki, şikarını güdən ilan tamamilə hərəkətsiz durub ona baxır.
O yalnız çölə çıxardığı dilini tərpətməklə şikarını - kiçik quşu, qurbağanı və ya siçanı özünə cəlb edir. Bu zaman ilan şikarı ürkütməmək üçün gözünü qırpmadan uzun müddət onun hərəkətlərini izləyir. İlanın aramsız olaraq titrəyən dili həmin heyvanların diqqətini özünə çəkir. Nəhayət, şikar cəsarətini toplayıb tərpənən dilə yaxınlaşır və bu zaman ilan bir sıçrayışla onu ağzına alır.
Yəqin ki, sirk tamaşalarında ilan oynadan hind fokusçularını görmüşsünüz. Adama elə gəlir ki, fokusçu tütəyini çaldıqca ilan rəqs edir. Əslində isə ilanların "oynamasına" səbəb musiqi deyil. Onların heç musiqi duyumu da yoxdur.
Məsələnin izahı çox sadədir. "Aktyor" kimi hazırlanacaq ilanı tutub uzun müddət qutuda və ya torbada saxlayırlar. Onu siçan, qurbağa ilə bəsləyirlər. Hərdənbir qutunun ağzını açırlar. İlan başını çıxarmaq istədikdə tütəklə onun başına vururlar. Bu, dəfələrlə təkrar olunur. Nəhayət, ilanda tütəyə qarşı refleks yaranır. Hər dəfə başını çıxardıqda tütəyi görür və gözünü ona zilləyib növbəti zərbəni gözləyir. Tamaşa zamanı fokusçu torbanı açıb tütəyi çalmağa başlayır. İlan yavaş-yavaş başını torbadan çıxarıb nifrət etdiyi musiqi alətini görür və gözünü ondan çəkmir. Fokusçu tütəklə dairəvi hərəkətlər edir. İlan da tütəyin hərəkətlərinə uyğun olaraq başını hərləyir. O hər an bu əşyanın onun başına dəyəcəyindən qorxur. Fokusçunun "qüdrətinə" heyran olan tamaşaçılar isə onu alqışlayırlar.
Azərbaycan dili4 dərslik
04.04.2025