Xəbərlər

7 aprel-Ümumdünya Sağlamlıq Günüdür

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan sonra dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub.

 

1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir.

 

Həmin gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır.

 

İctimaiyyətin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunub və müxtəlif şüarlar altında keçirilib. 2022-ci ildə Ümumdünya Sağlamlıq Günü yeni növ koronavirus (COVID-19) pandemiyasını yayılması ilə mübarizə mövzusuna həsr edilib və "Bizim planetimiz bizim sağlamlığımızdır" şüarı ilə keçirilib, 2023-cü ildə həmin gün “Hər kəs üçün sağlamlıq” şüarı altında qeyd edilib. 2024-cü ildə isə təşkilatın yaranmasının 76-ci ilində həmin gün “Sağlamlıq mənim haqqımdır” şüarı altında qeyd edilib. 

 

 

Təşkilatın 1950-ci ildən bəri qeyd olunan bu əlamətdar gün münasibətilə yaydığı məlumatda deyilir: “2025-ci il aprelin 7-də qeyd olunan Ümumdünya Sağlamlıq Günü ana və yeni doğulan körpələrin sağlamlığı ilə bağlı bir il davam edəcək kampaniyaya start verəcək. “Sağlam başlanğıclar, ümidli gələcək” adlı kampaniya hökumətləri və səhiyyə ictimaiyyətini analar və yeni doğulan körpələr arasında qarşısı alına bilən ölümlərə son qoyulması üzrə səyləri artırmağa, qadınların uzunmüddətli sağlamlığına və rifahına üstünlük verməyə çağırır. ÜST və tərəfdaşları, həmçinin sağlam hamiləlik, doğuşlar və anaların sonrakı sağlamlığını dəstəkləmək üçün faydalı məlumatları paylaşacaq”.

 

ÜST hər bir qadının və körpənin sağ qalmasına və inkişaf etməsinə kömək etmək üçün birgə səylərin vacibliyini vurğulayaraq qeyd edib: “Bu vəzifə kritikdir. Təəssüf ki, hazırda dərc edilmiş hesablamalara əsasən, hər il 300 minə yaxın qadın hamiləlik və ya doğuş səbəbindən həyatını itirir, 2 milyondan çox körpə həyatının ilk ayında ölür və onların 2 milyondan çoxu ölü doğulur. Bu, hər 7 saniyədə təxminən qarşısı alına bilən bir ölüm halı deməkdir”.

 

Təşkilat vurğulayır ki, mövcud tendensiyalara əsasən, 5 ölkədən 4-ü 2030-cu ilə qədər anaların sağ qalma səviyyəsini yaxşılaşdırmaq üçün hədəflərə çatmaq yolunda deyil. Hər 3 ölkədən 1-i yeni doğulmuş ölümlərin azaldılması hədəflərinə çata bilməyəcək.

 

Müraciətdə, həmçinin qadınları dinləmək və ailələrə dəstək olmaq çağırışı da yer alıb. “Qadınların və ailələrin hər yerdə, doğuşdan əvvəl, doğuş zamanı və sonrakı dövrdə onlara fiziki və emosional dəstək verən yüksəkkeyfiyyətli qayğıya ehtiyacı var. Ana və yeni doğulan körpələrin sağlamlığına təsir edən bir çox sağlamlıq problemlərini idarə etmək üçün səhiyyə sistemləri təkamül etməlidir. Bunlara təkcə birbaşa mamalıq fəsadları deyil, həm də psixi sağlamlıq vəziyyəti, yoluxucu olmayan xəstəliklər və ailə planlaması daxildir. Anaların və körpələrin sağlamlığı sağlam ailələrin və icmaların təməlidir, eyni zamanda, hamımız üçün ümidli gələcəyi təmin etməyə kömək edir”, -deyə ÜST vurğulayıb.