Odlar Yurdu

Gəncə İmamzadə ziyarətgahı

Bu müəqəddəs ziyarətgah Gəncə şəhərindən 7 km aralıda qədim Gəncənin xarabalıqları yaxınlığında, Gəncə çayının sağ sahilində yerləşir. İmamzadə və yaxud Göy İmam 739-cu ildə V şiə imamı Məhəmməd Bağırın oğlu İbrahimin dəfn olunduğu yerə deyilir. Hazırda İbrahim türbəsinin birinci mərtəbəsinin iç divarına hörülmüş kitabə qorunub saxlanır. Kitabədə adı qeyd olunan general-mayor İsrafil bəy Yadigarzadə 1878-ci ildə İmamzadə kompleksində öz hesabına təmir və bərpa işləri gördürüb. 
 
İmamzadə və onun ətrafındakı torpaqlar 1186-cı ildə Nizami Gəncəviyə “Xosrov və Şirin” adlı qiymətli sənət incisi yaratdığına görə Qızıl Arslan tərəfindən hədiyyə edilib. Atabəy hökmdarı  Gəncənin yaxınlığında Nizami ilə görüşüb, ona qiymətli hədiyyələr  və qardaşı Məhəmməd Cahan Pəhləvanın əvəzindən Gəncə yaxınlığındakı Həmdünyan kəndini bağışlayıb. Həmin kənd indiki İmamzadə və ətrafındakı torpaqlar hesab olunur. Bu ərazilər sonralar Nizami nəslindən olan Şeyxzamanlılara məxsus olub. 
 
Gəncə İmamzadə türbəsinin ətrafına daş və kərpicdən hasar çəkilmişdir. Kompleksin ən qiymətli abidəsi hündürlüyü 12 m olan, düzbucaqlı plana malik imamzadə türbəsidir. İbrahimin qəbri üstündə inşa edilən türbə silindirvari kürsülüyə oturdulmuş kərpic örtüklü unikal günbəzlə tamamlanır. Günbəzin hündürlüyü 2, 7 m, diametri 4,4 m-dir. Türbənin xarici görünüşündə ən çox nəzəri cəlb edən əlvan rəngli kaşılarla bəzənən yaraşıqlı günbəz və onun silindirik gövdəsidir. Üz hissədə əsasən mavi kaşılar işlədilib ki, bunlar da ümumi fon təşkil edir. Paxlava və başqa fiqurlu bəzəklər tünd bənövşəyi rəngdədir. Tək-tək yaşılvari kaşılara da rast gəlmək olar. İmamzadənin Göy İmam adlanması da bununla əlaqədardır.